İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan tələsir, Türkiyənin isə “Azərbaycan şərti” dəyişməzdir - sərhədlər bu tarixdə açılacaq

1857 25.07.2023 10:16 Siyasət A A

Fikrət Yusifov: “Paşinyan Azərbaycanla sülh müqaviləsinin bağlanması yollarını Qərbdə axtarır”

“Türkiyə-Ermənistan sərhədində yerləşən Marqara gömrük-keçid məntəqəsində aktiv tikinti işləri aparılır və bu yaxınlarda başa çatdırılacaq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə iyulun 20-də jurnalistlərlə söhbətində Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan bildirib.

Badasyan bununla bərabər, konkret tarixi deyə bilməyəcəyini söyləyib. Qurum rəsmisi rəhbərlik etdiyi idarənin vəzifəsinin keçid məntəqəsində gömrük nəzarətinin lazımi qaydada həyata keçirilməsi üçün şərait yaratmaqdan ibarət olduğunu deyib.

Badasyan bununla bağlı maliyyələşdirmənin dövlət büdcəsi hesabına həyata keçiriləcəyini sözlərinə əlavə edib.

Qeyd edək ki, ümumilikdə Türkiyə-Ermənistan sərhədində birmərtəbəli xidmət zalı, yüklərin rəsmiləşdirilməsi üçün iki kabinə, növbənin istirahəti üçün iki kabinə, gömrük baxışı binası, avtodayanacaqlar, daxili yollar, iki keçid məntəqəsi və anbar tikintisi nəzərdə tutulub.

Xatırladaq ki, Türkiyə və Ermənistan arasında diplomatik əlaqələr yoxdur və sərhəd Ankaranın təşəbbüsü ilə 1993-cü ildən bağlıdır. Marqara gömrük-keçid məntəqəsi yalnız bu ilin fevralında Türkiyədə dağıdıcı zəlzələdən sonra bir neçə günlüyə Ermənistandan humanitar yüklər üçün açılıb.

Qardaş ölkə Ermənistanla sərhədlərin açılmasını haqlı olaraq İrəvanın Bakı ilə sülh müqaviləsi imzalamasına bağlayır. Yəni Azərbaycanla münasibətləri qaydaya salandan sonra Ermənistanın Türkiyə ilə də heç bir problemi qalmayacaq.

Bəs İrəvanın tələskənliyinin pərdəarxasında nə var? Yoxsa payızda böyük hadisələr (sülh sənədinin imzalanması və s.) gözlənilir?

Fikrət Yusifov: 2016-cı ilin büdcəsi: İqtisadi təlatümlər və Azərbaycan  reallıqları

 Fikrət Yusifov 

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov Paşinyanın xalqını yavaş-yavaş həqiqətlərə öyrəşdirdiyini bildirdi: “Ermənistanda Köçəryan-Sərkisyan hakimiyyəti rədd  edildikdən sonra 2018-ci ilin may ayından yeni siyasi era başladı. Bu dönüşə erməni çoxluğunun korrupsiyalaşmış və Rusiyanın əl alətinə çevrilmiş Ermənistan hakimiyyətinə qarşı illərlə artan nifrəti səbəb oldu. Erməni çoxluğu Qarabağ oyunlarının əsl mahiyyətini - onun Moskva tərəfindən erməni xalqının boynuna keçirilmiş bir boyunduruq olduğunu gerçək anlamağa başladılar. Paşinyan hakimiyyətinin ilk dövründə Qarabağla bağlı Köçəryan-Sərkisyan və xaricdəki erməni daşnaklarının götürdüyü kursu davam etdirən biri kimi görünsə də, əslində gerçəkdən nələrin baş verdiyinin fərqində idi və bu gerçəklərin nə ilə yekunlaşacağını çox yaxşı bilirdi. İndi aydın olur ki, o, Şuşada, Cıdır düzündə yallı gedəndə də sonun yaxınlaşdığını yaxşı bilirmiş. Sadəcə, onun Qarabağ məsələsində erməni çoxluğunu obyektiv mövqeyə çıxarmaq üçün zamana ehtiyacı var idi. Təbii ki, o bu zamanı uzaqgörənliklə əldə etdi və sonda bu çoxluğu gerçəklərə inandıraraq, öz tərəfinə çəkə bildi. Paşinyanın yürütdüyü siyasət zamanla öz işini gördü. Bunun gerçək təsdiqini biz 44 günlük İkinci Qarabağ savaşından sonra Ermənistanda keçirilən parlament seçkilərində gördük. Dünya tarixində bu qədər ağır məğlubiyyətdən sonra dərhal keçirilmiş seçkilərdə məğlub dövlətin başçısının yenidən dövlətin başına seçilməsi təcrübəsi yəqin ki, olmayıb. Bu seçki ilə Paşinyan siyasət meydanında Köçəryan-Sərkisyan cütlüyünü sadəcə dəfn etdi və Rusiyanın yedəyində gedən bütün siyasilərin hakimiyyət yolunu tamamilə qapatdı”.

F.Yusifov erməni baş nazirin nicat yolunu Qərbdə axtardığını da qeyd etdi: “Ermənistan-Azərbaycan münasibətlərində 44 günlük müharibədən sonra baş verən hadisələrin xronologiyasına nəzər salsaq, Paşinyanın nə etmək istədiyini daha aydın görə bilərik. Rusiyanın bütün basqılarına baxmayaraq Paşinyan Azərbaycanla sülh müqaviləsinin bağlanması yollarını Qərbdə axtarır. Moskvanın sözünə baxmadığına görə hər dəfə müxtəlif formalarda təzyiqlərlə üz-üzə qalsa da, o, yenə də müstəqil siyasət yeritməyə, Rusiyanın boyunduruğunu sındırmağa can atır. Onun Kremlin istəyinin əksinə olaraq, bu yaxınlarda Qarabağın Azərbaycan torpaqları olduğunu rəsmi elan etməsi Moskvanın böyük qıcığına səbəb olmuşdu. O, bunun belə olacağını öncədən bilsə də bu addımı atdı.

Şimaldan olunan bütün basqılara baxmayaraq, Paşinyan öz siyasətini davam etdirir. Bu siyasətin fəlsəfəsi isə Azərbaycan və Türkiyə ilə sülh, əmin-amanlıq şəraitində yaşamaq, sərhədləri və kommunikasiyaları açmaqla regionun imkanlarından Ermənistan iqtisadiyyatının inkişafı üçün geniş imkanlar yaratmaq təşkil edir.

Bu gün Ermənistan-Türkiyə sərhədində gömrük-keçid məntəqəsinin sürətlə tikilməsi də bütün bu dediklərimizin məntiqi davamıdır. Paşinyan bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin bağlanacağına tam inanır. Ona görə də indidən Türkiyə ilə sərhədlərin açılmasına hazırlıq işləri gördürür. Paşinyan uzaq şimala deyil, qərbində və şərqində yerləşən, potensialı böyük olan qonşularına baxır. O, yaxşı anlayır ki, Türkiyə-Azərbaycan birliyi region üçün nə deməkdir. Bu birlikdən yalnız bəhrələnmək lazımdır, ona qarşı getmək isə sonda Ermənistanın bir dövlət kimi regiondan yox olmasına aparan yol ola bilər.

Türkiyə, Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması və bu regionun nəhəng nəqliyyat habına çevrilməsinin Ermənistan üçün nə demək olduğunu bugünkü Ermənistan hökuməti çox yaxşı anlayır. Rusiyanın  təkidi ilə bəzən beynəlxalq yükdaşımaların alternativ layihələri barədə təkliflər irəli sürsə də Ermənistan hakimiyyəti əslində Zəngəzur dəhlizinin açılması ilə nələrin baş verəcəyini və bu yolun alternativinin olmadığını çox yaxşı bilir. Dəyəri  milyardlarla dollarla ölçüləcək beynəlxalq yüklərin bu dəhliz üzərindən şərqdən qərbə və əksinə daşınması Ermənistan xəzinəsinə milyardlarla dollar gəlir gətirə biləcək. Paşinyan çox yaxşı bilir ki, Ermənistan bunu istəsə də, istəməsə də, Zəngəzur dəhlizi mütləq açılacaq.

Paşinyan Türkiyə və Azərbaycanla gələcək münasibətlərin bünövrəsini yaradarkən Rusiyanın bugünkü aqibətini yetərincə düzgün qiymətləndirir. Bir sözlə, düşmənimiz olsa da, o, bu gün ən ağıllı erməni statusunda olan bir siyasətçidir. Prezident İlham Əliyevin dəmir yumruğunu dəfələrlə başının ortasında görsə də, öz amalları naminə bunları həzm etməyi bacardı".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR