İnsanlara hürriyət, millətlərə istiqlal!

İmamoğlunun malı və ya qadınlar nə istəyir

1290 08.03.2024 09:54 Yazarlar A A

Türkiyədə martın 31-də bələdiyyə seçkisi olacaq. Artıq neçə vaxtdır orada namizədlər arasında yarış gedir. Hər gün televiziyalar, saytlar, sosial şəbəkələr bələdiyyə üzvlüyünə namizədləri müqayisə edir, haqlarında danışırlar. Tənqid, təhqir, hər cür müzakirə gedir. İstər iqtidarın namizədi olsun, istər müxalifətin. 

Bu məqamda az qaldım “eynilə bizdəki kimi” yazım, oxucuların qəzəbindən qorxdum. Zarafat yeri deyil. Üstəlik, qara zarafat. Ancaq biz “bir millət, iki dövlət” deyiriksə, niyə Türkiyədəki bələdiyyə seçkisindən bizdə də yoxdur? Ola bilməz ki, eyni millət iki ayrı cür seçki düzəltsin. Ya da ola bilər? 

Dünən türk mediasında İstanbul şəhər bələdiyyəsinin hazırkı sədri və növbəti dəfə sədrliyə namizədliyini irəli sürmüş Əkrəm İmamoğlunun mal varlığı - əmlak və gəlirlərinin siyahısı açıqlanmışdı. Türkiyə bu sahədə sivil, demokratik dünya dövlətlərindən fərqlənmir. Hər kəsin nəyin yiyəsi olması rəsmən bilinir, vergisini ödəyirlər, hardan, hansı yolla aldıqlarını xalqa deməyə məcburdurlar. 

İmamoğlu isə üstəlik, müxalifətçidir! Təsəvvür edə bilirsinizmi, Azərbaycanda bir müxalifətçi şəhər bələdiyyəsi sədri olur, onun əmlakı olur, sonra da bunu açıqlayır! Təsəvvür edə bilirsinizsə sizdən yaxşı fantast yazıçı olar, buyurun,  Stiven Kinq, Rey Bredberi, nə bilim, Artur Klark və Stanislav Lem irsinin layiqli davamçısı kimi əsərlər yaradın. 

Bizdə heç şəhər bələdiyyəsi yoxdur. Məsələn, Bakının böyük şəhər bələdiyyəsi yaradılmır. O cümlədən hansısa müxalifətçinin əmlak listində bir dönər sexi olsa hökumətimiz onu üfürüb, yalan olmasın, “Mızdonalds” restoranlar zənciri kimi qələmə verər. Sexin üstünə vergi ordusu və siçan-pişik idarəsindən ibarət desant qoşunları göndərilər. Havadan, sudan, qurudan basqınlar sayəsində müxalifətçinin dönər sexi dəqiqənin milyonda biri ərzində yoxa çıxar, sanarsan qara dəliyə düşmüş qalaktikadır. 

Əkrəm müəllimin mal varlığını burada yazım, oxucularımızın da dodağı uçuqlasın: İstanbulda 2 dükan, 1 milyon lirəyə alınmış 1 konut (ev), Böyükçəkməcədə 2 dükan, Beylikdüzündə 2 arsa (torpaq sahəsi), Çanaqqalada ev və dam, Balıkesirdə bir arsa, Trabzonda ofis, Çanaqqalada bir tarla, Balıkesirdə alınmış ev və arsa, bir ədəd silah, bankda toplam 8 milyon 728 min türk lirəsi var.  

Namizədin arvadı Dilək İmamoğlunun da əmlakı açıqlanıb: Beylikdüzündə bir dükan və arsası, Bodrumda konutu, Trabzonda fındıq bağçası, dükanı, arsası və kagir evi (daş ev) bulunur. 2013-cü il Wolksvagen jipi, bankda 395 min 737 dolları və 52.01 qram qızılı var. İmamoğlunun qızıl-cəvahirat bilgiləri də belədir: 8 ədəd brilyant dəsti, 35 ədəd qızıl bilərzik, 68 ədəd cümhuriyyət altunu və tam qızıl, 227 min lirəlik müxtəlif qızıllar. 

Bizdə də belə mal-mülk siyahıları açıqlanır, ancaq bələdiyyə sədrləri, hansısa generallar, ya da icra başçıları və nazirlər tutulanda. Sanki bizdə var-dövləti qanuni yolla əldə etmək mümkün deyil. Ancaq əkişdirmək olur.  

Sonda daha bir aktual tema - 8 mart. Yenə qadınlara boğazdan yuxarı təriflər oxuyacağıq, halbuki son səkkiz gündə ölkədə bəlkə səkkiz qadının başını kəsiblər. 

Bu münasibətlərin indikatorunu, lakmusunu görmək istəyirsinizsə, uzağa getmək lazım deyil. Təzəlikcə Rusiyanın baş naziri Mişustin Bakıda qonaq idi, onu Xalça muzeyinə aparmışdılar. Orada bir xalçanı Mişustinə göstərdilər və dedilər ki, el inancına görə bu xalçanın üstündə oturan qadınların arzusu yerinə yetir. Mişustin “hansı arzu, ərə getmək?” deyə guya zarafat elədi. Azərbaycanlı həmkarı isə baltanı kökündən vurdu: “Əlbəttə! Qadınların başqa nə arzusu var ki?”. 

Acınacaqlısı tək bu deyildi ki. Orada tərcüməçi və ekskursiyaçı qismində bir neçə azərbaycanlı qadın vardı, məmurun bu köntöy “zarafatına” gülüşdülər. Bir növ “düz sözə nə deyək, biz beləyik” işarəsi vururdular. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR