İnsanlara hürriyət, millətlərə istiqlal!

Kasıb ölkələrin gözü Ərdoğanda - "Taxıl sazişi"nə qarşı Putinin 7 şərti

1625 25.07.2023 08:52 Siyasət A A

Moskva indi də dünyanı qlobal aclıqla şantaj etməyə çalışır

Rusiya Ukraynanın kənd təsərrüfatı məhsullarının dünya bazarına yolunu açmaq niyyətində olmadığını açıq nümayiş etdirir. Ölkənin BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında ölkəsinin "Taxıl sazişi"nə qayıtması üçün 7 şərt irəli sürüb.

Polyanski bildirib ki, öncə Rusiya taxılının və gübrəsinin dünya bazarlarına tədarükü ilə bağlı sanksiyalar ləğv edilməlidir: “İkincisi, ərzaq və gübrə təchizatı sahəsində fəaliyyət göstərən Rusiya bankları və maliyyə qurumlarının qarşısındakı bütün maneələr aradan qaldırılmalıdır. Üçüncü şərtimiz odur ki, Rusiyaya kənd təsərrüfatı texnikası və gübrə sənayesi ilə bağlı ehtiyat hissələrinin və komponentlərin daşınması yenidən bərpa edilməlidir”.

Polyanski dördüncü şərt kimi gəmilərin kirayələnməsini, bununla yanaşı, Rusiyanın ərzaq ixracatının sığortası ilə bağlı bütün problemlərin həll edilməsini və bu daşımalar üçün bütün logistika təminatının bərpa olunmasını qeyd edib.

Beşinci şərt qismində Rusiya gübrələrinin və gübrə istehsalında istifadə edilən xammalın daşınmasının genişləndirilməsi üçün bütün şərtlərin yerinə yetirilməli olduğunu deyən Polyanski bunların arasında Tolyatti-Odessa ammonyak boru kəmərinin yenidən işə salınmasının da olduğunu bildirib: “Altıncı şərtimiz bundan ibarətdir ki, kənd təsərrüfatı sektoru ilə bağlı dondurulmuş Rusiya aktivləri blokdan çıxarılmalıdır. Sonuncu şərtimiz budur ki, lap əvvəldən də qeyd edildiyi kimi, taxıl müqaviləsi yenidən humanitar məqsədlər üçün istifadə edilməlidir. Əsasən də müqavilə varlı ölkələri zənginləşdirməkdənsə, ehtiyacı olan ölkələrin maraqlarına xidmət etməlidir”.

Türkiyənin xarici işlər naziri Hakan Fidan isə deyib ki, BMT və Türkiyə "Taxıl müqaviləsi" prosesini həyata keçirməyə çalışır. “Türkiyə olaraq Rusiya Federasiyasının yenidən masaya gətirilməli olduğuna səmimi qəlbdən inanırıq”, - nazir qeyd edib.

O, başqa həll yollarının axtarılmasının təhlükəli ola biləcəyi ilə bağlı xəbərdarlıq edib: “Çox güman ki, başqa həll yolları məcburiyyət və təhlükəsizliyi təhlükə altına salacaq həllər olacaq”.

Fidan BMT baş katibi Antonio Quterreşlə görüşdə onunla razılaşdıqlarını, Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşlərində isə Rusiya tərəfinin bu sazişdən çıxmasının və müqavilənin müddətini uzatmamasının bəzi səbəblərini öyrəndiklərini və onların üzərində işlədiklərini bildirib: “Bu mövzuları BMT ilə müzakirə edirik. Biz bunun üçün çalışırıq ki, Rusiya yenidən masaya gəlsin və tələblər yerinə yetirilsin, bütün tərəflər bundan qalib çıxsın. Ümid edirəm ki, bu böhran ən qısa zamanda həll olunacaq”.

Bu arada ABŞ dövlət katibi Entoni Blinken məsələnin pozitiv həllində yenə Türkiyənin həlledici roluna ümid etdiyini söyləyib.

Qeyd edək ki, Rusiya sazişdən çıxdığını elan etdikdən sonra Türkiyə və Ukrayna taxıl dəhlizi ilə daşımaların Rusiyasız davam etdirilməsi məsələsinin müzakirəsinə başladılar. Lakin bu, Rusiya Prezidenti Vladimir Putini qane etmədiyinə görə Rusiya Müdafiə Nazirliyi xüsusi açıqlama ilə çıxış edib, Qara dənizdə Ukrayna sahillərinə yaxınlaşan bütün gəmiləri hərbi yük daşıyan obyekt kimi qəbul edəcəklərini bəyan etdi. Daha sonra Krım körpüsünə endirilən dron zərbəsində Türkiyənin quru yükdaşıma gəmilərini suçlamağa cəhd edildi. Eyni zamanda “sualtı dron istehsalı müəssisəsi yaradılıb” iddiası ilə Odessa limanındakı taxıl terminalları bombalandı. Odessanın vəhşicəsinə bombalanması hələ də davam etdirilir. Rusiyanın məqsədi şəhərin liman təsərrüfatını tamamilə məhv edərək, oradan yüklərin daşınmasını uzun müddətə mümkünsüz hala gətirməkdir.

Rusiyanın Afrika ölkələri ilə münasibətlərinə dair yazı ilə çıxış edən Putin isə bildirib ki, kasıb qitə ölkələrinə taxılı pulsuz, yaxud kommersiya şərtləri ilə çatdırmağa hazırdır. Onun sözlərinə görə, Rusiya Avropa limanlarında yığılıb qalan yüz min tonlarla gübrəni Afrika ölkələrinə çatdırmağa çalışır: “Lakin Qərb buna maneə yaradır - gübrələrin əhəmiyyətli hissəsinin yolu bağlanıb və onlar "avropalıların vicdansız əllərindədir. Limanlarda bloklanan 262 min ton gübrənin cəmi 20 min tonunu Malaviyaya, 34 min tonunu isə Keniyaya göndərə bilmişik".

Taxıl sazişi 60 gün uzadılacaq

İyulun 24-də Rusiya Federal Təhlükəsizlik Xidməti əvvəllər Taxıl dəhlizi ilə yük daşımış bir gəmidə partlayıcı maddə izlərinin aşkarlandığına dair məlumat yayıb. May ayında Ukraynanın Kiliya limanında olan gəmi bu ay Türkiyədən Rostov-Dona taxıl götürməyə gedibmiş. FTX gəmini niyə, hansı əsasla yoxladıqlarını açıqlamır. Məlumatda gəmidən dinitratolyol və tetril adlı partlayıcı maddə izlərinin açıqlandığı bildirilir. Məlumata görə, iyulda Türkiyənin Tuzla limanında gəminin Ukraynanın 12 vətəndaşından ibarət komandası tamamilə yenilənib, adı dəyişdirilib. FTX bu fakta görə gəmidən Taxıl dəhlizi ilə Ukraynaya hərbi sursat daşınması üçün istifadə olunduğu qənaətinə gəlib.

Beləliklə, artıq Rusiyanın Ukrayna məhsullarının dünya bazarına çıxmasının qarşısını almaq məqsədində qəti olduğu daha aydın görünür. Burada Putinin əsas məqsədi Rusiya məhsullarına tələbatı artırmaq, onların qiymətini qaldırmaq, nəhayət, qlobal ərzaq böhranı ilə Qərbi və bütün bəşəriyyəti şantaj etmək imkanı qazanmaqdır. Avropaya qaz təminatında üstün mövqeni tamamilə itirən Putin indi də dünyanı aclıqla təhdid etmək imkanına sahib olmağa çalışır.

Belə ki, Rusiya statistikasından aydın olur ki, ötən ildən bu ölkədə un istehsalı kəskin artıb: Ukraynanın un sata bilmədiyi əksər bazarlara Rusiyanın məhsulları daxil olub. 2022-ci ildə Rusiya həmin bazarlar hesabına un ixracını 3,5 dəfə artırıb - 261 min tondan 881 min tona. İlk dəfə olaraq Rusiya Misir, Uqanda, Seneqal, Şri-Lanka kimi ölkələrə un ixrac edib - onların hamısı unu Ukraynadan alırdılar.

Ukraynanın ixrac bazarı olan ölkələr hesabına 2022-2023-cü aqrar ilində Rusiya 2021-ci ildəkindən əhəmiyyətli dərəcədə çox - 47 milyon ton buğda ixrac edib.

Rusiya Kənd Təsərrüfatı Nazirliyi 2023-2024-cü il mövsümündə ölkədə 123 milyon ton taxıl istehsal olunacağını, bunun 55-60 milyon tonunun ixraca yönəldiləcəyini gözləyir. Ötən mövsümdən qalan rekord ehtiyatları da nəzərə alsaq, Rusiyanın Ukraynadan taxıl ixracına məhz öz məhsuluna bazar açmaq üçün maneə yaratmaq istədiyini rahatlıqla söyləyə bilərik.

Nazirlik bəyan edib ki, ötən mövsümdə Rusiya 53 milyon ton buğda ixrac edib. Bu, əvvəlki mövsümdə reallaşan ixrac həcmindən 1,5 dəfə çoxdur. Ümumi taxıl məhsullarının ixracı 61,8 milyon ton olub ki, bu da əvvəlki ildəkindən 45 faiz çoxdur.

Rusiya məhsulunun əsas alıcıları məhz Ukraynanın ənənəvi satış bazarları olan ölkələrdir: Misir 11,9 milyon ton, Türkiyə 10,2 milyon ton, Əlcəzair 3,26 milyon ton, Səudiyyə Ərəbistanı 3,14 milyon ton və sair.

Hazırda Rusiya aclıqdan əziyyət çəkən Afrika ölkələrinə aşağı qiymətə taxıl satışını genişləndirir. Eyni zamanda Avropa limanlarındakı gübrələri onlara pulsuz təklif edir. Putin bununla həmin ölkələri öz iradəsinə tabe etmək, zəruri hallarda BMT və digər müstəvilərdə Rusiyaya qarşı mümkün mənfi qərarlardan yayınmağı hədəfləyir.

Taxıl sazişi" 60 gün uzadılacaq

Göründüyü kimi, Ukrayna buğdasının dünya bazarına yolunun bağlanması, yaxud məhdudlaşması Rusiya üçün çox əlverişli şərtlər formalaşdırır. İndi Rusiya şərtləri özü üçün daha əlverişli etməyə çalışır. Belə ki, 2022-ci ilin iyulundan bəri "Taxıl sazişi"nin fəaliyyəti nəticəsində buğdanın dünya bazar qiyməti 30 faizədək ucuzlaşıb. Bu zaman Rusiya buğdası daha çox - 42 faiz ucuzlaşaraq 1 ton üçün 230-235 dollar olub. Əvvəl Fransa buğdasından 20 dollar baha olan Rusiya buğdası indi ondan 34 dollar ucuza təklif olunur.

Almaniyanın xarici işlər naziri Annalena Berbokun verdiyi məlumata görə, Rusiyanın Taxıl dəhlizinin işinə yaratdığı maneə 32 milyon ton taxılın Ukraynada yığılıb qalmasına səbəb olub. Aydın məsələdir ki, Rusiya bu həcmdə məhsulun hamısını bazarda əvəz etmək gücündə deyil. Buna görə də yaxın vaxtlarda Taxıl dəhlizinin daha məhdud ixrac imkanları ilə işləməsinə razılıq verməsi mümkündür. Son həftələrdə Türkiyə ilə münasibətləri soyuqlaşan Rusiyanın bu prosesdə Ərdoğanın vasitəçiliyinə şərait yaradacağı çətin görünür. Lakin o da məlumdur ki, Türkiyənin iştirakı olmadan Ukrayna məhsullarının dənizlə dünya bazarına çıxarılması da mümkün deyil. Ukraynanın Avropadan kənarda etibar etdiyi ən əsas dövlət başçısı R.T.Ərdoğandır. Elə Rusiyanın da Ukrayna ilə taxıl daşınmasında təmaslar üçün üz tutacağı başqa vasitəçi yoxdur. Bu isə Türkiyə prezidentinin prosesdə rolunun yüksək olaraq qalması deməkdir.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR