İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçdə köhnə sistemə QAYIDIŞ: Azərbaycan üçün DƏRS

4904 15.06.2026 22:17 Təhsil A A

Texnologiyanın təhsildə ən geniş tətbiq olunduğu ölkələrdən biri hesab edilən İsveç məktəblərdə rəqəmsal vasitələrdən istifadəyə yenidən baxır. Ölkə hökuməti 2026-cı ilin payızından etibarən məktəblərdə mobil telefonların istifadəsini qadağan etməyi planlaşdırır. Paralel olaraq tədrisdə planşet və digər ekranlı cihazların payı azaldılır, fiziki dərsliklərə və əl yazısına daha çox üstünlük verilir. Rəsmi Stockholm bu addımı şagirdlərin oxu-yazı bacarıqlarında müşahidə olunan geriləmə və diqqət problemləri ilə əlaqələndirir.

Azərbaycanda son illər şagirdlərin ağır məktəb çantalarından xilas olması üçün dərsliklərin elektron formata keçirilməsi ilə bağlı təkliflər səsləndirilir.

Təhsil sistemində tam rəqəmsallaşma ilə tam ənənəvi model arasında hansı balans daha məqsədəuyğun hesab olunur?

Dosent İlham Əhmədov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:"XXI əsrin təhsil fəlsəfəsində ən çox müzakirə olunan məsələlərdən biri təhsilin rəqəmsallaşdırılmasıdır. Uzun müddət texnologiyanın təhsilə inteqrasiyası inkişaf, modernləşmə və keyfiyyət artımı ilə əlaqələndirilirdi. Planşetlər, elektron dərsliklər, interaktiv lövhələr və onlayn platformalar gələcəyin məktəbinin əsas atributları kimi təqdim olunurdu. Lakin son illərdə İsveç, Finlandiya, Norveç və Niderland kimi inkişaf etmiş ölkələrdə aparılan tədqiqatlar göstərir ki, rəqəmsallaşma ilə təhsilin keyfiyyəti arasında əlaqə düşündüyümüz qədər sadə deyil.

Bu istiqamətdə maraqlı nümunələrdən biri İsveçdir. Uzun illər məktəblərdə rəqəmsal texnologiyaların geniş tətbiqini təşviq edən İsveç hökuməti son dövrlərdə bu siyasətə yenidən baxmağa başlayıb. Məktəblərdə mobil telefonların istifadəsinin məhdudlaşdırılması, elektron vasitələrin payının azaldılması və fiziki kitablarla əl yazısına üstünlük verilməsi məhz bu yeni yanaşmanın nəticəsidir.

Təhsil ekspertlərinin narahatlığı texnologiyanın özündən deyil, onun tədris prosesində həddindən artıq və düşünülməmiş istifadəsindən qaynaqlanır. Araşdırmalar göstərir ki, şagirdlərin oxuyub-anlama bacarıqları zəifləyir, uzun mətnləri qavramaqda çətinlik yaranır, diqqətin davamlı saxlanılması problemləşir. Eyni zamanda əl yazısı bacarıqlarında geriləmə, dərin düşünmə və refleksiya qabiliyyətlərinin zəifləməsi müşahidə olunur. Bu problemlər yalnız İsveçdə deyil, digər inkişaf etmiş ölkələrdə də qeydə alınır".

Dosent əlavə edib ki, problemin əsas səbəblərindən biri texnologiyanın pedaqoji tədqiqatlardan daha sürətlə inkişaf etməsidir:"Yeni tətbiqlər, sosial şəbəkələr və süni intellekt sistemləri qısa müddətdə təhsil mühitinə daxil olur. Lakin onların diqqətə, yaddaşa və təfəkkürə təsirini müəyyən etmək üçün uzunmüddətli elmi araşdırmalara ehtiyac vardır. Nəticədə təhsil sistemi bəzən eksperimental laboratoriyaya çevrilir: əvvəl texnologiya tətbiq olunur, sonra isə onun nəticələri öyrənilir, halbuki bunun əksi olmalı idi.

Son illərin tədqiqatları kağız üzərində oxuma ilə ekrandan oxuma arasında ciddi fərqlərin olduğunu göstərir. Kağız kitab mətnin strukturunun daha yaxşı qavranılmasına, uzunmüddətli yaddaşın güclənməsinə və diqqətin daha yaxşı cəmlənməsinə kömək edir. Ekran üzərindən oxuma isə çox vaxt sürətli baxış və səthi qavrama ilə müşayiət olunur. Bundan əlavə, neyrobioloji araşdırmalar əl yazısının öyrənməyə müsbət təsir göstərdiyini sübut edir. Yazı zamanı görmə, motor fəaliyyət, diqqət və yaddaş eyni vaxtda aktivləşir ki, bu da biliklərin daha dərin mənimsənilməsinə şərait yaradır".

Bununla belə, İlham Əhmədova görə, süni intellekt dövründə elektron vasitələrdən tam imtina etmək nə mümkün, nə də məqsədəuyğundur:" Gələcəyin iqtisadiyyatı rəqəmsal bacarıqlar, süni intellekt və məlumat savadlılığı üzərində qurulacaq. Problemin həlli texnologiyadan imtina etməkdə deyil, ondan ağıllı və balanslı istifadə etməyi bacarmaqdadır.

Müasir tədqiqatlar göstərir ki, nə tam rəqəmsal, nə də tam ənənəvi məktəb modeli optimal hesab edilə bilər. Ən məqsədəuyğun yanaşma hibrid təhsil modelidir. Bu modeldə kitab, əl yazısı və klassik tədris metodları fundamental biliklərin formalaşdırılmasına xidmət edir, rəqəmsal vasitələr isə tədqiqat, layihə fəaliyyəti, proqramlaşdırma və süni intellekt tətbiqlərində istifadə olunur.

Azərbaycan üçün də məhz belə balanslaşdırılmış yanaşma daha məqsədəuyğun görünür. Təhsilin əsas məqsədi rəqəmsal məktəb yaratmaq deyil, düşünən, oxuyan, yaradan və texnologiyanı idarə etməyi bacaran insan yetişdirməkdir. Gələcəyin məktəbi kitab və planşet arasında seçim etməyəcək, onların hər birinin üstünlüklərini elmi əsaslarla birləşdirən insan mərkəzli təhsil modeli quracaqdır".

Afaq Mirayiq,
Misavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR