İran hakimiyyəti ölkə tarixində ən yüksək nominala malik olan 10 milyon riallıq (təxminən 7 dollar) yeni banknotu dövriyyəyə buraxıb.
Musavat.com xəbər verir ki, "Financial Times" nəşrinin yaydığı məlumata görə, İslam Respublikası bu addımı sürətlə artan inflyasiya və müharibənin yaratdığı kütləvi nağd pul tələbatı ilə mübarizə aparmaq məqsədilə atıb.
Davam edən hərbi əməliyyatlar və strateji obyektlərə endirilən zərbələr fonunda elektron ödəniş sistemlərinin sıradan çıxacağından ehtiyat edən minlərlə iranlı bu həftə bankomatlar qarşısında uzun növbələr yaradıb.
Yeni nominalda olan əskinasların banklara daxil olan kimi dərhal tükəndiyi bildirilir. Çəhrayı rəngdə dizayn edilmiş yeni 10 milyonluq əskinasın üzərində Yəzd şəhərindəki IX əsrə aid Came məscidi, arxa hissəsində isə 2500 illik tarixi olan qədim Bəm qalası təsvir olunub.
İqtisadçılar hesab edirlər ki, ən böyük əskinasın dəyərinin cəmi 7 dollar olması İran valyutasının real alıcılıq qabiliyyətinin iflic olduğunu və ölkə iqtisadiyyatının müharibə şəraitində hiperinflyasiya mərhələsinə qədəm qoyduğunu sübut edir.
Hazırda Mərkəzi Bank nağd pul çatışmazlığını aradan qaldırmaq üçün emissiya həcmini artırsa da, bazarlarda qiymət artımının qarşısını almaq mümkün olmur.
Musavat.com






