İnsanlara hürriyət, millətlərə istiqlal!

Güllü üfüqlər - yaxud mən niyə elektrik ola bilmədim

1603 04.02.2024 19:27 Yazarlar A A

Ötən yazımda Qərbin ölkəmizə qarşı çirkin siyasətini ifşa etmişdim, hörmətli oxucularımızdan Vüsal Bağırlı buna münasibətini açıqlamışdır: “Mən Füzulinin Qərbənd kəndində doğulmuşam. Güman edirəm bizim kəndin camaatı qədimlərdə Qərbdən gəlmişdir. İndi biz nə edək?”

Doğrudan da, çətin məsələdir. Şair demişkən, indi hara üz tutasan, hara gedəsən, bu axşamüstü? Ancaq Qərbənd sakinlərinin əvəzinə biz qərar verə bilmərik. Ölkəmizdə yaşayış yerini seçmək sərbəstdir. Kim harda xoşlayırsa, orda da yaşayır. Məsələn, Bəxtiyar Hacıyev bir il qabaq Yasamalda olurdu, indi Kürdəxanıda qalır.

Ümumiyyətcə, ölkəmizdə islahatlar davam edir, buna şübhəmiz yoxdur. Təzəlikcə Naxçıvanda islahatlar daha sürətlənmişdir. Orada bəzi idarələrin adı dəyişilibdir. Məsələn, Culfa Yol Təmir Tikinti İstismar İdarəsi bundan sonra Culfa Yol Təmir Tikinti İstismar Məhdud Məsuliyyətli Cəmiyyəti olacaqdır. O cümlədən, Şərur Yol Təmir Tikinti İstismar İdarəsi də Şərur Yol Təmir Tikinti İstismar MMC olmuşdur.

Möhtəşəm dəyişiklikdir. Sokrat demişkən, bütün yollar Romaya aparır. Yaxud, Bibliyada deyilən kimi: ego sum, qui sum. Bunun tarixi belədir ki, bir gün Musa peyğəmbər Tanrıdan adını soruşur. Tanrı deyir adım nədirsə oyam.

Yeri gəlmişkən, qədim çan-buddizm mətnlərində də oxşar mövzulara rast gəlinir. Eramızın 497-569-cu illəri arasında yaşamış çinli şair Fu Yu bir şeirində yazır: “Boş əlimdə toxa tutmuşam, Camışın belində piyada gedirəm, Budur, kimsə körpüdən keçir, Axan körpüdür, çay deyil”. İnşallah, bir gün bu mövzuya ətraflı qayıdarıq.

Əslində islahatların daha da davamlı olması üçün hələ imkanlar qalır. Elə “Culfa Yol Təmir Tikinti İstismar” ifadəsinə diqqət eləsək, burada imperializmin müstəmləkəçilik siyasətinin izləri vardır. Niyə biz yolu istismar etməliyik? Yol getmək üçündür.

Yaxud, “məhdud məsuliyyətli cəmiyyət” ifadəsi xalqımızı nahaq yerə məhdudlaşdırır, məsuliyyətimizi azaldır. Dilin cəmiyyətə, həyata təsiri danılmazdır. Bunu öyrənən ayrıca elm də var, semiotika adlanır. Dildə, mətndə gizli simvolları, işarələri aşkar edirlər. Düşünürəm ki, bizdə semiotika elmi zəif inkişaf etmişdir. Orada islahatlar lazımdır.

Psixoloji baxımdan “məhdud” sözü gələcəyimizə də neqativ təsir edir. Bu, təxminən Paşinyanın “sərhəddən qoşunu geri çəkin, qorxuruq” açıqlamasına oxşayır. Keçən əsrin ortalarında Britaniyada belə maraqlı araşdırma aparılıb: məlum olub ki, dükanlarda, idarələrdə, metroda-filanda qoyulan “qadağandır” işarələri insanların əsəb sisteminə çox mənfi təsir edir. Hətta bu işarələr intiharları artırırmış. Ondan sonra Britaniya hökuməti qərar verib ki, belə işarələri ya azaltsınlar, ya da dəyişsinlər. Yadıma gəlir, biz uşaq olanda sovet hökuməti bütün elektrik mənbələrində üzərinə şimşək düşən insan kəlləsi skeleti emblemi vurardı, “əl vurma, öldürər” yazardı. Nəticədə nə qədər uşaq fizika elmindən qorxaraq soyudu, indi evdə rozetka dəyişməyə savadlı elektrik tapmırıq. Bəlkə o travma olmasa mən indi kvant fizikası üzrə professor idim, bazar günü oturub sizə köşə yazmaq yerinə hansısa qara dəlikdə eşələnirdim.

Naxçıvandan söz düşmüşkən, bugünlərdə oradan bir ekzotik xəbər də aldıq: yerli əmək müfəttişliyi türkiyəli aktyor, “Qurdlar vadisi” serialında “Güllü Erhan” roluyla tanınan Erhan Ufuk-u cərimələmişdir. Deyəsən Erhan müəllim orda qanunsuz əmək fəaliyyətiylə məşğul olurmuş. Gör Vasif müəllim bölgədən çəkilən kimi ora kimlər doluşubdur... Bir azdan Polad Alemdarın bütün mafiyası gələr.

Bu xəbəri qurdalayanda daha bir ekzotik xəbər tapdım. Sən demə Erhan müəllim ölkəmizdə “Sənət Akademiyası” açıbmış. 2021-ci ildə. Əgər Cahangir Novruzov kimi yüksək səviyyəli rejissor və aktyor 30 ildir burdan çıxıb gedib Adanada kabab... üzr istəyirəm, hansısa universitetdə tələbə hazırlayırsa, bizə də ordan Güllü Ərhan gəlməlidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR