İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtisadçıdan XƏBƏRDARLIQ: “Yağ bazarı risk altında- idxal və istehlak azalır”

976 21.04.2026 01:20 İqtisadiyyat A A

İranda baş verən geosiyasi proseslər region ölkələrinin, o cümlədən Azərbaycanın ərzaq bazarına və xüsusilə də yağ bazarına birbaşa təsir göstərməkdədir. Nəqliyyat və ticarət zəncirində yaranan məhdudiyyətlər, eləcə də regional qeyri-sabitlik idxal strukturlarında dəyişikliklərə səbəb olur və bu, özünü daha çox qiymət və həcm göstəricilərində büruzə verir. Xüsusilə kərə yağı bazarında həm idxal mənbələrinin dəyişməsi, həm də qiymətlərin formalaşması prosesi diqqət çəkir.

İqtisadçı Eyyub Kərimli mövzu ilə bağlı Musavat.com-a bunları deyib: “Azərbaycana kərə yağının idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25.6%, yerli istehsal isə 8% azalıb. Əvəzində bitki yağlarının idxalı 5.4% artıb. Qeyd edək ki, 1 kq kərə yağının idxal qiyməti təxminən 11 manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.2% ucuzlaşma deməkdir. Görünür ki, kərə yağına mövcud qiymət istehlak tələbini kəskin azaldır, digər tərəfdən İranda gedən müharibə də kərə yağının idxalına təsir göstərə bilir. Əlavə səbəblərdən biri isə insanların sağlam həyat tərzini seçərək rasionlarını bitki yağları ilə əvəz etməsidir”.

Eyyub Kərimli qeyd edib ki, statistik göstəricilərə əsasən, İrandan ən ucuz yağ ölkəmizə idxal olunurdu: “Yəni idxal qiyməti 9 manat 24 qəpik idi və son 3 ayda 1782 ton yağ idxal olunub. Digər ölkələr üzrə isə əsasən Belarusdan və Yeni Zelandiyadan bizə yağlar idxal olunur ki, bunların da idxal qiyməti təxminən 13 manat 50 qəpik təşkil edir.

Sözsüz ki, müharibə ucuz yağın idxalında müəyyən məhdudiyyətlər yaradır. Lakin buna baxmayaraq qeyd edim ki, mövcud qiymətlər pərakəndə bazarda bahalaşmanı stimullaşdırır və bu da istehlakın azalmasına, nəticə etibarilə yağ idxalının kəskin azalmasına təsir göstərir. Əlbəttə ki, bizə məlumdur ki, digər ölkələrdən də yağlar idxal olunur - bu, həm Uruqvay, Yeni Zelandiya, Səudiyyə Ərəbistanı, Ukraynadır. Lakin buna baxmayaraq ümumi idxalda azalma müşahidə olunur”.

Afaq Mirayiq,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR