Cənubi Qafqaz tarixi və geosiyasi baxımdan çox mürəkkəb bölgədir. Burada baş verən münaqişələr regiondakı ölkələrin təhlükəsizlik və diplomatik yanaşmalarını daim formalaşdırır. Gürcüstan münaqişə sonrası dövrdə regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır. Ölkə birbaşa münaqişələrin tərəfi olmadan, amma regiondakı təhlükəsizlik və siyasi dinamikanın təsiri altında dialoqu təşviq etmək və münaqişə tərəfləri arasında əlaqə qurmaq məqsədini güdür. Gürcüstanın sülhə dair yanaşması beynəlxalq hüquq və normativ prinsiplərə əsaslanır, münaqişələrin sülh yolu ilə həllini və regionda əməkdaşlığın genişlənməsini dəstəkləyir.
Mövzunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Nəsibə Mirzəyeva ilə müzakirə etdik.

Ekspert hesab edir ki, Cənubi Qafqazda münaqişə sonrası mərhələdə sülhün və sabitliyin möhkəmləndirilməsi region dövlətləri üçün əsas prioritetlərdən biri olaraq qalır.
Musavat.com-a şərhində o bildirib ki, bu prosesdə Gürcüstan özünü birbaşa münaqişələrin tərəfi olmayan, lakin regiondakı siyasi və təhlükəsizlik dinamikalarından birbaşa təsirlənən ölkə kimi mövqeləndirir:
“Məhz bu mövqe ona müəyyən hallarda dialoqun təşviqi və ünsiyyətin asanlaşdırılması baxımından fərqli rol oynamaq imkanı yaradıb. İndiyədək Gürcüstan regionda sülh və sabitliklə bağlı yanaşmasını əsasən normativ prinsiplər üzərində qurub. Rəsmi Tbilisi münaqişələrin sülh yolu ilə həllini, tərəflərin suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörməti, eləcə də eskalasiyanın qarşısının alınmasını dəstəklədiyini ardıcıl şəkildə ifadə edib. Praktik müstəvidə bu mövqe daha çox texniki və humanitar xarakterli təşəbbüslərin dəstəklənməsi, tərəflər arasında birbaşa və ya dolayı təmaslar üçün platforma rolunun icrası ilə müşayiət olunub. Bu fəaliyyətlər vasitəçilikdən daha çox, proseslərin irəliləməsinə kömək edən asanlaşdırıcı rol kimi qiymətləndirilə bilər.
Gürcüstanın bu yanaşması eyni zamanda onun regiondakı iqtisadi və nəqliyyat layihələrinə verdiyi əhəmiyyətlə də uzlaşır. Regionda sabitliyin qorunması enerji və tranzit marşrutlarının fasiləsiz fəaliyyəti, eləcə də regional əməkdaşlıq imkanlarının genişlənməsi baxımından mühüm amil kimi nəzərdən keçirilir. Bu kontekstdə Gürcüstanın mövqeyi balanslı münasibətləri qorumaq üzərində qurulub”.
Nəsibə Mirzəyevanın fikrincə, bu yanaşma Gürcüstanın 3+3 regional əməkdaşlıq formatında iştirak etməməsi məsələsində də öz əksini tapır:
“Gürcüstanın bu formatda təmsil olunmaması adətən formatın mövcud tərkibi və siyasi konfiqurasiyası ilə əlaqələndirilir. Xüsusilə Rusiya ilə mövcud münasibətlər fonunda Gürcüstanın təhlükəsizlik və xarici siyasət prioritetləri bu məsələdə həlledici amillərdən biri kimi göstərilir. Eyni zamanda, Gürcüstanın mövqeyi formatın özlüyündə regional dialoq ideyasına qarşı olmaqdan daha çox, onun hazırkı institusional çərçivəsi ilə bağlı uyğunluq məsələləri üzərində fokuslanır. Cari ildə Antalya Diplomatiya Forumu müzakirələrində çıxış edən Gürcüstanın Xarici İşlər naziri Maka Boçorişvili bu formata Gürcüstanın qoşulub-qoşulmayacağı ilə bağlı suala aydınlıq gətirdiyində Gürcüstanın 3+3 formatında iştirakı düşünmədiyini, ölkənin iki bölgəsinin Rusiya tərəfindən işğalına diqqət çəkib. Maka Boçorişvili bildirib ki, Gürcüstan qonşuları ilə əməkdaşlıq etməyə və regional əməkdaşlığa və regional layihələrə töhfə verməyə hazırdır, lakin bu, 3+3 formatı deyil. “Rusiya Federasiyası ilə yalnız bir formatımız var, bunlar Cenevrə Beynəlxalq Müzakirələridir, burada Gürcüstan və Rusiyanın münaqişə barədə bir-biri ilə danışdığı və ABŞ, BMT, ATƏT və Aİ-nin bu formatda təmsil olunduğu yerdir. Bu, bizim üçün çox dəyərli bir formatdır və bizə münaqişə ilə bağlı məsələləri müzakirə etmək imkanı verir”, - deyə Maka Boçorişvili bildirib. Parlamentinin birinci vitse-spikeri Gia Volski Gürcüstanın gələcəkdə 3+3 formatında iştirakını istisna etməyib.
Millət vəkilinin sözlərinə görə, məsələ Gürcüstanın hazırda formatda iştirak etməkdə maraqlı olacağı səviyyəyə qaldırılmayıb. O hesab edir ki, dünyada baş verən proseslər Gürcüstanın gələcək mövqeyini müəyyən edir. Bu baxımdan da Gürcüstan hökuməti hər zaman siyasi imicinə, xarici siyasətinə, iqtisadi maraqlarına xələl gətirilməməsi üçün çalışıb. 3+3 formatının gələcək iclasının Bakıda keçirilməsi ehtimalı ilə bağlı Gürcüstanın mümkün iştirakı məsələsinə dair açıq və rəsmi mövqe dəyişikliyi müşahidə olunmur. Diplomatik praktikada bu cür qərarlar adətən iclasın gündəliyi, müzakirə olunacaq mövzuların xarakteri və iştirakçıların tərkibi nəzərə alınmaqla formalaşır. Bu baxımdan, Gürcüstanın mövcud mərhələdə regionda ikitərəfli və alternativ çoxtərəfli mexanizmlər vasitəsilə dialoqa töhfə verməyə üstünlük verdiyi müşahidə olunur.
Nəticə etibarilə, Gürcüstanın Cənubi Qafqazda sülh proseslərindəki rolu daha çox neytral mövqenin qorunması, dialoqun təşviqi və regiondaxili sabitliyin dəstəklənməsi çərçivəsində dəyərləndirilə bilər. Onun müəyyən formatlarda iştirak etməməsi isə regional sülh təşəbbüslərindən kənarda qalmaqdan daha çox, ölkənin xarici siyasət xətti və təhlükəsizlik yanaşmalarının məntiqi davamı kimi izah olunur”.
Nigar HƏSƏNLİ,
Musavat.com






