İnsanlara hürriyət, millətlərə istiqlal!

Həkimlər xəstələri özəl klinikalara yönəldə bilməyəcək: İcbari tibbi sığorta ilə bağlı ÇAĞIRIŞ  

1721 04.03.2026 18:59 Ölkə A A


İcbari tibbi sığortanın tətbiqi yenidən Milli Məclisdə müzakirə mövzusu olub.

Musavat.com xəbər verir ki, deputat Azay Quliyev parlamentdə çıxışında bildirib ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən qısa müddət keçməsinə baxmayaraq, sahədə mühüm işlər görülüb və sistemin tam oturuşması üçün dövlət dəstəyi hər il artır: “Bununla belə, tibbi sığorta çərçivəsində hər xəstəyə görə həkimə ödənilən vəsaitin həcminə yenidən baxılması məqsədəuyğun olardı. Hazırda bu məbləğ təxminən 2 manat 40 qəpikdir və ödəniş 2-3 ay gecikmə ilə həyata keçirilir. Bu, həkimlərin göstərdiyi xidmətin qarşılığına uyğun deyil və bəzən ixtisaslı həkimlərin daha yüksək maaş naminə xaricə üz tutmasına səbəb olur. Eyni zamanda vətəndaşların tibbi sığortadan istifadə edərkən xəstəxana seçimi ilə bağlı məhdudiyyətlər aradan qaldırılmalı, seçim imkanları genişləndirilməlidir. Çünki bu məhdudiyyət səbəbindən uzun illər müəyyən həkimin nəzarətində olan vətəndaş, həmin həkim sığorta sisteminə daxil olan tibb müəssisəsində işləmədikdə, ya xidmətdən məhrum olur, ya da sığortadan yararlana bilmir. Ona görə də xəstələrə həkim seçməkdə sərbəstlik verilməsi vacibdir” – deyə deputat qeyd edib.

Eyni zamanda, əhali arasında da narazılıq var ki, bəzi dövlət xəstəxanalarında həkimlər pasiyentləri qəbul etmir və onları ikinci iş yeri kimi çalışdıqları özəl klinikalara yönəldirlər. Bu isə pasiyentlər üçün əlavə ödənişlərin yaranmasına səbəb olur.

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “İcbari tibbi sığorta sisteminin tətbiqinə başlanması nəticəsində ölkədə xəstəxanalar tərəfindən tibbi əhatəlilik ciddi şəkildə yaxşılaşdırıldı. Bundan sonra artıq insanların böyük bir hissəsi əksər tibbi müəssisələrdə pulsuz şəkildə tibbi yardım alma imkanları əldə etmiş oldu. Bu, əslində, infrastruktur qurulduqdan sonra – yəni xəstəxana binalarının təmirinin başa çatması və onların ciddi şəkildə avadanlıqla təchiz olunmasından sonra – səhiyyə sahəsində atılan ikinci uğurlu addım idi. Bu addım həm şəraitin yaxşılaşması, həm də tibbi xidmətlərin əlçatanlığının təmin olunması baxımından faydalı oldu.

Amma təbii ki, məsələ tək bunlarla bitmir. Təkmilləşmə prosesi ümumilikdə olduqca vacibdir. Çünki bütün dünyada bu proses davam edir. İnfrastruktur və əlçatanlıq mərhələsindən sonra optimizasiya mərhələsi gəlir və bu optimizasiya mərhələsi indiki şəraitdə həm də rəqəmsallaşma mərhələsini özündə ehtiva edir. Hazırda lazım olan məsələ icbari tibbi sığorta ilə dövlət müəssisələrinin əməkdaşlığı olduğu kimi, eyni zamanda icbari tibbi sığorta ilə özəl klinikalar arasındakı münasibətlərin də qaydaya salınmasıdır. Bununla yanaşı, bu üçlüyün bir-biri ilə ciddi şəkildə inteqrasiyası təmin olunmalıdır.

Buna nail olmaq üçün isə bu gün daha vacib olan məsələ elektron səhiyyə sisteminin tam şəkildə formalaşdırılmasıdır. Hazırda Səhiyyə Nazirliyi bu problem üzərində ciddi şəkildə işləyir. Əgər digitaliszasiya tam olsa və lazımi qərarlar qəbul olunsa, onda pasiyentin bütün sistem üzrə vahid sağlamlıq pasportu formalaşacaq. Bu sağlamlıq pasportu ilə, qərarlar imkan verərsə, pasiyent istənilən tibbi müəssisəni və istənilən həkimi seçmək imkanı əldə edəcək. Həmin karta istənilən müəssisədə sistemə daxil olduqda pasiyentin sağlamlığı ilə bağlı, hətta uşaqlıq dövründə vurulan peyvəndlərdən başlayaraq bu günə qədər bütün xəstəlik tarixi görünəcək. Bu da sonrakı müayinə və müalicə prosesini asanlaşdıracaq və bütövlükdə tibbi müəssisələr arasındakı inteqrasiyanı pasiyentin xeyrinə dəyişəcək”.

Zülfüqar Yusifov həkimlərə ödənişlə bağlı məsələyə də münasibət bildirib: “Bəli, həkimlərə ödənişin həm gecikməsi, həm də azlığı ilə bağlı fikirlər zaman-zaman səslənir. Əlbəttə, prosesin başlanğıcında bu, ciddi bir addım idi. Dövlət sektorunda çalışan həkimlərin icbari tibbi sığortanın tətbiqi ilə məvaciblərində müəyyən irəliləyiş oldu, müəyyən bonuslar əlavə edildi.

Amma həkim əməyinin daha adekvat dəyərləndirilməsi vacibdir. Eyni zamanda burada çox mühüm bir məsələ də həkim əməyinə münasibətdə qoruyucu mexanizmin olmasıdır. Çünki sığorta mövcuddur deyə həkimin sonsuz sayda pasiyent qəbul etməsi məcburiyyəti olmamalıdır.

Aşağı ödənişlər qarşılığında çox sayda qəbul aparılması həkimi məcbur edir ki, məvacibini artırmaq üçün daha çox pasiyent qəbul etsin. Bu isə ümumilikdə xidmətin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Ona görə də bir sıra ölkələrdə müəyyən ixtisas sahibləri üçün konkret pasiyent limiti müəyyən edilir – gün ərzində neçə pasiyent qəbul olunmalıdır.

Çünki qəbul prosesi təkcə müayinə deyil; sorğu, fiziki baxış, əlavə müayinələr və müalicə prosesinə başlamaq kimi mərhələləri əhatə edir və bunların hamısı vaxt tələb edir. Bu vaxt yetərli ayrılmadıqda keyfiyyətli tibbi xidmət göstərmək mümkün olmur. Ona görə də həm əməkhaqlarının müəyyən qədər artırılması, bonusların yüksəldilməsi vacibdir, həm də xidmətin keyfiyyətinin yüksəlməsi üçün pasiyent sayına müvafiq məhdudiyyətlərin tətbiqi zəruridir”.


Afaq Mirayiq,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR