İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçin NATO üzvlüyünə Ərdoğanın Xankəndi “şərti” - erməni isterikası

1148 25.07.2023 11:06 Siyasət A A

Politoloq: “Düşmənin uydurmasıdır, Avropa ölkələri ilə belə bir bazarlıq həyata keçirmək qətiyyən mümkün deyil”

Ermənistandakı isterik vəziyyət ölkənin politoloqlarını da sirayət etməkdədir. İndi iş o yerə çatıb ki, hətta İsveçin NATO üzvlüyünün də guya Qarabağa aidiyyəti olduğu haqda ağlasığmaz iddialar səsləndirənlər var. 

“Ermənilərin "artsax"dan çıxarılması İsveçin NATO-ya daxil olması üçün səsvermənin ilkin şərtlərindən biridir və təsadüfi deyil ki, Türkiyə Prezidenti Ərdoğan Vilnüsdə keçirilən sammit zamanı Rusiya sülhməramlılarının oradan çıxarılmasını elan etdi".

Bu sərsəm iddiaları politoloq Stepan Danielyan öz Facebook səhifəsində yazıb. Daha sonra erməni politoloq bunları qeyd edib: “Türkiyənin növbəti şərti Sünikin (Zəngəzurun-red.) təslim olmasıdır. Ermənistanın indiki hakimiyyəti bilərəkdən bu istiqamətdə hərəkət edir.

Bu hökumətin istefası ilə vəziyyət dəyişə bilər, amma bunun üçün insanlar lazımdır".

Bu, ermənilərin psixoz vəziyyətdə olduğunu göstərməklə yanaşı, məqsəd həm də Türkiyəyə qarşı növbəti böhtan cəhdiddir. Erməni politoloqlar zaman-zaman bu cür isterik bəyanatlar verirlər ki, burada da məqsəd Türkiyənin guya anti-erməni mövqeyini qabartmaq, həm də Ankara ilə Moskvanı üz-üzə qoymaq cəhdidir.

Məlumdur ki, İsveçin NATO üzvlüyü ilə bağlı Türkiyənin prinsipial razılığı hələ də yoxdur, son Quran yandırılmasından sonra da  belə bir qərarın parlamentdə təsdiqlənəcəyi hələ ki gözlənilmir. Amma erməni politoloq bu uydurması ilə həm Türkiyəni şərləyir, həm də Rusiya ilə hazırkı gərgin münasibətləri daha da gərginləşdirmək istəyir.

Bəs ekspertlər nə düşünür, bu sərsəm versiyanın arxasında duran hansısa niyyətlər varmı?

Bakupost.az - "Onun əlləri dirsəyə qədər qana batıb" - Qabil  Hüseynli

Qabil Hüseynli

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli “Yeni Müsavat”a danışıb: “Erməni politoloqun bu sərsəm açıqlaması başdan-ayağa ağ yalandır. Yəni İsveç kimi demokratik bir ölkə ilə bu mövzuda  danışıq aparmaq olarmı? Əlbəttə ki, qətiyyən xeyr. Sadəcə, ermənilər həmişə olduğu kimi, bu məsələdən də qara piar kimi istifadə edirlər.

Məlum olduğu kimi, Ankara, Prezident Ərdoğan İsveçin NATO-ya daxil olması müqabilində Türkiyə  vətəndaşlarının Avropa Birliyi ölkələrinə vizasız şəkildə gedə bilməsini qarşılıq kimi tələb edir. Məgər İsveçlə başqa ölkə barəsində bazarlıq etmək, qarşısına öhdəlik qoymaq olar? Sadəcə, qeyd etdiyim kimi, ermənilər bu dəfə də həyasızcasına aləmə ağ yalanla car çəkib, hər şeyi alt-üst etməyə çalışırlar.

Beləliklə, erməni politoloqların bu cür yalanları həm Türkiyə ilə Rusiyanı qarşı-qarşıya, həm də İsveçi pis vəziyyətdə qoymaq şəraiti yaradır. Bu elə bir yalandır  ki, onun ayaq tutub yeriməsi mümkün deyil. Hər halda, ağıllı, demokratik düşüncə tərzinə  malik, Avropanı tanıyan adamlar bilirlər ki, Avropa ölkələri ilə belə bir bazarlıq həyata keçirmək qətiyyən mümkün deyil".

Qabil Hüseynli erməni politoloqların tez-tez “təsadüfi deyil ki, Türkiyə prezidenti Ərdoğan Vilnüsdə keçirilən sammit zamanı Rusiya sülhməramlılarının oradan çıxarılmasını elan etdi” iddialarına da münasibət bildirib: “Qeyd edim ki, Ərdoğan Rusiya sülhməramlılarının çıxarılması ilə bağlı suala cavab verərkən imzalanmış üçtərəfli müqaviləni əsas gətirdi. Cənab Ərdoğan rus sülhməramlılarının bölgədən çıxarılmasından söz açmadı, sadəcə, bildirdi ki, onların bölgədə qalması 2025-ci ildə başa çatır. Yoxsa ki, Ərdoğan iki ayağını bir başmağa dirəyib demədi ki, rus sülhməramlıları mütləq 2025-ci ildə Qarabağdan çıxarılsın. Bu, Azərbaycanın səlahiyyətində olan məsələdir. Yəni Ərdoğan imzalanmış sənəddə bu məsələnin yalnız hüquqi cəhətlərinin necə əks olunduğunu dedi. Bundan artıq fikir səsləndirmədi. Onun sözünü müxtəlif yerlərə yozmağa çalışanlar bunu məqsədli və hansısa məkrli siyasi məqsədə çatmaq üçün edir və bu, çox yaramaz və əxlaqsız bir işdir”.

Növbəti dəfə dünyanın bölünməsinin şahidi oluruq” - Zaur Məmmədov Yeni Sabah

Zaur Məmmədov

Politoloq Zaur Məmmədov isə qeyd edib: “Məsələ burasındadır ki, hazırda Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında  davam etməkdə olan sülh danışıqları dialoq, o cümlədən Qarabağın dağlıq hissəsi  ilə bağlı məsələni ehtiva edir. Və bu da məlumdur ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası, Qarabağın Azərbaycanın tərkib hissəsi olması artıq beynəlxalq aktivlər tərəfindən qəbul edilməkdədir. Bunun da nəticəsidir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan əgər 2020-ci ildə, müharibədən sonra qeyd edirdisə ki, "Qarabağ məsələsinin həll edilməsi və  Qarabağın Azərbaycanın tərkib hissəsi kimim tanınması gələcəkdə Qərbi Zəngəzurun itirilməsinə gətirib çıxara bilər və  Ermənistan hakimiyyəti bunu etməməlidir", bugünlərdə isə bəyanat verdi ki, Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını Nikol Paşinyan artıq sözdə qəbul edib . Yəni artıq reallığı daha çox başa düşürlər.

Burada əsas məsələ odur ki, Ermənistan Qarabağın dağlıq hissəsi ilə  bağlı məsələni həll etməlidir, əks təqdirdə, Azərbaycan məsələni birtərəfli şəkildə həll edərək, bu və digər şəkildə separatçıları, erməni hərbi birləşmələrini oradan çıxaracaq.

O ki qaldı Türkiyə məsələsinə, əlbəttə ki, erməni KİV-ləri həm Türkiyə-Amerika, həm də Türkiyə-Rusiya münasibətlərinə xələl gətirmək üçün ara-sıra sərsəm iddialar ortaya atır. Türkiyə bu gün Rusiya ilə həm Qarabağı, həm də Suriyanı, Liviyanı da müzakirə edir. Türkiyə NATO-nun əsas qüvvəsi kimi çox aparıcı bir gücə çevrilib. Həmçinin İsveçin də NATO-ya daxil olması, Ukrayna-Krım, taxıl böhranı məsələsində oturuşmuş bir dövlət olduğunu  sübut etdi. Bu baxımdan, Qərb dövlətlərinin bir çoxu Türkiyənin maraqları ilə uzlaşmaq faktı qarşısında qalacaq".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR