İnsanlara hürriyət, millətlərə istiqlal!

Göycə, yoxsa göyçə

1402 28.05.2024 09:53 Yazarlar A A

“Göy cöngə, dümgöy cöngə, gömgöy cöngə”

(dördüncü siniflərin imtahan sualından)

Öncə oxucularımızı Müstəqillik Günü bayramı münasibətilə təbrik edirəm. Müstəqil olmaq çox yaxşı haldır, bəlkə indiki gənclər bilməz, biz uşaq olanda sovet hökumətinin zülmü altında inildəyirdik. Nə qazanırdıqsa, hamısını Moskva tutub əlimizdən alırdı. 

Düzdür, indi də qazandıqlarımızı əsasən əlimizdən alırlar, ancaq öz millətimizə veririk! Bundan gözəl nə ola bilər? Öz rüşvətxorumuz hansısa Vasyadan, Nataşadan əzizdir. Sovetin vaxtında şairləri Sibirə sürgün edir, Nargin adasında öldürürdülər, indi Şabranda kottec, Bakıda adaya baxan təmirli mənzil verirlər. 

Ali Sovetdə deputatları isə sağıcı və çobanlardan təşkil edirdilər, onlar da iclasda çapan çalıb dağılışırdı. Maşallah, indi Milli Məclisdə hüquqşünaslar, siyasətçilər, iqtisadçılar əyləşir. Nəsə, söhbəti çox uzatmayım, bayramınız qutlu olsun, həmişə müstəqil olasınız. 

Gündəmə keçək. Gündəmdə duran başlıca məsələlər isə Balaəlinin dekan qoyulmağı perspektivləri, alçanın qiyməti, gilasın səbətin deşiyindən tökülməsi, toz fırtınası və neftin qiymətinə büdcədə yenidən baxılmasıdır. Şəxsən məni alçanın qiymətindən başqa nəsə maraqlandırmır. 

Burada isə biz qiymətin əmələ gəlməsi faktoruna baxmalıyıq. Alçanın dükan-bazar qiyməti necə formalaşır? İlk növbədə maya dəyəri hesablanır. Kəndli ağaca nə qədər xərc çəkib, neçə manatlıq su, gübrə verib, hansı zərərvericilərə qarşı dərmanlayıb və sairə. Üstünə gəlinməlidir nəqliyyat xərcləri, bazarda yerin icarəsi, vergilər. Nəhayət, mənfəət də əlavə olunmalıdır, çünki mənfəət olmasa gələn il alça becərən tapılmaz. 

Əlbəttə, müəyyən vətən fədailərini nəzərə almasaq. Belə bir qrup adam var, onlar soğan, pomidor, xiyar, alça, kartof, çiyələk və sairə becərir, hər il ziyana düşürlər. Ancaq yenə yorulmadan xalq yolunda canlarını qoyurlar. Bunlar arasında deputatlar, icra başçıları xüsusi seçilir. Məsələn, Ramiz Mehdiyev aparatda vəzifə tutanda xanımı Qalina xanımın adına Novxanıda üzüm bağları salmışdı. Ziyanla işlədiyi üçün üzümlüyə hər il Kənd Təsərrüfatı Nazirliyimiz dotasiya ayırırdı. 5 min manat, 10 min manat... Mövsümə baxırdı. 

Bu misalı havayı yerə çəkmədim. Bəzən əhali, xüsusilə şəhər sakinləri və nəğməli qonaqlarımız meyvə-tərəvəzin bahalığından şikayətlənir, lakin onların necə yaranması haqda təsəvvürləri olmur. Yuxarıda saydıqlarımızla bitmir ki? Meyvələrin son satış qiymətinin daxilində vətən sevgisi, icra başçısına məhəbbət, polis rəisinə diqqət, prokurora səmimiyyət, nazirliyə mərhəmət və sairə bu kimi elementlər də vardır. Nəticədə alça olur kilosu 15 manata. 

İnsafən, adı Göycə olan alçanı ucuz satmaq da ayıbdır. Axı bu meyvə bizə qədim torpaqlarımızı, işğal altında olan müqəddəs gölümüzü xatırladır. Gəlin etiraf edək, Göycə alçasının qiymətindən narazılıq edənlərin qanı yoxlansa, heç yaxşı faktlar ortaya çıxmaz. Düşünürəm əlaqədar orqanlar araşdırma aparmağa borcludur. 

Sözgəlişi, nəhayət, Nəsimi adına Dilçilik İnstitutu da fəaliyyət göstərməli, bu ümummilli məsələyə birdəfəlik aydınlıq gətirməlidir. Bəziləri sözügedən meyvəni “göycə”, bəziləri “Göyçə”  adlandırır, nəticədə qarışıqlıq, xaos yaranır, sabitliyə xələl gəlir. 

Bir elmi versiya budur ki, alça ilk dəfə Göyçə tərəfdən müstəqil respublikamıza yayılıb. İkinci versiyaya görə, rəngi göyümtül olduğu üçün göycə deyilir. Üçüncü ehtimal bazardan alça almaq istəyib göynəyən alıcının hisslərinə istinad edir. Dördüncü nəzəriyyə belənçikdir ki, qədimlərdə bir göyçək nazir varmış, alça bolluğu yaradıbmış, xalq onun keyfiyyətini əsrlər boyu yaşatmaq qərarına gəlmişdir. 

Hansı düzdür, şəxsən mən bilmirəm. İnstitut bilməyə borcludur. Boş-boş oturunca belə problemləri həll etsinlər. Son olaraq qeyd edim ki, milli müstəqilliyimizdən qabaq bu qədər alça da yox idi.  

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR