İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənisayağı ordu “islahatları” - nazir müavini də mülki şəxs oldu

541 09.08.2023 14:00 Siyasət A A

Ekspertlərə görə, Paşinyan ordu rəhbərliyinə güvənmir

Xəbər verildiyi kimi, kapitulyant ölkədə İrəvan merinin müavini Hraçya Sərkisyan Ermənistan Respublikası müdafiə nazirinin müavini təyin olunub.

Musavat.com erməni mediasına istinadən bildirir ki, yerli “Joxovurd” qəzeti bununla bağlı maraqlı məlumat yayıb. Qəzetin yazdığına görə, Sərkisyanın təyinatı nazir Suren Papikyanın rəhbərliyə gətirilməsi kimi Müdafiə Nazirliyi üçün gözlənilməz olub. Gələn informasiyalara görə, nazirlik dəhlizlərində 38 yaşlı Sərkisyanın Silahlı Qüvvələr və ya hərbi idarə ilə hansı əlaqəsi olması barədə müzakirələr gedir. Onun mer olduğu dövrdə İrəvan metrosunda böyük sui-istifadə halları baş verib, bununla bağlı cinayət işi başlanıb. Üstəlik, Dövlət Nəzarəti Xidməti bu xəbəri təkzib və ya təsdiq etməyib.

Qeyd edək ki, nazir Suren Papikyanın da hərbi təhsili yoxdur. O, tarix müəllimi işləyib. Odur ki, məntiqli sual ortaya çıxır: baş nazir Nikol Paşinyan bu təyinatlarla nə etmək istəyir, hədəf nədir?

Xatırladaq ki, Ermənistan hökumətinin iki il öncə qəbul etdiyi proqramda silahlı qüvvələrdə islahat, hətta peşəkar orduya keçid prioritet elan edilib. Az öncə ölkədə qadınların belə orduda xidmətini mümkün edən qanun qəbul edilib. İrəvan həmçinin Fransa, Hindistan və İran hesabına (Rusiyanın özünə silah lazımdır) ordunu təzədən dirçəltmək kursu götürüb.

Təsadüfi deyil ki, kasıb və cırtdan ölkədə bu ilin hərbi büdcəsi rekord həddə - 1 milyard dollar civarında müəyyən edilib. Belə olan surətdə N.Paşinyan nədən Müdafiə Nazirliyi rəhbərliyinə qeyri-peşəkarları gətirir? Bu kimə siqnaldır və ya ismarışıdır? Yoxsa özünün təhlükəsizliyindən narahatdır? Bəlkə savadlı hərbçilərin hamısının Rusiyaya bağlı olmasından əndişəlidir?

Emin Həsənli: “Ordunun sağlamlaşdırılmasında informasiya resurslarının rolu  danılmazdır”

Emin Həsənli

Hərbi ekspert Emin Həsənli “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda xüsusilə 44 günlük Vətən müharibəsindən sonra hərbi rəhbərlikdə tez-tez dəyişikliklər olur: “ Paşinyan ordu rəhbərliyinə güvənmir. Xatırlayırsınızsa, ordunun bir neçə yüksək rütbəli nümayəndəsi Paşinyana müraciət etmişdi ki, istefa versin. Ordu siyasətə qarışmışdı. Paşinyan o zaman dəyişikliklər etdi. İndi də davamlı şəkildə bu dəyişiklikləri edir. Erməni baş nazir hətta açıq şəkildə mesaj vermişdi ki, Azərbaycanla sərhəddə təxribatları törədən Ermənistan tərəfidir. Belə bir etiraf etmişdi. Ermənistan tərəfdə generallar var ki, ”beşinci kolon"a işləyir. Paşinyan üstüörtülü şəkildə onların Rusiyaya işlədiyi mesajını vermişdi. Heç kəsə sirr deyil ki, Paşinyan Amerika başda olmaqla Qərbin layihəsidir. Onu Qərb dəstəkləyir. Onun alternativləri Rusiyaya bağlıdır. Ermənistan heç bir zaman müstəqil dövlət olmayıb. Oradakı qərarları ya Rusiya, ya da Amerika tərəfi verib. Müəyyən vaxtlarda da Rusiyanın bu və ya digər şəkildə təsir dairəsində olub. İranla da mütəffiqlikləri məlumdur. Amma idarəetmədə əvvəl Rusiya daha çox təsir edirdi, son dönəmlərdə də Amerika. Ona görə də bu dəyişikliklərə bu mövqedən baxmaq lazımdır. Son dönəmlər onun atdığı bəzi addımlar Ermənistan cəmiyyətində narazılıqlar yaradıb. O, ehtiyat edir ki, hərbi çevriliş ola bilər. Bilirsiniz ki, bu tipli ölkələrdə Rusiya və Qərb davamlı olaraq çevrilişlər təşkil edir. Son olaraq biz Afrikada bu prosesləri gördük. Ermənistan tipli ölkələrdə hakimiyyət dəyişikliklərinin tez-tez olmasının, bu tipli proseslərin də arxasında xarici dairələrin durmasının zaman-zaman şahidi oluruq. Rusiya daha çox hərbi çevrilişlər edir, Qərb isə demokratiya adı altında bu prosesləri həyata keçirməyə çalışır. Burada siyasi partiyalardan, QHT-lərdən istifadə olunur. Ermənistanda Levon Ter Petrosyanın, Serj Sərkisyanın hakimiyyətdən uzaqlaşdırılması ilə belə proseslərə şahidlik edilib. Petrosyanın hakimiyyətdən uzaqlaşdırılmasını Rusiyameyilli qüvvələr təşkil etdilər. Ondan sonra hər kəs yaxşı xatırlayır ki, Ermənistan parlamentində gülləbaran oldu. Bunu rusmeyilli qüvvələr təşkil etdi. Həmin qüvvələr bunu o zaman etmişdilər ki, Ermənistanla Azərbaycan arasında danışıqlar baş tutmasın. Sərkisyanı isə Amerikaya bağlı qüvvələr devirdilər. Bunu da küçə aksiyaları ilə həyata keçirdilər. Paşinyan bunu yaxşı bildiyindən Müdafiə Nazirliyində hər zaman özünə yaxın şəxslərin olmasına çalışır. Orada peşəkarlığın, hərbi təhsilin, bacarığın olması ikinci dərəcəli məsələdir. İndiki dönəm üçün birinci məsələ sədaqətdir. Ondan sonra digər məsələlər gəlir. Paşinyanı ona yaxın olan şəxsin peşəkar olmaması deyil, daha çox yaxın olmayanın peşəkar olması ciddi narahat edir. Ona görə də özünə bağlı olan şəxslərin daha çox hakimiyyətdə olmalarını təmin etməyə çalışır".

Qalib orduda neqativ hallar

Alp Arslan İmamqulu

Hərbi ekspert Alp Arslan İmamqulu erməni tərəfin çox acınacaqlı durum yaşamağa davam etdiyini bildirdi: “Ermənistanda son təyinatlar onu göstərir ki, baş nazirin bir çox istiqamətlər üzrə ciddi narahatçılıqları var. Çünki mövcud vəziyyətdə nəinki Ermənistanın silahlı qüvvələri, ən kiçik birlik və birləşmələri Rusiya tərəfindən diktə edilməkdədir. Bu baxımdan Ermənistan rəhbərliyi özünün təhlükəsizliyi adına güvənilir şəxsləri iş başına gətirməkdədir. Təbii ki, hərbi karyerasını nəzərə alaraq bunu edə bilməyəcəyi üçün mülki sektordan mütəxəssislər, yaxud o istiqamətdən az-çox məlumatlı olan şəxslər vəzifə başına gətirilməkdədir. Bu da Ermənistan hakimiyyətinin nə qədər acınacaqlı vəziyyətdə olduğunun göstəricisidir”.

 Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR