İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanadadan Azərbaycana qarşı demarş: Ermənistan daha bir ölkəni sərhədimizə “gətirdi”

7862 22.07.2023 12:53 Siyasət A A

Ekspertlər bölgədə gərginliyi tətikləyən qüvvələrin artmasından danışdılar: “Azərbaycana Ermənistanla sərhəddə nə KTMT, nə də Aİ missiyasının yerləşməsi fayda gətirmir”; “Aİ öz missiyası ilə Ermənistanın təcavüzkar siyasətinə dəstək verir”

Daha bir ölkə Avropa Birliyinin (AB) Azərbaycanla sərhəddə Ermənistandakı Monitorinq Missiyasına qoşulub. Bu barədə AB Şurasının Siyasi və Təhlükəsizlik Komitəsi qərar verib.

Məlumatda deyilir ki, bölgəyə missiya ilə gələn ölkə Kanadadır. Məlumdur ki, Monitorinq Missiyası keçən ildən Ermənistan tərəfindən Azərbaycanla sərhəddə patrul xidməti aparır. Prosesin (əslində orkestrin - red.) dirijoru rolunda isə Ermənistanın “böyük bacısı” Fransa çıxış edir.

O Fransa ki, bugünlərdə kapitulyant ölkəyə 50 zirehli transportyor göndərib və İrəvana hərbi dəstəyi davam etdirməyə söz verib. Bu, Ermənistan parlamentinin spikeri Alen Simonyanın ötən həftə Parisə etdiyi səfər zamanı bir daha təsdiqlənib.

Bəs görəsən, AB üzvü olmayan Kanadaya nə düşüb ki, o da öz agentlərini Azərbaycanla sərhədə göndərir? Düzdür, Kanada hələ Qarabağ işğalda olduğu illərdə müxtəlif səviyyələrdə Ermənistana dəstək verib, həmçinin anti-Azərbaycan layihələrdə müxtəlif səviyyələrdə iştirak edib. Amma artıq torpaqlarımızın böyük hissəsi azad olunub, dünya bu reallığı qəbul edir və Ermənistanla sülh prosesi aparılır. Belə olan təqdirdə Avropa ölkələri Ermənistan sərhədində niyə növbəyə düzülüblər? 

Xatırladaq ki, rəsmi Bakı AB missiyası ilə əməkdaşlıq eləməkdən imtina edib, ona “xeyir-dua” verməyib. Əksinə, bu özfəaliyyətin iki ölkə arasında sülhə xidmət etmədiyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Rusiya da neçə vaxtdır KTMT adı ilə Azərbaycan-Ermənistan şərti sərhədində hərbi müşahidə missiyası yerləşdirmək istəyir. Bunu Rusiya XİN-in rəsmisi Mariya Zaxarovanın son açıqlaması bir daha sübut edir. Sitat: “Dağlıq Qarabağ KTMT-nin məsuliyyət zonasına daxil deyil. Eyni zamanda təşkilatın missiyasının Ermənistanda yerləşdirilməsi Ermənistan-Azərbaycan sərhəd bölgəsində vəziyyətin sabitləşməsinə mühüm töhfə verərdi. Top erməni tərəfdədir”.

Ekspertlərimiz necə düşünür, Azərbaycan üçün bu iki missiyadan hansı biri daha az zərərlidir?

Bəzi məqamlar hələ də açıq qalır”-İlyas Hüseynov

 İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan regionda olan problemləri daha da genişləndirməyə və müxtəlif geosiyasi aktorları öz “oyun”larının içinə salmağa çalışır: “Kanadanın Azərbaycana qarşı qərəzini hələ Vətən müharibəsinin gedişindən yaxşı bilirik. Kanada Cənubi Qafqazdan çox uzaqda yerləşsə də, marginal erməni maraqlarında alət olmağa müsbət yanaşıblar. Kanadanın Avropa İttifaqının Azərbaycanla sərhəddə Ermənistandakı Monitorinq Missiyasına qoşulması da göstərir ki, Ermənistan bununla Rusiyanın geosiyasi orbitindən uzaqlaşaraq KTMT-ni maksimum dərəcədə kənarda saxlayır. Bununla yanaşı, Kanadanın regiona cəlb olunmasında Fransa əlindən gələni edir”.

İ.Hüseynov xatırlatdı ki, iki gün əvvəl fəaliyyət dövrü başa çatmamış geri çağırılan Ann Luyo öz müsahibəsində İrəvanda olan səfirliyə hərbi attaşenin təyin olunmasını ən böyük uğurlardan biri kimi vurğuladı: “Qeyd edim ki, Kanada Avropa İttifaqının üzvü olmadığı üçün Brüsselin göndərdiyi missiyada yer alması tamamilə yanlışdır. Aİ missiyası heç Azərbaycanla razılaşdırılmadan Ermənistana göndərilib. Praqada əldə olunan razılıqdan sonra Ermənistan-Fransa sülhü pozan tandemi bütün sövdələşmələrin üzərindən xətt çəkdi. Mənə belə gəlir ki, Azərbaycan üçün Ermənistanla sərhəddə nə KTMT, nə də Aİ missiyasının yerləşməsi fayda gətirmir. Çünki hər iki missiya öz maraqlarını güdür və regionda uzun müddətə qalmağı hədəfləyir. Bizim üçün önəmli olan sərhədlərin delimitasiyası və demarkasiyası və anklavların ölkəmizə qaytarılmasıdır”.

Məhəmməd Əsədullazadə: "ABŞ Talibana qarşı sanksiyaları genişləndirəcək”

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir ki, Ermənistanın Azərbaycanla şərti sərhəddə Avropa İttifaqının mülki missiyasına Kanadanı da əlavə etməsi, sadəcə, situasiyanı sabitləşdirmir: “Bu, ilk növbədə Rusiya qarşı Nikol Paşinyanın demarşıdır. Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi aparılırsa, sərhədlərin delimitasiya və demarkasiya üzrə baş nazirlərin müavinləri sərhəddə görüşürsə, İrəvanın bu addımına ehtiyac yoxdur: nə Rusiyanın KTMT-si, nə də Avropa İttifaqının mülki müşahidə missiyası. Avropa mülki müşahidə missiyası patrul fəaliyyəti göstərir və hər hansı bir ciddi proseslərdə yer almır. Amma Rusiya KTMT gətirməklə Ermənistan və Azərbaycan arasında baryer yaradib, sülhə qarşı olacaq. KTMT silahlıdır və bu, Ermənistan hakimiyyətinin maraqlarına xidmət etmir”.

M.Əsədullazadə hesab edir ki, Ermənistanın baş naziri KTMT-nin sərhədə gəlməsinə razılaşmayacaq: “Azərbaycan üçün isə hazırda Avropa mülki müşahidə missiyası daha uyğundur. Rusiya KTMT adı altında regiona əlavə qüvvə yeritmək istəyir. Azərbaycanda razı olmayacaq. Ermənistanın bu təhlükəsizliyini də təhdid edəcək əsas faktor olar”.

Politoloq təəssüflə qeyd etdi ki, Avropa İttifaqı belə missiya ilə Ermənistanın təcavüzkar siyasətinə dəstək verir: “Bu siyasətlə Brüsselin vasitəçiliyində ziddiyyətlər ortaya çıxır. Ermənistan sülh müqaviləsinin bağlanmasına tezliklə getməyəcək. Ona görə də Azərbaycan güc vasitəsindən istifadə edə bilər. Burada əsas günahkar tərəf Avropa İttifaqı və Ermənistan rəhbərliyi olacaq. Azərbaycan prosesləri izləyir, sülh danışıqlarına sadiqdir. Bundan istifadə etmək, manipulyasiya etmək Ermənistana baha başa gələcək”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR