İnsanlara hürriyət, millətlərə istiqlal!

Əti ətlə yediyimiz dövrlər

1554 06.06.2024 09:44 Yazarlar A A

Qəribədir ki, keçmiş Dövlət Təhlükəsizlik Komitəsi sədrimiz Vaqif Hüseynov məhz 4 iyunda öldü. İndiki uşaqlar bilməz, Hüseynovun “90-cı illər” epoxasında özünəməxsus rolu vardı. Əvvəlcə cəbhəçilər onu müxtəlif cinayətlərdə suçlamışdılar, hətta deyəsən tutmuşdular, sonra gələn hakimiyyət isə onun dəstə yaradıb qətllər törətməsini açıqlamışdı. Ancaq nədənsə azad elədilər, Hüseynov çıxıb getdi Moskvaya. Oranın vətəndaşlığını almışdı, o baxımdan, axtarışa verilməsi haqda iddialar gəzsə belə ruslar heç vaxt Hüseynovu tutub bizə - necə deyərlər, “ədalət məhkəməmizə” təhvil vermədilər. Halbuki Vaqif Hüseynovun ittiham buketində “20 Yanvar” hadisələri zamanı AzTV-nin enerji blokunu partladıb xalqı informasiya blokadasına salmaqdan tutmuş “Azərnəşr”in müdiri Əjdər Xanbabayevi qətlə yetirməyə qədər hər cür cinayətlər vardı. 

Hüseynov bizim şanlı Milli Şuranın müdiri olmuş Rüstəm İbrahimbəyovla da ailəvi dost idi, birgə yeyib-içmək şəkillərini kitabda dərc etdirmişdi. Yeri gəlmişkən, Hüseynovun “Bir ömürdən uzun” adlı həmin memuarlarında belə bir maraqlı görüşdən də bəhs olunur: yazır ki, AXC hakimiyyətə gəlməmişdən qabaq (Hüseynov 1989-91-ci illərdə DTK sədri işləyib - Z.H.) Elçibəy mənimlə görüşmək istədi: “Bizim DTK-nın gizli görüş məkanlarından biri Dzerjinski adına klubumuz idi. Orada görüşdük”. Söhbətin məzmununu yazmıram, qoy oxucularımız intizar çəksin. 

Ümumiyyətlə, həmin qalmaqallı dövrlərin şahidlərinin çoxu ölüb və sirləri özləri ilə qəbrə aparıblar. (Vəzirov, Surət Hüseynov, Ayaz Mütəllibov, Elçibəy, indi də Vaqif Hüseynov). Bəlkə belə də yaxşıdır. Nəyə görə öyrənək ki? Molla Nəsrəddinin anekdotundakı kimi: “Eşələmə, qoxusu çıxar”. Bu temada bir ingilis yumoru da var, deyir, babalarının kim olmasını öyrənmək üçün min dollar xərclədi, lakin bunu ört-basdır eləməyə milyon dolları getdi. Keçmişi qurdalayanda ortaya çıxır ki, Babək islam düşməni olub, Xətai türklərlə dalaşıb, Nərimanov ruslara işləyib, Koroğlu paşaları soyurmuş, canım sənə desin, Qazan xan yeyib-içib yatırmış və sairə. Bunları öyrəndik, xeyrimiz nə olacaq? Ən yaxşısı bilgisiz yaşamaqdır. Axmaqlıq xoşbəxtliyin sinonimidir. Zarafat eləmirəm. Bu kiçik ömrümdə kitab qurdu olub yaltaqlıq edən, özünü beş qəpiyə satışa çıxaran yüzlərlə adam görmüşəm. Hansısa müdriklərin afyorizmini bura şappıldadaq, heç boş yer qalmasın: “Çox oxumuş gic axmaqların ən pis növüdür”. 

Hüseynovun tərcümeyi-halından bir detal da, düşünürəm ki, oxucular üçün maraqlı olar: o, DTK sədri olmazdan qabaq cürbəcür sovet qəzetlərində müxbir işləmişdi. Uzun illər bizdə Milli Təhlükəsizlik Nazirliyinin başçısı olan Namiq Abbasov da ixtisasca jurnalist idi. Sözümün canı odur ki, jurnalist peşəsinə hörmətlə yanaşın. Nə bilirsiniz hansımız hara işləyirik? (Əlbəttə, bax bunu dəqiq zarafat üçün yazdım, düşünürəm əlaqədar orqanlar bunu ciddi qəbul etməzlər). 

Sonda bir iqtisadiyyat xəbəri: Mərkəzi Bankımıza tikilən yeni binanın xərcləri 637 milyon manata çatmışdır. Görəsən, manatı saxlamaq üçün bu cür bahalı bina bizə lazım idimi? Xatırladım ki, bankın əvvəlki binası da (o vaxt hələ Milli idi) neçə yüz milyonu udmuşdu. Belə çıxır biz manat üçün 1 milyard manatlıq evlər tikmişik. Əsl uğurlu iqtisadi siyasətdir. Varlığa (oxu: manata) nə darlıq? Elə bil əti ətlə yeyirik. DTK vaxtı belə deyildi. Ayda 1 kilo ət, talonla verilirdi. Məzahir müəllim o vaxtlar BDU-da bu işlərə nəzarət edib, məndən yaxşı bilir. 

Ət temasının əhvalatı var. Bir dəfə ac yazıçılarımızdan iki nəfər toya dəvət alır. Oturduqları masada bunlardan başqa gələn yoxmuş. Ona görə yeyə-yeyə masanın ətrafında fırlanırmışlar - yerlərini dəyişirmişlər. Birdən yazıçının biri baxır ki, o birisi əti çörəklə yeyir. Qışqırır: “Ayə, neynirsən? Əti ətlə ye!”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR