İnsanlara hürriyət, millətlərə istiqlal!

Gədəbəydə “ingilis çəpərləmələri” - Ermənistanla sərhəd kəndlərində haray qopdu: “Heyvanlarımıza da, bizə də amnistiya verin” VİDEO

1014 05.06.2026 16:22 Sosial A A

Rayonda yaylaqları kim hasarlayıb? - Kəndlilər ağlayır, örüş yerləri bağlanıb; Yüz manata alaçıq qurmağa icazə verirlər?

Gədəbəy rayonunda yaylaq və örüş sahələri ətrafında yaranan vəziyyət ciddi narazılığa səbəb olub. Ermənistanla sərhəddə yerləşən Şahdağ, Çobankənd, Çiçəkli və ətraf kəndlərin sakinləri iddia edirlər ki, illərdir istifadə etdikləri örüş və yaylaq əraziləri hasarlanıb, nəticədə heyvandarlıqla məşğul olan ailələr ağır vəziyyətlə üz-üzə qalıblar.

Sakinlərin sözlərinə görə, bu prosesin başında Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Vasif Nəbiyev, rayon icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Natiq Nağıyev və bələdiyyə sədri Zahid Vəliyevin oğlu Arzu Vəliyev durur.

Yerli əhali onu da iddia edir ki, hasarlanan ərazilərdə onların mal-qarasının otarılmasına imkan verilmir, lakin həmin sahələrdən müəyyən şəxslərin şəxsi təsərrüfatları üçün istifadə olunur.

Yaylaq mövsümünün başlandığı bir vaxtda kəndlilərin ən böyük problemi köç üçün münasib ərazi tapa bilməmələridir. Onların sözlərinə görə, əvvəllər istifadə etdikləri yaylaq sahələrinin ətrafı bağlanıb, nəticədə yüzlərlə baş mal-qaranın saxlanılması və otarılması çətinləşib. Sakinlər bildirirlər ki, dolanışıqlarının əsas mənbəyi olan heyvandarlıq təhlükə altına düşüb.

İddialara görə, bəzi ərazilərdə gələcəkdə balıq təsərrüfatlarının yaradılması planlaşdırılır. Eyni zamanda yaylaq yerlərinin müəyyən məbləğ qarşılığında istifadə üçün verildiyi barədə də şikayətlər səsləndirilir. Hətta müdhiş iddia irəli sürülür ki, yüz manat qarşılığında sakinlərə yaylağa köçüb alaçıq qurmağa icazə verilir.

Burada xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, söhbət ölkənin strateji və sərhəd bölgələrindən birindən gedir. Uzun illərdir həmin ərazilərdə yaşayan və təsərrüfat quran insanlar indi öz torpaqlarında örüş sahəsi tapa bilmədiklərini deyirlər.

Uzun illər Çobankənd orta məktəbinə rəhbərlik edən Sahib Babayev olduqca sərt danışıb:

“15 ildən çox direktor işlədim. Hamı bilir necə çalışmışam. İndi Gədəbəydə heç nə mümkün deyil. Rayonu sanki “quldur yuvası”na döndəriblər. Camaatın dolanışığı heyvandarlıqdan keçir. İndi nə etsinlər? Bu meşə də xalqındır. Bir sözlə, çalışırlar ki, sakinlər buralardan köçsünlər, bunlar da bu yerlərə tam yiyələnsinlər. Rayonun müdafiəsi zamanı indi rəhbərlikdə olanların çoxu qaçıb getmişdi. Cənab Prezident hər zaman xalqın qayğısına qalır. Dəfələrlə bildirib ki, torpaq onu azad edənlərin, qoruyanlarındır. Biz də bu yerləri qoruyuruq. Torpağı zamanında qoruyanlar indi buraları tərk edirlər. Bizi bir-birimizlə düşmən etməyin. Rayona rəhbərlik edənlərə deyirəm. Kimin kim olduğunu hamı yaxşı bilir. Təsəvvür edin ki, sakinləri hasarlanan yerə buraxmırlar, amma vəzifəli şəxslər kimi hasarın içərisində olan bulaqlara aparırlar”.

86 yaşlı Gülən Məmmədova “amnistiya istəyir”:

“İmkan verin rahat dolanaq. Bu kəndlər çox sayda şəhid verib. Şəhid adına bulaq, məktəb, körpü var. Özüm də şəhid ailəsiyəm. Şəhid ailəsi kimi xahiş edirəm ki, örüş yerlərini açın. Qoyun bu sakinlər rahat dolansınlar. Heyvanlarımız da, biz də türmədəyik. Mallarımıza da, özümüzə də “amnistiya” verin. Artıq neçə ildir ki, heyvanlarımız türmə həyatı yaşayır”.

Sakinlərdən Mətləb Zodanovun iddiaları olduqca ciddidir:

“İndiyə qədər 3 dəfə çəkiliş gətirdik. Sonra eşitdik ki, qayıdanda rayonda ciblərinə pul basıb yola salıblar. Kənddə azı 40-50 ev boşalıb. Mən də övladımın məktəbi bitirməsini gözləyirəm. Məcbur qalmışam. Əks halda getmişdim. Heç bir yerdən gəlirim yoxdur. İndi də heyvan saxlamağa imkan vermirlər. Digər sakinlər də getmək istəyir. Vasif müəllimə dedim ki, bizə köçməyə yaylaq verin. Sürülərə satdıqları dağları göstərib deyir ki, oralara köçün. Deyirəm ki, satdığınız yerlərə? Necə köçək? Pulumuz var? Bir inəyim var, bir günə 13 kilometr yol gedib gələ bilərmi? Bir həftə inək qapıda qaldı. Axırda qonşudan yüz manat alıb digər qonşuya verib, onun sahəsinə saldım. Dövlətimiz sağ olsun, yaşayış üçün ehtiyacı olanlara mal-qoyun verir. Bunlar anlamır ki, sakinlər dövlətin verdiyi o heyvanları harada otarsın? Səsimizi rayondan kənara çıxmağa qoymurlar. Hətta hədələrə də məruz qalırıq”.

Ələsgər Teymurov isə Şahdağ kəndini tərk etməyə məcbur qoyulduqlarını qeyd edir:

“Vasif Nəbiyev buraları talayıb. Veteran adamam. O vəziyyətə gətiriblər ki, artıq ailəmi də götürüb buralardan getmək istəyirəm. Oğlum hazırda Kəlbəcərdədir. Gücüm bir inək saxlamağa çatır. Ona da imkan vermirlər. Nə ilə dolanım? Yolu kəsiblər, camaat dörd divar arasında qalıb. 2-3 məmur ortalığa düşüb. Deyirlər ki, buralarda sanatoriya tikəcəyik. Söz deyirik, bizi açıq formada təhqir edirlər. Mənə akt yazdılar ki, insanları ayağa qaldırırsan. Vasifin 6 hektardan çox yeri var. Nəsil-nəcabətini meşə idarəsinə doldurub. Aidiyyəti qurumlardan xahiş edirik ki, gəlib bizi başqa yerə köçürsünlər. Açıq deyirlər ki, balıq gölü salacağıq, nə bilim şəlalə quracağıq. Təsəvvür edin ki, Qaraqaya deyilən yer var, yaylağımızdır. Ora insanları köçməyə qoymurlar. Yüz manatdan yığırlar”.

Qədir Babayev deyir ki, 86 illik ömründə hələ indiyə qədər kəndin bu vəziyyətə salındığını görməyib:

“Mal oturmağa yer yoxdur. Neçənci əsrdə yaşayırıq? Su axan çayın necə kənarını çəpərləmək olar? İş yoxdur, mal da saxlama deyirlər. İndi biz kənd sakinləri olaraq neynək? Kənd meşənin içərisindədir. Bir azdan gəlib evlərimizi hasarlayıb deyəcəklər ki, evdən bayıra çıxmayın”.

Sakinlərin Musavat.com-a təqdim etdikləri videoların birində açıq şəkildə görünür ki, şitil əkmə adı ilə hasara alınan ərazi mal-qoyunla doludur.

Sakinlər onu da bildirirlər ki, həmin heyvanlar kəndin bələdiyyə sədri Zahid Nəbiyevin oğlu Arzu Nəbiyevə məxsusdur.

Yazıda adı keçən hər şəxsin mövqeyini dərc etməyə hazırıq.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR