İnsanlara hürriyət, millətlərə istiqlal!

Fil dırnağından xaş

1200 04.04.2024 11:14 Yazarlar A A

Uşağına siqaret çəkdirib internetdə paylaşan adamı hökumətin cəzalandırdığını açıqladılar. Lakin cəza nədən ibarətdir, xalqa məlumat verilmədi. Bu isə xalqımızı narahat edir, çünki biz uşaqları çox sevirik. Avropada, Qərbdə uşaqları sevmirlər, ona görə uşaqları olmur. Hara baxsan pensiyaçılardır. Uşaq olmadığı üçün xaricə turist kimi qocaları göndərirlər.  Bizdə, o cümlədən başqa müsəlman diyarlarda isə uşaqları sevirlər, nəticədə hər adambaşına 7-8 uşaq düşür. Halal olsun. Əlhəmdüllah. Uşaqlar o qədər artır ki, ovlamaq üçün Türkiyədən nümayəndə dəvət edirik, bu yaxında biri Sumqayıt tərəfdə tutuldu, ancaq bu bizim mövzuya aid deyil, inşallah, başqa vaxt şərh edərik. 

Sonra uşağın atası ikinci video çəkdi, bu dəfə onu təhqir edənləri qınadı. Sən demə, atanın uşağa siqaret püflətməsini pisləyənlər varmış. İndi ata deyir əcəb eləmişəm, uşaq mənimdirsə əgər, püflədirəm, əl çəkin. 

Təxminən bu cür deyirdi, dəqiq yazmağımın mənası yoxdur. Hərçənd qorxuram dəqiq yazmadığım üçün gələ tuta, bir siqaret də yandırıb mənə püflədə. 

Burada bir mühüm detal var ki, vətəndaş uşağın üzərində bütün hüquqların şəxsən ona aid olmasını zənn edir. Qətiyyən belə deyil. Uşaqları qorumaq, sağlam böyütmək cəmiyyətin və dövlətin də ümumi vəzifələrindəndir, bu istiqamətdə çoxlu qanun-qaydalar vardır, yazıb başınızı ağrıtmaq istəmirəm. Yoxsa hələ də bəzi zəhmətkeşlərimiz evdə saxladığı uşağa toyuq-cücə, it-pişik gözüylə baxır, hesab edir onlara nə komanda istəsə verər, hara istəsə bağlayar, nə zibilə istəsə salar. Hərçənd çağdaş dünyamızda və Azərbaycan Respublikası qanunvericiliyinə görə, hətta şəxsi ev heyvanlarıyla da vəhşicəsinə davranmaq, onlara işgəncə vermək qadağandır. 

Hələ onu yazmıram ki, bizdə uşaq hüquqlarını qorumaq dövlətin əsas vəzifəsidir, bu məqsədlə camaata uşaq pulu verilir. Sənin həmin pulu uşağın siqaretinə verməyə ixtiyarın yoxdur. Əlbəttə, bu abzası zarafat üçün yazdım (ümidvaram “abzas” sözünü yazmaq hələ hüquqi məsuliyyət yaratmır), uşaq pulu verilmədiyini mən də bilirəm. 

Elə buradan ortaya belə sual çıxır: əgər dövlət valideynə uşaq pulu vermirsə, həmin uşağın dərddən siqaret çəkməyi günah sayılırmı, savabdırmı, yoxsa məkruhdur? 

Həmçinin uşağa siqaret çəkdirmək ziyandırsa, onu sünnət elətdirməyə qanun icazə verirmi? Söz əlaqədar təşkilatlarındır. 

Sünnət yazdım, yadıma başqa tema düşdü. Afrikanın cənubunda Botsvana deyilən ölkə var, oranı çoxlu fil sürüləri basıbmış. Ovlayırlar, buna da Almaniyanın heyvansevərləri etiraz edirmiş. Nəticədə Botsvana kralı hirslənib, deyib gəlin 20 min fil verim, aparın Bremen çöllərində otarın, lap yerli eşşəyə qoşulub mahnı oxusunlar, bizim əkinləri fillər it gününə qoyur. 

Məncə, biz də öz fil payımızı istəyə bilərik. Qoy hökumət filləri gətirib Kürdəmirin, İmişlinin, Sabirabad və Saatlının savannalarına (“aran” sözü buradan yaranıb çox güman) buraxsın. Sərfəli heyvandır. Biri 6 ton ət verir. Yedikcə qurtarmaz. Hərdən kəs, vur “Vasmoy” bazarına. Mən əminəm ki, bu fillərin əti tezliklə delikates olar, Beyləqan quzusu kimi. Çünki dədə-babadan bilirik, yovşan otlayan filin əti dadlı olur. Quzu, dana istehsalında yaranan defisiti bu yolla aradan qaldırarıq, kənd təsərrüfatı nazirimizə medal verilər. 

Əmlik filin antrikotundan səbət-kabab, ütülmüş fil dırnağından xaş, filplov, filləpaça, filqulağı salatı, ağ ətindən qovurma, xortumundan cızbız, dərisindən motal kimi milli, unudulmuş xörəklərimiz bərpa edilər. Bu temada çoxlu ata sözümüz də var: “Filin bir dərisi, bir gerisi”, “Fil qocalanda sümüyündən təsbeh düzəldərlər”, “Fil-fil olasan, filim” və sairə.  

Yoxsa haçana qədər at-eşşək əti, Hindistan camışı yeməyə borcluyuq? Statistikaya görə, respublikamızda eşşəklərin sayı da azalmaq üzrədir, bəzi rayonlarda Qırmızı kitaba düşüb. Rəsmi məlumatdır, özüm oxumuşam. Bakının elə rayonu var, cəmi 29 eşşəyi qalıb. Qorxunc azalmadır. Sabah anqırtmağa eşşək tapmayacağıq. 

Filin qulağında yatmaq da olur, istəyirəm bunu xüsusi nəzərə alaq.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR