İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandakı əsir hərbçilərimizlə bağlı HƏYƏCANLI çıxış

765 09.06.2023 15:40 Son xəbər A A

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu ikinci səsverməyə çıxarılaraq qəbul edilib.

Musavat.com-un xəbərinə görə, deputat Azay Quliyev çıxışa yazılaraq Ermənistanın beynəlxalq hüquqa zidd əməllərindən danışıb.

O bildirib ki, bu gün Ermənistanda Azərbaycan əsgərinə qarşı saxta məhkəmə şousu təşkil olunacaq: “Bildiyimiz kimi, Azərbaycan ordusunun əsgərləri - Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub.

Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb. Bir neçə gün əvvəl keçirilən qondarma məhkəmə prosesində Aqşin Bəbirovun 11,5 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verilib. Baxmayaraq ki, Azərbaycanla Ermənistan nümayəndələri arasında olan razılığa əsasən, yolu azaraq qarşı tərəfə keçən şəxs maksimum iki günə qaytarılmalıdır, lakin Ermənistan tərəfi buna əməl etmədi. Bu gün isə Hüseyn Axundova qarşı yenə də saxta məhkəmə qurulması gözlənilir”.

Azay Quliyev bildirib ki, əldə olunan məlumata görə, Ermənistan beynəlxalq konvensiyaları və beynəlxalq humanitar qanunları kobud şəkildə pozaraq, hər iki hərbi əsirə qarşı qeyri-insani davranır, onları işgəncələrə məruz qoyur, ailə üzvləri ilə etibarlı şəkildə əlaqə saxlamağa imkan vermir: “Hərbçilərimizin hüquqlarının qorunması və geri qaytarılması ilə bağlı həm XİN, həm də Ombudsman institutu müvafiq işlər həyata keçirir. Ancaq dünya ictimaiyyəti hələ də bizim əsgərlərin taleyinə laqeyd yanaşır və onların geri qaytarılmasını Ermənistandan tələb etmir. Ona görə də hüquq müdafiəçiləri, Ombudsman institutu və müvafiq qurumlar vahid mövqedən çıxış edərək bu məsələni beynəlxalq müstəvidə daha çox qaldırmalı və Ermənistanın bu cür qanunsuz hərəkətlərini ifşa etməkdə davam etməliyik”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR