İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumətdən yeni HAZIRLIQ - Fermer nə deyir?

515 25.06.2026 16:45 İqtisadiyyat A A

Yeni Dövlət Proqramında pambıqçılığın klaster formasında inkişaf etdirilməsi nəzərdə tutulur.

Musavat.com xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Sabirabad rayonunda keçirilən regional müşavirədə deyib. Nazir qeyd edib ki, 2030-cu ilədək ixtisaslaşmış rayonlarda pambıq üzrə orta məhsuldarlığın 50 sentnerə çatdırılması, istehsalın 17 faiz, emalın isə 4 dəfə artırılması qarşıya məqsəd kimi qoyulub.

Ölkə rəsmilərinin açıqladığı məlumata görə, pambıqçılıqda məhsul subsidiyalarının davam etdirilməsi və mahlıcın beynəlxalq bazarlarda dəyişkən qiymətlərindən yaranan risklərin azaldılması üçün sığorta mexanizmlərinin hazırlanaraq tətbiq edilməsi nəzərdə tutulur. Hesab edilir ki, bu mexanizmlər həm fermerlərin, həm də pambıqçılıq şirkətlərinin gəlirlərinin sabitliyinin qorunmasına, istehsal planlaşdırmasının daha etibarlı aparılmasına imkan verəcək.

Bununla yanaşı, pambıq emalı sahələrinin inkişafı məqsədilə yeni iplik, parça və tekstil müəssisələrinin qurulması üçün emal avadanlıqlarının alınmasının dəstəklənməsi, eləcə də istehsal edilən pambıq ipliyinin daxili emal sənayesinə yönləndirilməsinin təşviq edilməsi nəzərdə tutulur. Bildirilir ki, bu yanaşma pambığın yalnız xammal kimi ixrac olunmasının qarşısını almağa, əlavə dəyər zəncirinin ölkə daxilində genişləndirilməsinə və sənayenin rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək.

Qeyd edək ki, ötən ilki rekord məhsuldan sonra bu il Azərbaycanda pambıq əkinləri xeyli azalıb. Dövlət Statistika Komitəsinin hesabatına əsasən yanvar-may aylarında ölkədə 89 min hektar sahədə pambıq əkilib. Ötən il 100,6 min hektar sahədə əkin aparılmışdı. Bu isə o deməkdir ki, bu il pambıq əkinlərində 11,6 min hektar, yaxud 11,5 faiz azalma var. Rayonlar üzrə bölgüyə baxdıqda aydın olur ki, ənənəvi pambıqçılıq rayonlarında əkin sahələrində artım yalnız Sabirabad(0,8 faiz), Yevlax(22,2 faiz), Bərdə(0,6 faiz) və Füzulidə(11,5 dəfə) qeydə alınıb. Qalan rayonlarda isə pambıq əkinləri azalıb.

Ölkənin ixrac statistikası göstərir ki, pambığın xammal – mahlıc halında deyil, orta məhsul olan iplik formasında ixracı daha səmərəlidir. Belə ki, Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata əsasən 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan 112 milyon 937 min dollar dəyərində pambıq mahlıcı ixrac olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 90 milyon 342,2 min dollar təşçil etmişdi. Bu isə o deməkdir ki, mahlıc ixracında dəyər ifadəsində 22 milyon 594,8 min dollar və ya 25 faiz artım olub. Bu artım daha çox ixrac həcmlərindəki artımdan qaynaqlanır: bu ilin 5 ayında ixrac ötən ilin eyni dövründəki 62 min 659,4 tondan 81 min 502,7 tona yüksəlib – yəni 18 min 843,3 ton və ya 30,1 faiz artıb.

Eyni dövrdə 23 milyon 241 min dollar dəyərində 10 min 460 ton iplik ixrac olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 9 milyon 897,3 min dollar dəyərlə 4 min 81,6 ton olmuşdu. Beləliklə, iplik ixracında dəyər ifadəsində artım 13 milyon 343,7 min dollar və ya 134,8 faiz, miqdar baxımından isə 6 min 378,4 ton və ya 156,3 faiz təşkil edib.

Dövlət proqramında pambıqçılıq sahəsində qarşıya qoyulan məqsədlərə çatmaq üçün hansı real addımlar atılmalıdır? Sabirabad rayonundan olan fermer, uzun illərdir pambıq əkən Əfras Əsgərovun Musavat.com-a dediyinə görə, bir sıra mühüm addımların atılmasına ehtiyac var: “Pambıqçılıqda məhsuldarlığın 50 sentnerə çatdırılması real və düzgün hədəfdir. Bizim 2016-cı ilədək məhsuldarlığımız 15 sentnerdən yüksək olmayıb. 2016-cı ildəki böyük müşavirədən sonra pambıqçılığa dövlət dəstəyi tətbiq olundu, güzəştli texnika, gübrə, xüsusilə məhsula subsidiyanın ödənməsi insanları bu sahəyə həvəsləndirdi. Qısa müddətdə məhsuldarlıq 30, hətta ötən il 36 sentnerə çatdı.

50 sentnerə çatmaq üçün həm dövlət, həm də şirkətlər tərəfindən daha ciddi addımlar atılmalıdır. Hesab edirəm ki, Azərbaycanda pambıq əkilən torpaqlarda lazer hamarlanması prosesinə dövlət tərəfindən subsidiya ayrılmalıdır. Burada həm suya təxminən 40-45 faiz qənaət olunur, həm də torpaq elə vəziyyətə gəlir ki, məhsuldarlıq 4-5 sentner artır. İkinci məsələ gübrələrlə bağlıdır. Pambıq istehsalçıları üçün torpağı gücləndirən gübrə qiymət baxımından əlçatan deyil. Yalnız yerli istehsal olan karbamidin qiyməti normaldır. Qalan azot, amofos, digər mineral gübrələr çox bahadır, fermerlər üçün əlçatan deyil. Bu gübrələrin fermerlər üçün qiymət baxımından əlçatan olması üçün addımlar atılmalıdır”.

Fermer deyir ki, daha bir məsələ dərman preparatları ilə bağlıdır: “Biz dərmanları adətən Türkiyə və Çindən alırıq. Çox ciddi keyfiyyət problemləri ilə üzləşirik. Üzərində 1 ha üçün 600 qram yazılan dərmandan 1 ha-ya 1,2 litr istifadə edib, zorla gözlənilən nəticəni əldə edə bilirik. Nəticədə, 1 ha üçün xərcimiz 30 manat olmalı olduğu halda 55-60 manata gəlib çıxır. Bu vəziyyəti aradan qaldırmağın ən yaxşı yolu, əlbəttə, o dərmanların Azərbaycanda istehsalının təşkili olardı. Bu, bizə keyfiyyət problemi ilə bağlı birbaşa istehsalçı ilə danışmaq, vəziyyəti ona çatdırmaq və yaranan problemləri vaxtında aradan qaldırmaq imkanı verər. Buna qədərsə elə mexanizm qurulmalıdır ki, keyfiyyətsiz dərmanlar gətirilməsin, üstəlik, fermerlərin istehsalçıya, yaxud onun rəsmi nümayəndəsinə çıxışı olsun. Belə çıxış yoxdur, biz keyfiyyətsiz dərmana görə iradımızı bildirməyə ünvan tapmırıq”.

Ə.Əsgərovun dediyinə görə, ən ciddi məsələlərdən biri də toxumdur: “Biz toxumu Türkiyədən alırıq. Reallıq budur ki, Türkiyə toxumu ilə məhsuldarlığı 50 sentnerə çatdırmaq mümkün deyil. Bir sıra ölkələrdə daha yüksək keyfiyyətli toxum istehsal olunur. Belə ölkələrdən biri Çindir. Orada istehsal olunan toxumlar həm müxtəlif xəstəliklərə qarşı daha davamlıdır, həm də yüksək reproduksiyalıdır. Hesab edirəm ki, bizdə də həmin toxumlara keçilməlidir”.

Fermerin sözlərinə görə, pambıqçılıqda innovativ metodlardan biri salofan altında ikicərgəli əkindir: “Çində, Özbəkistanda, İsraildə bu üsuldan geniş istifadə olunur. Bu üsulda salofana çəkilən xərc yüksəkdir, lakin biz ənənəvi üsulda kətmənə, texnikaya daha çox xərc çəkirik. Üstəlik, bu üsulda məhsuldarlıq əlavə xərcləri artıqlamasıyla qarşılamağa imkan verəcək. Daha bir üsul cərgələrarası məsafənin 75 sm qoyulmaqla əkindir. Azərbaycanda bu üsulun tətbiqi üçün bütün texniki imkanlar var. Mövcud texnikaların hamısını qısa müddətdə bu əkin üsuluna uyğunlaşdırmaq mümkündür”.

Müsahibimiz deyir ki, hazırda Azərbaycanda pambıq istehsalının 90 faizə yaxını 3 şirkətin əlindədir: “Bu şirkətlərin tam özəlləşdirilməsi vacibdir.

Azərpambıq İnvestisiya Holdinqi tərəfindən idarə olunur, çoxmərhələli idarəçilik qərarların qəbulunda lənglik yaradır. Özəlləşərsə, bu lənglik aradan qalxar. Bir problemli məsələ də şirkətlərin rəhbərliyinin Bakıda yerləşməsidir. Bu, onların istehsalçılarla təmaslarında problem yaradır, real vəziyyəti vaxtında bilmələrinə imkan vermir. Buna görə də ən azı iri şirkətlərin ofisləri pambıqçılıq regionunda yerləşməlidir.”

Fermer bir sıra texniki xarakterli çətinliklərin də aradan qaldırılmasını zəruri sayır: “Torqaqların analizi tələb olunur. Əvvəl hər 5 hektar üçün 1 analiz idi, indi deyirlər, hər 3 hektar üçün olmalıdır. Üç ildən bir analiz istənilir, halbuki 4 ildən bir olsa daha yaxşıdır. Onsuz da analiz göstərsə də ki, torpaq gücdən düşüb, bizim amofos gübrəsini alıb ona verməyə imkanımız çatmır. Dövlət belə gücləndirici gübrələrin fermerlərə çatdırılmasını subsidiyalaşdırsa, bu, məhsuldarlıq baxımından çox yüksək nəticələr verə bilər.

Bir təklifimiz də budur ki, Azərbaycanda Dövlət Pambıq Fondu yaradılsın. Şirkətlər pambığı emal etdikdən sonra həmin fonda, dövlət isə qiymət şərtləri əlverişli olduğu vaxt onu xarici bazarlarda satar. Biz araşdırmışıq, Çində bu mexanizm çox yaxşı işləyir.

Ümumiyyətlə, hesab edirəm ki, pambıqçılıqda yüksək inkişafın yolu son məhsulun əldə olunmasından keçir. Özbəkistan tekstil sənayesi artıq Avropa bazarına çıxıb, özünə yer edib. Bizdə də tekstil sənayesinin inkişafına diqqət yetirilməlidir. Proqramda bununla bağlı müddəalar var, onların icrası son dərəcə zəruridir. Nə qədər ki, biz pambığı mahlıc halında satırıq, fermerin qazancı artmayacaq. Buna son məhsul istehsalını qurmaqla nail olmaq mümkündür”.

 

Dünya SAKİT,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR