İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənc hakimlər üçün moped

1040 24.02.2024 12:10 Yazarlar A A

Məhkəmə hakimləri haqda təzə qanun düzəldirik, bu iş üçün vacib olan 30 yaşı keçmək tələbi ləğv edilir. Çox yaxşı qərardır. Hətta deyərdim islahatdır. Tarixə qızıl hərflərlə yazılacaqdır. 

Axı haçana qədər qoca hakimlər işləməlidir? Femida ədalət ilahəsi olaraq cavan oğlanlara ehtiyac duyur. Mazaqlaşmaq üçünmü? Qətiyyən. Biz belə tərbiyəsiz versiyalardan uzağıq. Sadəcə, gənclər məhkəmə proseslərinin gərginliyinə, sıxlığına daha dözümlü olacaqdır. 

Elə hakim var ayda 700 işi peçatlamalıdır. Sifarişləri çatdırmaq baxımından da gənclər sərfəlidir, məsələn, biz müşahidə eləsək, yemək daşıma, taksi xidməti firmalarında əsasən gənclərin, bəzən hətta yeniyetmələrin çalışdığını görərik. Güman edirəm Milli Məclis qanuna dəyişiklik edərkən hakimlərin motosiklet, moped, velosiped, “Prius”, həmçinin qida termoslarıyla təminatı kimi vacib məsələləri də nəzərə alacaqdır. Sifarişləri soyutmaq olmaz. Çatdırılma, qəbul, paketləmə, brendinq və sairə bazar iqtisadiyyatının önəmli detallarıdır. 

İkinci mühüm xəbəri Yeni Suraxanıdan almışıq, orada bələdiyyə sədrini korrupsiya üstündə tutublar. Bu bizə nədən xəbər verir? Ay sağ olasınız: deməli, hələ Yeni Suraxanıda satılası torpaqlar qalmaqdadır. Yoxsa məsəl üçün, Biləcəri və ya Nəsimi bələdiyyəsi aydan arı, sudan durudurmu? Yeyib doyublar? Yox. Satılası və üstündə tutulası (oxu: qurban getməyə) torpaq qalmayıb bəzi ərazilərdə. Başqa mənada bələdiyyənin hansı səlahiyyəti var, kimin nəyinə gərəkdir ki... Bunun seçilməsindən tutmuş maliyyələşməsinə, səlahiyyətindən vəzifələrinə qədər hər bir şey hökumətdən asılıdır. Adı “yerli özünü idarəetmə” olsa da, çox zaman bələdiyyə sədrləri gəlmələrdən təyin edilir. Elə bələdiyyə var, küçəni süpürmək üçün süpürgəni də icra hakiminin göstərişi ilə alır. Süpürgə cəhənnəmə, hətta bəzi bələdiyyələr asqırmaq üçün yuxarıdan göstərişə möhtacdır. 

Uzun sözün qısası, Yeni Suraxanı sakinlərini təbrik edirəm. Ərazidə canlanma var. 

Başqa bir canlanma hansısa orta məktəbimizdə müşahidə edilibdir, orada şagird sinifdə partalar üzərində gəzir, tullanırdı, axırda yıxıldı. Savadsız vətəndaşlar həmin uşağı qınayırlar, onu və valideynlərini tərbiyəsiz adlandırırlar. Halbuki o uşaq bədən tərbiyəsi dərsində idi. Kim bilir?.. 

Məktəblərimizdə, xüsusən Bakıda və Abşeron yarımadasında idman dərsi keçmək üçün stadionlar, idman qurğuları sıfırın altındadır. Mən bunun canlı şahidiyəm. Uşağa bədən tərbiyəsi dərsi çox dırnaqarası keçilirdi, getdim direktora şikayətə, elə ağlaşma qurdu, mən də qoşuldum buna, ağlaşdıq. Deyir məktəbimdə 82 sinif var, bir balaca da idman zalı var. İndi sən gəl həmin 82 sinifin bədən tərbiyəsi dərslərini həftənin 5 günlük dərs cədvəlində o zala yerləşdir görüm necə yerləşdirirsən. Açığı, nə qədər vurub-böldük, çıxdıq, kök altına saldıq, loqarifmik tənliyə çevirdik, kosinus bucaqları açdıq, hətta qurbağa tutub ayağını toka verdik - xeyri olmadı. Siniflər idman zalına yerləşmədi. Bəzisi məktəbin hasarından qırağa çıxdı. 

İdman ərazisi, məşq qurğuları problemi Bakı məktəblərində həddindən artıq ciddidir. Ona görə məktəblilər arasında idman yarışları yox kimidir. Ona görə bir çox müəllimlər idman dərsini elə sinif otağında keçirlər. Uşaqlar ayağa durur, çömbəlir, əl-qol hərəkətləri edir, adı da olur idman dərsi. Bəzi müəllimlər isə şahmat, dama, domino paylayır, şagirdlər idman dərsi adıyla başlarını bu cür qatırlar.  

Təbiətin qanunlarını heç kim poza bilməz. Əgər sən uşağa uzununa və hündürlüyə tullanma dərsləri keçməsən, o gəlib sinifdə partalar üzərində tullanacaq. 

Üstəlik, həmin uşaqdan gələcəkdə yaxşı məhkəmə hakimi ola bilər - indidən yıxılıb-durmağı öyrənmişdir.   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR