İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Zəngəzurda konsulluq açmaq üçün hərəkətə keçdi - Bakıdan reaksiya

1509 25.07.2023 10:52 Siyasət A A

Xəyal Bəşirov: “Bu dövlətlərin səylərinə baxmayaraq Zəngəzur dəhlizinin açılmasına heç bir qüvvə mane ola bilməz”

Fransa Zəngəzurda-Gorusda konsulluq açmaq üçün hərəkətə keçib. Bu təkliflə Fransa Milli Assambleyasında Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petel və Senatda analoji qrupun sədri Gilbert-Lyuk Devinaz Fransanın xarici işlər naziri Ketrin Kolonnaya rəsmi məktub göndərib.

Fransa parlamentarilərinin fikrincə, Ermənistan Respublikasının cənubunda yerləşən Sünik rayonu əhalinin ən az məskunlaşdığı dağlıq rayon olsa da, coğrafi təcridinə baxmayaraq, 4500 kvadrat kilometr ərazisi ilə Cənubi Qafqazın geosiyasi məsələlərində mərkəzi yer tutur: “Axı Azərbaycan Naxçıvanla quru əlaqəsinə nail olmaq istəyir. Buna görə də Sünik üçün ambisiyaları var. Bu ambisiyalar Bosfor boğazının türk əhalisini Xəzər dənizi regionu ilə birləşdirmək üçün daha böyük pantürk planının bir hissəsidir. Bu kontekstdə hərbi disbalansın Azərbaycanın xeyrinə hər gün artdığı bir vaxtda sonuncunun mümkün yeni təcavüzü fəlakətli nəticələrə səbəb ola bilər. Ermənistanın sözügedən təhlükəyə qarşı durmaq üçün müttəfiqləri azdır. Onların arasında Fransa Ermənistanın ərazi bütövlüyünə və erməni əhalisinin təhlükəsizliyinə təminat verən ən sədaqətli dövlətlərdən biridir”.

Göründüyü kimi, Fransa Zəngəzur dəhlizinə qarşı olduğunu açıq mətnlə bəyan edir.

Yada salaq ki, İran ötən ilin oktyabrında Zəngəzur vilayətinin Qafan rayonunda konsulluq açıb. Açılış mərasimində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan şəxsən iştirak edib. O, konsulluğun açılış mərasimində çıxışı zamanı Ermənistanla bağlı təriflər yağdırıb. İkitərəfli əməkdaşlıqdan söz açan nazir Ermənistanın təhlükəsizliyinin İran üçün vacib olduğunu söyləyib: “İran hökumətinin Qafanda konsulluğunun açılması ilə bağlı qərarı reallığa çevrildi. İran Ermənistanın təhlükəsizliyini özünün təhlükəsizliyi hesab edir”.

“Fransa özünün ermənipərəst siyasətinə Avropa İttifaqındakı maraqlarını, mövqeyini qurban verir”

Bu ilin mayında isə Rusiya da Zəngəzurda konsulluq açacağını bəyan edib. Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə departament direktorunun müavini Sergey Paltov deyib ki, baş nazir Paşinyan və Putin arasında mayın 25-də Moskvada baş tutan ikitərəfli görüşdə Ermənistan tərəfi Rusiyanın Sünikdə (Zəngəzur - red.) konsulluğunun açılmasına razılıq verib. Rus diplomat onu da bildirib ki, konsulluğun açılması üçün ən azı bir il çəkəcək uzun prosedurlardan keçmək lazım gəlməyəcək, sadələşdirilmiş sxemdən keçməklə bu, reallaşdırılacaq. Paltov vurğulayıb ki, prosedurları icra etmək üçün bölgəyə müvafiq şəxslər göndərilməsi qərara alınıb.

Beləliklə, İran və Rusiyadan sonra Fransa da Zəngəzurda konsulluq açmaq niyyətini bəyan edib. Zəngəzur dəhlizi sanki birdən-birə regionun əsas bölgəsinə çevrilir və Ermənistana yaxın olan hər üç ölkə buraya yerləşmək üçün hərəkətə keçib. Baş verən proseslərin mənası nədir, Fransanın da buraya yerləşməsinin hansı mənfi nəticələri olacaq?

Erməni xalqı Azərbaycanla qonşu olmaq istəyir - Xəyal Bəşirov - VİDEO -  Sonxeber.net

Xəyal Bəşirov

Mövzu ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a dedi ki, bu addım Fransadan gözlənilən idi: “Emmanuel Makron II Qarabağ müharibəsi dönəmində və ondan sonra baş verən proseslərdə mümkün qədər özünün ermənipərəst simasını göstərməyə çalışır. Fransanın prezidentindən daha çox Ermənistanın prezidenti kimi çıxış edir. Bu məqamları nəzərə alsaq, gözlənilən idi. Hər bir halda bir məqamı unutmaq lazım deyil ki, həmin ərazilərdə konsulluq açan dövlətlərin hər biri açıq şəkildə Zəngəzur dəhlizinin açılmasına, ümumilikdə Orta dəhlizin işə düşməsinə qarşıdır. Bu dövlətlər həmin ərazidə sülh prosesinin getdiyi bir vaxtda, Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşması istiqamətində, xüsusilə Azərbaycanın səyləri nəticəsində böyük uğurların əldə edildiyi bir dönəmdə bu kimi təşəbbüslər ortaya qoyurlarsa, təkcə Zəngəzur dəhlizinə qarşı deyillər. Həmin dövlətlər həm də Cənubi Qafqazda gərginliyin azaldılmasına, sabitliyin və təhlükəsizliyin təmin olunmasına qarşıdırlar. Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına və sülhün əldə edilməsinə birmənalı şəkildə qarşıdırlar. Bu addımlar da ona xidmət edir. Təbii ki, istilənilən dövlətin hansısa suveren ərazisi çərçivəsində konsulluq, səfirlik, yaxud digər nümayəndəliklər açmaq hüququ var. Bu, dövlətlərin razılaşması əsasında həyata keçirilir. Amma hazırkı həssas məqamda, xüsusən də Zəngəzur dəhlizinin keçəcəyi ərazilərdə bu addımların atılması bizə onu deməyə əsas verir ki, həmin o dövlətlər bu prosesə qarşıdırlar. Təbii ki, Rusiyanı, İranı haradasa anlamaq olar. Düzdür, onların da hərəkəti regionda sülhə qarşı hesablanıb. Amma həmin dövlətlərdən fərqli olaraq Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin çox yüksək səviyyədə olduğu bir dönəmdə, Azərbaycanın Avropa İttifaqının üçdə bir dövləti ilə qarşılıqlı şəkildə əməkdaşlıq və tərəfdaşlıq haqqında sənədlər imzaladığı bir vaxtda, xüsusilə də Rusiya-Ukrayna müharibəsinin iki ilə yaxın müddətdə davam etdiyi vaxtda Azərbaycanın Avropa İttifaqına üzv olan dövlətlərə ənənəvi enerji resurslarının, alternativ bərpa olunan enerji resurslarının və eyni zamanda yaşıl enerjinin ixrac etdiyi bir vaxtda Fransanın Aİ-nın üzv ölkə kimi bu prosesi reallaşdırması, Aİ-nin maraqlarına zidd addım atması təbii ki, absurddur, əsassızdır. Fransanın hərəkəti təkcə bununla bitmir. Azərbaycan Aİ-yə üzv olan dövlətlərin enerji təhlükəsizliyinin təminatı prosesində çox böyük rolu öz üzərinə götürüb. Bu prosesə müsbət töhfə verməyə çalışır. Hər gün bu istiqamətdə yeni bir uğurlu addım atır. Həmin o Aİ üzvlərindən biri elə Fransadır. Əgər Fransa bu addımları atırsa, bu, Azərbaycandan öncə Aİ-yə  üzv olan dövlətlərin maraqlarına zidd addımdır ki, bunun da cavabı məhz Aİ tərəfindən verilməlidir”.

Ekspert əlavə edib ki, Avropa İttifaqına üzv olan dövlətlər, o cümlədən Aİ Şurasının Prezidenti Şarl Mişelin də Zəngəzur dəhlizinin reallaşması ilə bağlı mövqeyi bəllidir: “Aİ-nin maraqlarına xidmət edən bir addımdır. Bu gün Zəngəzur dəhlizinin reallaşması ilə bağlı Orta dəhlizin tam işə düşməsi əslində hansı prosesi reallaşdıracaq? Avropa ilə Asiya bazarlarını birləşdirəcək. Avropa ilə Asiyanın logistika şəbəkələrini birləşdirəcək. Eyni zamanda iqtisadiyyata hər iki istiqamətdə böyük töhfə verəcək prosesin reallaşmasına xidmət edən addımdır. Əgər bu belədirsə, Fransanın prosesə maneçilik törətməsi bir daha ondan xəbər verir ki, Fransa özünün ermənipərəst siyasətinə Avropa İttifaqındakı maraqlarını, münasibətlərini və mövqeyini qurban verir. Digər məqam isə Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı öz üzərinə öhdəlik götürüb, o öhdəliyi götürən Ermənistan Zəngəzur dəhlizinə, o cümlədən də regionda baş verən proseslərə, Azərbaycanın blokdan çıxarmaq istədiyi nəqliyyat və iqtisadi kommunikasiyaların aktivləşməsinə maneçilik törədir. O Ermənistan ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvdür. Fransa NATO-nun üzvü kimi Ermənistanı 3-cü, 4-cü dövlətlər vasitəsilə dolayı yollarla silahlandırma prosesini həyata keçirir. Təbii ki, bu, Fransanın NATO ilə bağlı siyasətinə açıq şəkildə ziddir. Düşünürəm ki, buna da NATO ölkələri münasibət bildirməlidir. Çünki KTMT məhz NATO-ya qarşı Sovetlər İttifaqının hüquqi varisi olan Rusiya tərəfindən yaradılıb. Bu gün NATO-nun əsas rəqibi olan KTMT-yə üzv olan dövləti silahlandırması təbii ki, beynəlxalq hüququ, dövlətlərarası münasibətləri, qanunvericiliyi bir kənara qoysaq, etik prinsiplərə, məntiqi qaydalara belə uymur. Buna da münasibəti təbii ki, NATO ölkələri bildirməlidir.

Hər bir halda bu dövlətlərin səylərinə baxmayaraq Zəngəzur dəhlizinin açılmasına heç bir dövlət mane ola bilməz. Zəngəzur dəhlizi o qədər əhəmiyyətli, miqyasına və mahiyyətinə görə o qədər böyük layihədir ki, məhz bu layihənin gerçəkləşməsinə qarşı çıxan bu dövlətlər bir-birilərinə digər məsələlərdə tam şəkildə zidd olsalar da, maraqları toqquşsa da, bu məsələdə maraqları uzlaşır. Ən azı bu amilə görə Zəngəzur dəhlizi reallaşacaq, çünki həmin dövlətlərin narahatlığıının əsasları tamamilə fərqli məqamlardır. Zəngəzur dəhlizinin reallaşması ilə Azərbaycan heç bir dövlətin, o cümlədən Ermənistan dövlətinin ərazi bütövlüyünü təhlükə altına atmır, ona qarşı hər hansı iddia irəli sürmür. Əksinə, Azərbaycan özünün həm beynəlxalq hüquqla, həm tarixi məqamlarla, həm də suverenlik hüququ  ilə ərazi bütövlüyünü təmin etmək və Naxçıvanla Azərbaycanın əsas hissəsinin birləşdirilməsi məsələsini yekunlaşdırmaq istəyir. Buna da heç kim mane ola bilməz". 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR