İnsanlara hürriyət, millətlərə istiqlal!

Kakaosuz şokolad və sözsüz minnətdarlıq

1452 30.03.2024 10:30 Yazarlar A A

Milli jurnalistikamız keçmiş Ramiz Mehdiyevlə məzələnməkdə davam edir. Gah yazırlar xəstədir, İsrailə aparıblar, gah xəbər çıxarılır ki, guya Ramiz müəllim maşını qırmızı işıqdan sürüb, cərimə eləyiblər, hətta ola bilsin tutub 15 sutka verdilər. 

Heç kəs bu vəziyyətə düşməsin. O cür dünya şöhrətli şəxsiyyət uşaq-muşağın əlində yesir qalıb. Ancaq cəmi 10-15 il qabaq bu burnufırtıqlı uşaqlar Ramiz müəllimin adındakı “r” hərfini yazmağa icazə, lisenziya alırdılar. Ramiz müəllimin adı olmayan aylarda balıq yemək mümkün deyildi. Hamı elə zənn edirdi ki, Ramiz Rövşənin şeirlərini də Ramiz müəllim yazır. 

İndi sayın akademik təkzib verib, deyir axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, cərimə olunmağım yalandır.

Gör nə qədər qədimi, tarixi şəxsiyyətdir. Bəlkə də araşdırsaq Ramiz müəllimin 1769-cu ildə fransız ixtiraçı Nikolya Künyö-nün buxar avtomobilini sürdüyü ortaya çıxar, lakin ehtiyac yoxdur, çünki fransızlar ermənipərəstdir.  

Bizim mediada belənçik hap-gop xəbərləri çoxalıbdır. Dünən də yazmışdılar ki, bəs Fil Dişi Sahilində quraqlıq olub, ay aman, dünyada şokoladın qiyməti qalxacaqdır. 

Doğrudan da, bu Afrika ölkəsi kakao istehsalının haradasa 40-44 faizini verir, oradan kakao gəlməsə, şokolad bahalaşar. Lakin bu yeni şey deyil ki. Mən özümü dərk eləyəndən azı hər iki ildən bir oxuyuram ki, Fil Dişi Sahilində ya quraqlıq olacaq, ya sel gələcək, ya yanğın qopacaq və şokolad bahalaşacaq. Deməli, kimsə oturur redaksiyada, özündən bahalaşma uydurur. Bekarçılıqdan. Hətta bir gün şokolad doğrudan bahalaşar, biz inanmarıq, yalançının evi yandı misalı kimi. 

Ancaq fikrim sayın qəzetəçilərimizdə yalan tutmaq deyil. Onsuz ələyimiz ələnib, xəlbirimiz göydə fırlanır, kim nə istəyir yazsın. Mənə sadəcə son şokolad həyəcanı, kakao SOS-u anonsunda bir ekspertin izahatı ləzzət eləyib, onu burada yazmaq istəyirdim. Jurnalist həmin yoldaşdan münasibət öyrənmişdi, ekspert demişdi: “Bizdə şokolada kakao çox az vurulur, ona görə Azərbaycan bazarında şokoladın bahalaşmasını gözləmirəm”. 

Mükəmməldir. Doğrudan da şokolad kakaosuz qayırılırsa, kakao cəhənnəmə bahalaşsın. Biz onsuz da kakao yerinə hislənmiş şəkər, yanmış arpa unu, kömür tozu, samovar külü (məsəl üçün) işlədirdik. 

Bu yerdə haşiyə çıxaraq Vasif müəllimdən - keçmiş Naxçıvan xanından bir əhvalatı xatırlatmaq istəyirəm. Yəqin yadınıza gələr, qabaqlar bizdə kiril əlifbasıydı, sonra dövlət qərar verdi, latın qrafikasına keçdik. Həmin vaxt Vasif müəllim Naxçıvan Ali Məclisində iclas keçirir, bir nəfəri danlayır, deyir nə üçün bütün lövhələr, küçə yazıları latın qrafikasına keçməyib. Deyirlər, Vasif müəllim, vallah hamısını keçirmişik. Vasif müəllim deyir: “Yalan deyirsiniz, bayaq küçədə özüm gördüm, lövhədə kirillə "kakao" yazılmışdı". Bu əhvalatı kirili bilməyənlər anlamayacaqdır.

Qayıdaq mövzuya. Mövzu isə budur ki, dünyada nə olur-olsun, bunun bizə təhlükəsi yoxdur. Biz şokoladı kakaosuz, betonu sementsiz, kərə yağını inəksiz, seçkini səssiz, demokratiyanı xalqsız əldə etməyi öyrənmişik. Ən gözəli də bu deyildirmi!? Yoxsa kakao ilə şokoladı nənəm də qayırar. Bacarırsan kakaosuz düzəlt. Xalqa sat. Onlar da alsın və sənə minnətdarlıq eləsin. Möcüzədir. Sözgəlişi, bizdə bu adda yağ var. “Kərə yağı ətirli möcüzə yağ” kimi reklam edirlər. Əsas ətirdir. İylə, yaşa. Daxilən lap maşın yağı olsun.  

Qədrini bilməliyik. Dəyər verməliyik. Şəxsən mən yüksək qiymətləndirirəm, təşəkkür teleqramlarımı yazıb hazır qoymuşam. Ancaq içində söz yoxdur. Sözsüz minnətdarlıq teleqramı da mənim icadımdır. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR