İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənclər və inhisarçılar

1126 02.02.2024 11:28 Yazarlar A A

“Ac acı dalayar, tox toxu yalayar”

(Azərbaycan ata sözü)

Öncə bütün zəhmətkeşlərimizi 2 fevral Gənclər günü münasibətilə təbrik edirəm. Hökumətimizin gənclərə qayğı, diqqət istiqamətində atdığı addımlar faydasını verməkdədir. Ta əski zamanlardakı kimi “Filan işdə yaşlılar çoxdur, gəncləri qabağa çəkməliyik” donquldanmağa heç kəsin əsası yoxdur. Bütün sferalarda gənclərimiz ağsaqqal və ağbirçəkləri qatlayıb ciblərinə qoymağa qadirdir, hərçənd bunu eləməzlər - milli adətlərimizə görə yaşlılara hörmətlə yanaşırlar. 

Məsələn, tutaq ki, hökuməti tərifləmək lazımdır. Gənclərdən elə sözlər çıxır, elə həssas, hərarətli, ehtizazlı nöqtələr tapıb ehtirasla, yanğı ilə toxunurlar, qalırsan mat-məəttəl: “Bunlar bu işi harda, haçan, kimdən öyrəndilər?” Bəzi yaşlı deputatlar, şairlər, artistlər belə gəncləri görəndən sonra rəqabətə dözməyib həyatla vidalaşmışdır. Allah onlara rəhmət eləsin. Şair demişkən, ölən öldü, qalan sağlar bizimdir. Sağlığında qiymət verək insanlara. Ölüm sevinməsin qoy, ömrünü vermir bada... Nəsə, poeziya dəqiqələri, nəğmə çələngi burada bitsin artıq. 

Rəqabət demişkən, təzəlikcə bizdə Rəqabət Məcəlləsi hazırlandı, imzalandı, yayda tam qüvvəyə minəcəkdir. O zaman zəhmətkeşlərimiz arasında rəqabət daha artacaq, sürətlənəcəkdir. Yoxsa hazırda bəzən rəqabət görmürük. Bizim küçədə bircə nəfər göysatan arvad var, Gülsənəm xala. Vəssalam. Nəticədə bu qış kənd yumurtasının qiyməti, yalan olmasın, bəlkə dənəsi 1 manata qalxmışdı. Keşnişin qomunu 20 qəpikdən satır. Yuxanın 10 ədədi 1 manatdır. Əsl inhisarçıdır. Ancaq boynuna almır. Buna son qoymaq lazımdır. Ümidvaram məcəllə qüvvəyə minəndə küçəmizdə 3-4 nəfər də göysatanın peyda olmasına şərait yaradılacaqdır. Ehtiyac var. Yoxsa Gülsənəm xala harınlayıb oliqarxa çevrilər. 

Rəqabət Məcəlləsi “Məhəllə” marketin dövriyyəsinə də müsbət təsir göstərəcək, orda adını nisyə dəftərə yazdıranlar çoxalacaq. Təəssüf ki, bəzi soydaşlarımız öz məhəlləsini qoyub, başqa məhəllədə adını nisyə dəftərinə yazdırır. Buna da son qoyulmalıdır. 

Ümumiyyətlə, nə qədər çox şeyə son qoyulsa yaxşı olar. İndi ağlıma gəldi, bu “son” söz olaraq əslində yaxşı sözdür, ancaq nədənsə sahibkarlarımız istifadə etmir. “Son” şadlıq sarayı - gör nə yaxşı səslənir. 

“- Toyunuz harada olub? - Sonda”. “Sonacan bir yerdə olmağa söz veririk”. “Sonda xoşbəxt oldular”. Hələ sonra “Xoşbəxt son”, “Sonun sonası”, “Bu da son” kimi adlarla şadlıq sarayları açmaq lazımdır. 

Bəli, məcəllə qüvvəyə minməsə də, artıq havası ölkəmizi vurur. Yanvarın 24-də məhkəmə elə bir mağazalar şəbəkəmizi cərimələyib ki, mən hətta indi onun adını burda yazmağa qorxuram. Zəhmətkeşin biri gedib həmin qurban olduğum mağazadan şərab alıb. Şərabın üstündə 11 manat 99 qəpik qiymət yazılıbmış, lakin kassada ondan 15 manat 59 qəpik tələb ediblər. Zəhmətkeşimiz ərinməyib, dükanı verib məhkəməyə (güman edirəm şərabı içəndən sonra ona şir cəsarəti gəlmişdir). Daha dəqiqi, antinhisar və istehlak bazarına nəzarət idarəsinə şikayət edib, idarə özü dükanlar şəbəkəsini məhkəməyə verib! Fantastikadır. Məhkəmə isə dükanı 4 min manat cərimə edib! 

Bundan sonra hakimin cəsədinin qalıqları şərab butulkasından tapılmışdır. Zarafat edirəm, hakim turp kimidir, hər gün işə gəlir-gedir. Uşaqları da qızılca olmayıb, məktəbə gedirlər. Deməli, bizdə məhkəmə-hüquq islahatları da artıq başa çatmışdır. Ya da başa çatmaq üzrədir. Bəlkə lap azca qalıb. 

Hazırda dəqiqləşdirirəm, məhkəmə-hüquq islahatlarımız başa çatıbsa, sizə də xəbər verərəm, papağı yan qoyarsınız.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR