İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan Bakıya qarşı kampaniyaya BAŞLADI: Konfrans Dehlini niyə qorxuya saldı?

501 05.06.2026 15:44 Siyasət A A

Hindistan mediası və ekspertləri Bakıda keçirilən, Hindistandakı siqhlərin və digər azlıqların hüquqlarına həsr olunmuş konfrans ətrafında geniş kampaniya başladıb.

Musavat.com "Minval Politika"ya istinadən xəbər verir ki, tədbir Bakı Təşəbbüs Qrupu (BTQ) təşəbbüsü ilə təşkil olunub.

Ən sərt ittihamlar "CNN-News18" kanalının efirində səsləndirilib.

Həmin çıxışlarda Azərbaycan faktiki olaraq xalistan hərəkatı üçün yeni platforma kimi təqdim edilməyə çalışılıb, hətta ölkənin separatçı strukturların fəaliyyəti ilə əlaqələndirilməsi cəhdləri də müşahidə olunub.

Lakin səsləndirilən ittihamların əksəriyyəti faktlara deyil, fərziyyələrə, siyasi şərhlərə və Hindistan xüsusi xidmət orqanlarındakı adı açıqlanmayan mənbələrə istinadlara əsaslanır. Diqqətçəkən məqam ondan ibarətdir ki, siqh diasporunun nümayəndələrinin beynəlxalq konfransda iştirakı avtomatik olaraq separatizmə dəstəyin sübutu kimi təqdim edilib.

Halbuki milli, etnik və dini azlıqların vəziyyətinin müzakirəsi insan hüquqlarına həsr olunan beynəlxalq forumların adi təcrübəsidir. Müəyyən fəalların tədbirdə iştirak etməsi təşkilatçı dövlətin onların siyasi baxışlarını dəstəklədiyini göstərmir.

Əslində, hindistanlı şərhçilər kifayət qədər təhlükəli məntiq irəli sürürlər. Əgər tədbirdə Hindistandakı azlıqların problemləri müzakirə olunursa, deməli, təşkilatçılar avtomatik olaraq “anti-Hindistan kampaniyasının” iştirakçılarına çevrilirlər. Bu yanaşma Hindistanın beynəlxalq arenada müdafiə etdiyi fikir və müzakirə azadlığı prinsiplərinə ziddir.

Xüsusilə diqqət çəkən məqam odur ki, Azərbaycana qarşı əsas arqument kimi onun Pakistan və Türkiyə ilə münasibətləri göstərilir. Lakin Bakı Türkiyə və Pakistanla strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərini heç vaxt gizlətməyib. Bu ölkələr ən çətin dövrlərdə Azərbaycana dəstək veriblər. Eyni zamanda, Azərbaycanla Hindistan arasında ikitərəfli münasibətlər uzun illər ərzində Bakının digər dövlətlərlə əməkdaşlığından asılı olmayaraq inkişaf edib.

Azərbaycanın Pakistanla hər hansı əməkdaşlığını Hindistan üçün təhlükə kimi təqdim etmək daha çox Yeni Dehli ilə İslamabad arasındakı regional rəqabətin təzahürü təsiri bağışlayır, nəinki Azərbaycanın fəaliyyətinin obyektiv təhlili kimi görünür.

Bundan başqa, ittiham müəllifləri Azərbaycanın qanunsuz fəaliyyətin maliyyələşdirilməsi, koordinasiyası və ya dəstəklənməsi üçün istifadə olunduğunu təsdiqləyən heç bir açıq sübut təqdim etməyiblər. Efirlərdə “kəşfiyyat mənbələri”, kriptovalyutalar, logistika və informasiya şəbəkələri ilə bağlı ehtimallar səsləndirilsə də, konkret faktlar, sənədlər və ya araşdırma nəticələri ortaya qoyulmayıb.

Bu fonda haqlı sual yaranır: niyə məhz indi Azərbaycan belə informasiya hücumunun hədəfinə çevrilib? Cavab geosiyasi müstəvidə axtarıla bilər. Son illərdə Azərbaycan beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib, Avrasiyanın əsas nəqliyyat və enerji qovşaqlarından birinə çevrilib, həmçinin Cənubi Qafqazda təsir imkanlarını artırıb. Eyni zamanda, Hindistan Ermənistanla, o cümlədən hərbi-texniki sahədə əməkdaşlığını genişləndirir. Belə şəraitdə Bakının Hindistan üçün həssas mövzulara toxunan hər bir beynəlxalq təşəbbüsü siyasi rəqabət prizmasından qiymətləndirilməyə başlayır.

Bakıda keçirilən konfrans Hindistan ekspert dairələrinin bir hissəsi üçün siqh diasporunun vəziyyəti ilə bağlı daxili müzakirələri xarici siyasət müstəvisinə çıxarmaq üçün əlverişli fürsətə çevrilib. Lakin beynəlxalq forumun təşkili ilə bir dövlətin separatizmə dəstək verməkdə ittiham olunması arasında çox böyük fərq var və bu fərqi inandırıcı sübutlar olmadan aradan qaldırmaq mümkün deyil.

Azərbaycan ardıcıl olaraq beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyünə hörmət və digər ölkələrin daxili işlərinə qarışmamaq prinsipini müdafiə edir. Buna görə də Bakını hansısa “anti-Hindistan fəaliyyətinin” yeni mərkəzi kimi təqdim etmək cəhdləri daha çox informasiya kampaniyasının elementi təsiri bağışlayır, nəinki faktlara əsaslanan obyektiv təhlil.

Nəticə etibarilə, əsas məsələ bu və ya digər konfransda kimin iştirak etməsi deyil, beynəlxalq müzakirələrin iştirakçılarının siyasi damğalara deyil, sübutlara əsaslanmağa nə dərəcədə hazır olmalarıdır. Hazırkı mərhələdə isə Azərbaycana qarşı səsləndirilən ittihamların böyük hissəsi konkret faktlarla təsdiqlənmir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR