İnsanlara hürriyət, millətlərə istiqlal!

"Güney Azərbaycan artıq müşahidəçi ola bilməz – müstəqillik vaxtı çatıb"  

846 10.01.2026 13:37 Dünya A A

Məlum olduğu kimi ötən gün yanvarın 9-da İranda etirazların şiddətləndiyi bir vaxtda Cənubi Azərbaycanın mərkəzi Təbrizdə də etiraz aksiyaları keçirilib. Məlumata görə, Tehran və digər mərkəzi şəhərlərdə toqquşmalar davam edərkən axşam saatlarından etibarən Təbrizin tarixi qapalı bazarı və ətraf ticarət mərkəzləri etirazlara dəstək məqsədilə fəaliyyətini dayandırıb. Bildirilir ki, bu addım rejimin iqtisadi dayaqlarına yönəlmiş etiraz kimi qiymətləndirilir.

Yayılan məlumatlara əsasən, yanvarın 10-u üçün Təbriz, Urmiya, Ərdəbil və Zəncan başda olmaqla bir sıra iri şəhərlərdə mərkəzi meydanlara çıxmaq çağırışları edilib. Etiraz aksiyalarının daha geniş coğrafiyanı əhatə edəcəyi istisna olunmur.

Hadisələr zamanı Təbriz və Ərdəbildə meydana çıxan etirazçılar “Azadlıq, Ədalət, Milli Hökumət” şüarları səsləndiriblər. Məlumata görə, aksiyalarda həm İslam Respublikası rejimi, həm də Pəhləvi tərəfdarları əleyhinə şüarlar səsləndirilib. Etirazçılar milli idarəetmə tələbi ilə çıxış ediblər.

Etirazların bu cür kütləviləşməsi, Güney Azərbaycanda da yayılması İran daxilində vəziyyəti necə dəyişə bilər?

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət Musavat.com-a danışıb. Siyasi şərhçinin fikrincə, İranda baş verən hadisələr birmənalı şəkildə Güney Azərbaycanın taleyinə ciddi təsir göstərir və göstərməlidir:

"Başqa cür də ola bilməz. İran daxilində, o cümlədən azərbaycanlılar da daxil olmaqla, türklərin sayı ölkə əhalisinin az qala yarısını təşkil edir. Hətta bəzi məlumatlara görə, bu rəqəm yarısından da çoxdur; hər halda 40–60 faiz civarında olan əhali türklərdir. Belə bir şəraitdə türklərin hərəkətverici qüvvə olması şübhəsizdir.

Hazırda baş verən hadisələr fonunda türklərin müşahidəçi mövqedə qalması mümkün deyil. Çünki İranın taleyi həll edilirsə, burada həm də türklərin taleyi, Güney Azərbaycanın taleyi həll olunur. Biz düşünürük ki, artıq bu mərhələdə Güney Azərbaycanın müstəqil dövlət kimi qurulmasının vaxtı çatıb. Çünki farslarla bir dam altında bizim millətimiz nə xoşbəxtlik tapa bilib, nə də tapacaq.

1925-ci ildən hakimiyyətə gəlmiş şah rejimi fars şah rejimi olmuşdur, daha sonra 1979-cu ildə onu devirmiş və yerinə gəlmiş molla rejimi də fars molla rejimi olub; türklərə nicat bəxş etməyiblər. Əksinə, etnik sıxışdırma daim davam edib, türklər aşağılanıb, onlara ikinci deyil, hətta ən axırıncı sort millət kimi yanaşılıb. Türk dilində bir məktəbin belə açılmasına icazə verilməyib; türk dili daim sıxışdırılıb, türkçülük məhdudlaşdırılıb.

Bütün bunların fonunda indi durub yenidən İranda nəyinsə dəyişəcəyinə ümid etmək sadəlövhlük olardı. Ona görə də düşünürəm ki, bu hadisələr işığında Güney azərbaycanlılar arasında təşkilatlanma getməlidir. Güney Azərbaycanın müstəqil dövlət kimi özünü elan etməsinin vaxtı çatıb".

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR