İran dövlət mediasının yaydığı sensasion videogörüntülər ölkədə etirazların son dərəcə təhlükəli mərhələyə keçdiyini göstərir. Kadrlarda şimal-şərqdə yerləşən Sabzevar şəhərindəki məscidin içərisinə naməlum şəxslər tərəfindən yandırıcı maddələrin atıldığı iddia olunur.
Musavat.com xəbər verir ki, rəsmi mənbələrin məlumatına görə, hadisə zamanı məscidin daxilində uşaqların olduğu ehtimal edilir. Məhz bu məqam görüntülərin təsir gücünü daha da artırır və Tehranın etirazları artıq “müqəddəs məkanlara hücum” kimi təqdim etməsinə zəmin yaradır.
İran hakimiyyəti yayılan kadrları etirazçıların zorakı və nəzarətsiz xarakter aldığının sübutu kimi göstərir. Dövlət mediasında yayımlanan süjetlərdə bu addım cəmiyyət üçün birbaşa təhlükə, xüsusilə də uşaqların həyatına yönəlmiş təhdid kimi qiymətləndirilir.
Müşahidəçilər bildirir ki, məscidlə bağlı yayılan bu görüntülər fonunda hakimiyyətin təhlükəsizlik tədbirlərini daha da sərtləşdirəcəyi və etirazlara qarşı ən ağır hüquqi mexanizmləri işə salacağı istisna edilmir.
Musavat.com






