Elman Məmmədov Robert Köçəryan və digər canilərlə bağlı Nikol Paşinyana çağırış etdi
Milli Məclisin deputatı, bir neçə ay əvvəl Xocalıdakı evinə köçən Elman Məmmədov Musavat.com-a maraqlı müsahibə verib. Ermənistanda revanşistlərlə, o cümlədən Xocalı soyqırımında iştirak etmiş qatillərlə bağlı davam edən proseslərdən tutmuş, ermənilərin saxta iddialarına və digər mövzulara qədər bir sıra məqamlar haqqında ünvanladığımız sualları Elman müəllim elə Xocalıdakı evindən telefonla cavablandırdı.
- Elman müəllim, necəsiniz? Yəqin Xocalıdasınız...
- Bəli, Xocalıdayıq, doğma yurdumuzdayıq. Təbii ki, bütövlükdə Azərbaycan doğma yurdumuzdur. Ancaq hər kəsin doğma yurdu onun doğulduğu, anadan olduğu yerdir.
- Ailə-uşaq uyğunlaşır?
- Təbii ki, uyğunlaşır. Mən həmişə gələndə ailəmlə gəlirəm. Sabah, inşallah, Bakıya qayıdacağam. Bildiyiniz kimi, 19 iyunda növbəti iclasımızdır.
- Elman müəllim, yəqin Ermənistandakı prosesləri izləyirsiniz, Robert Köçəryanın seçkidən sonra ölkədən çıxışına qadağa qoyuldu. Xocalıda Xocalı canisinin düşdüyü rəzil vəziyyətdən danışmağın yeri var, vaxtilə çox ağır cinayətlər törədib. Siz Köçəryanın sonrakı taleyini necə görürsünüz?
- Mən bir ildən çoxdur ki, müxtəlif müsahibələrimdə Nikol Paşinyana, Robert Köçəryana, Serj Sərkisyana, Vitali Balasanyana və digər quldurlarla bağlı müraciətlər etmişəm. Demişəm ki, əgər Ermənistan dövlətinin mövcud olmasını, inkişaf etməsini və təhlükəsizliyinin təmin olunmasını istəyirsinizsə, Azərbaycan dövlətinə və xalqına qarşı cinayətlər törətmiş şəxsləri Azərbaycana təhvil verin! Yəqin ki, Paşinyan müəyyən məqamı gözləyirdi. O, özündə cəsarət tapıb bunu etməlidir ki, Ermənistan dövlətində də əmin-amanlıq olsun, onun özünün də təhlükəsizliyi təmin edilsin. Çünki mən adlarını çəkdiyim həmin cinayətkarları şəxsən tanıyıram. Onlar əməllərindən geri çəkilən deyillər, qatı cinayətkarlardır, hərbi canilərdir, uşaq qatilləridir. Fürsət düşən kimi yenə də istədiklərini edəcəklər. Kim düşünürsə ki, onlar keçmiş əməllərindən əl çəkəcəklər, yanılır. Ona görə də onlar Azərbaycan qanunları qarşısında cavab verməlidirlər! Bu şəxslər Azərbaycan xalqına və dövlətçiliyinə qarşı çoxsaylı, qəddar və amansız cinayətlər törədiblər. İndi Köçəryanın ölkədən çıxışına qadağa qoyulub. Yəqin ki, müəyyən tədbirlər görüləcək və bu, təkcə ona aid olmayacaq. Onun özündən betər oğlu əmələ gəlib, atasından da betər cinayətkardır, ona qarşı da tədbir görülməldir. Həmçinin Sərkisyana qarşı. Mənim həyətimə bir it azıb, gəlib. Baxıram ki, tula cinsidir. Yəqin ki, vaxtilə onlardan qalmadır, mən də bu tulanın adını “Serjik” qoymuşam…(Gülürük)
Bilirsiniz, Serj Sərkisyan, Vitali Balasanyan, Samvel Şahramanyan, Seyran Ohanyan və digərləri hələ sovet dövründən SSR “KQB”-sinin casus şəbəkəsinin üzvləri olublar. Bu gün də Moskvanın təsiri altında fəaliyyət göstərirlər, casus şəbəkəsinin nümayəndələridirlər. Ermənistanda oturub Moskvaya arxalanırlar ki, guya Moskva onların həbs olunmasına imkan verməyəcək. Ancaq hesab edirəm ki, Paşinyan bəzən çox gözlənilməz və riskli addımlar atır. Daha da cəsarətli addımlar atıb, bu cinayətkarları həbs etdirib, Azərbaycana təhvil versə, bu həm Ermənistanın, həm də erməni xalqının gələcəyi üçün faydalı olar. Mən dəfələrlə demişəm ki, Ermənistanın gələcəyi, inkişafı və bölgədə daimi sülhün təmin olunması, erməni xalqının ağlı başında olan hissəsinin salamat qalması üçün həmin şəxslər mütləq Ermənistandan təcrid olunmalıdırlar! Onların hər biri barəsində Azərbaycanda kifayət qədər cinayət işləri mövcuddur və Azərbaycan onların təhvil verilməsini tələb edir.
- Siz hesab etmirsiniz ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında Dilicanda keçirilən görüşdə də bu məsələlər müzakirə olunub? Çünki həmin vaxt seçkinin yekun nəticələri elan edildi və Köçəryanın ölkədən çıxışına qadağa qoyuldu…
- Çox güman ki, bəli. Mən sizin fikrinizlə razıyam. Yəqin ki, bu məsələ ilə bağlı hələ bizə məlum olmayan tərəflər də var. Çünki Azərbaycan rəhbərliyi həmin cinayətkarların Azərbaycana verilməsini israrla tələb edir. Məncə, Azərbaycan təcridxanalarında çay içib, dincələnlər kimi, onlar da Azərbaycana gətiriləcək, burada mühakimə olunacaq və qanun qarşısında cavab verəcəklər, cəzalarını alacaqlar.
- Biz də buna şübhə etmirik. Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra Ağdam məscidinin qarşısında dediyi sözlər də var idi: “Serj Sərkisyan, Robert Köçəryan, sizin ordunuzu biz məğlub etdik. Paşinyan heç kimdir”. Heç şübhəsiz, bu xəbərdarlığın məntiqi nəticəsi olaraq həmin şəxslərin cəzalandırılması məsələsi dövlətimiz üçün olduqca önəmlidir…
- Görün o cinayətkarlar nə qədər həyasız, nə qədər murdardırlar ki, bu qədər cinayətlər törətdikdən sonra yenidən hakimiyyətə qayıtmaq barədə düşünürlər. Ermənistanı da talan ediblər. Azərbaycan torpaqlarında törətdikləri cinayətlərin bənzərlərini Ermənistanda da törədiblər. Ermənistan parlamentində baş verən qanlı hadisələr də təsadüfi deyildi. Robert Köçəryan, Serj Sərkisyan və onların ətrafında olanların əməlləri idi. Bundan sonar Ermənistan rəhbərliyi də anlamalıdır ki, bunlar fürsət tapan kimi yenidən eyni cinayət əməllərini törədəcəklər. Ona görə də Ermənistanın əmin-amanlıq içində yaşaması üçün həmin cinayətkarlar həbs olunmalı və Azərbaycana təhvil verilməlidirlər.
- Serj Sərkisyan vaxtilə Xocalı aeroportunun ilk sərnişini olacağını demişdi. Siz bu xəbərdarlıqları elə Xocalıdan, hava limanının yaxınlığından edirsiniz…
- Bəli, çox doğrudur. İnanıram ki, o da nə vaxtsa həbs olunaraq Azərbaycana gətiriləcək.
- Xocalıda qəhrəmanlıqla döyüşən və əsir götürülərkən belə, Azərbaycan bayrağını heç kimə verməyən Milli Qəhrəmanımız Natiq Qasımovun dindirilməsi Vitali Balasanyan tərəfindən həyata keçirilmişdi, bu barədə videokadrlar da var. Deməli, o, ən azı Natiqin sonrakı taleyi barədə Azərbaycana cavab verməlidir, elə deyilmi?
- Onu Balasanyanın adamları həbs etmişdilər. Xocalıda əsir götürülən insanların taleyi ilə bağlı çox ağır hadisələr yaşanıb. Onlardan bəziləri Pirlər kəndindəki kilsəyə aparılmışdı, daha sonra Vitali Balasanyanın yanına gətirilmişdilər. Çünki onun əlində Xocalıdan olan çoxlu əsir və girov var idi. Həmin vaxt Balasanyan Xocalıda 8 illik məktəbin direktoru olan rəhmətlik Cəfərov Cəfər Məhəmməd oğlunu Natiq Qasımovun yanına göndərmişdi ki, ona de, əgər təslim olmasa, girov götürülmüş 40-dan çox dinc sakini güllələyəcəyəm. Rəhmətlik Natiq Qasımov xalqımızın qəhrəman oğlu Azərbaycan bayrağını yerə qoymadan, dinc insanların azad olunması naminə öz canını fəda etdi və böyük qəhrəmanlıq göstərdi. Bəli, onun sonrakı taleyinin necə olduğunu isə ən yaxşı elə quldur, cinayətkar Vitali Balasanyan bilir. İnanıram ki, o da nə vaxtsa qanun qarşısında cavab verəcək.
- Elman müəllim, baxmayaraq ki, Ermənistan tərəf sülhdən danışır, amma erməni mətbuatı davamlı şəkildə Azərbaycana çamur atır. Elə bu gün iddia ediblər ki, Xocalının Daşbulaq kəndində guya 1941-45-ə və Qarabağ müharibəsi illərinə aid hansısa “abidə” dağıdılıb. Xocalı soyqırımını törədən, Qarabağı, Şərqi Zəngəzuru tar-mar edənlər vaxtaşırı əsassız iddialar qaldırır. Bu barədə nə deyə bilərsiniz?
- Mən Xocalıda, evimdə oturmuşam, bizim Daşbulaq kəndi ilə aramızdakı məsafə 8 km-dən də azdır. Siz deyən kimi, mən buradan pəncərədən Daşbulağa baxdım. Daşbulağın yerli sakinləri, azərbaycanlılar artıq Daşbulaqda məskunlaşıblar.
- Erməni mediası “Astxaşen” adlı əcaib ad qoyub…
- Onlar dəyişiblər. Xocalıya da “İvanyan” deyirdilər. Şuşa, Laçın, Ağdama da ağıllarına gələn adı qoymuşdular. Daşbulaq 1978-ci ilə qədər Stepanakert rayonunun kəndi idi, daha sonra Əsgəran rayonu yaradıldı, onun tərkibində olub. 1991-cilin 26 noyabrında Azərbaycan Respublikasının Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğvi barədə qərar verdi, mərkəzi Xocalı şəhəri olmaqla, Xocalı rayonu yaradıldı, Daşbulaq da Xocalı rayonunun tərkibindəydi. Hal-hazırda da bizim 200 sakinimiz orada yaşayır.
Onların iddia etdikləri digər abidələrə gəldikdə, Azərbaycan xalqına qarşı cinayətlər törətmiş şəxslərin şəkillərini yaşayış məntələrində vurmuşdular, o itlərə nələrsə həsr eləmişdilər. Təbii ki, biz onları məhv etməliydik. Ancaq iddia etdikləri ki, Daşbulaqda 41-45 müharibəsinə aid heç bir abidə olmayıb, biz də heç bir abidəni dağıtmamışıq. Əgər erməni abidələrini dağıdası olsaydıq, Bakıdakı erməni kilsəsini dağıdardıq, Xankəndidəki kilsəni dağıdardıq, Xankəndidəki ermənilərin hələ o vaxtlar dediyi kimi, “Dadik-Babik”ini dağıdardıq. Yəni “Baba-Nənə”. Mən dəfələrlə müraciət etmişəm ki, o dağıdılmalıdır, götürülməlidir, orda erməni rəmzləri kimi qalır. Gördünüz, onlar həmin abidənin eynisini Krasnadarda qurdular. İnşallah o da söküləcək, hər şeyin vaxtı var. Ancaq Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan heç bir xalqın dininə, dilinə və mədəniyyətinə qarşı deyil. Azərbaycan heç vaxt dini abidələri dağıtmayıb. Əksinə, onları qoruyub və bərpa edib. Bu, növbəti erməni şər-böhtanı, saxtakarlığıdır. Onlar tarix boyu bu üsullardan istifadə ediblər və bu gün də davam etdirirlər.
-Əslində Ermənistan şər-böhtanla baş qatmağa çalışır, bununla da 4 mindən artıq azərbaycanlının taleyi ilə bağlı suallara cavab verməkdən yayınır...
- Bəli. Xocalıdan olan və taleyi məlum olmayan 200 nəfərə qədər itkin sakinimiz var. Ermənistan saxta iddialarla baş qatmaqdansa, azərbaycanlıların taleyinə aydınlıq gətirməlidir.
Elşad Paşasoy,
Musavat.com






