İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni spikerin Gebbelssayağı yalanları – Simonyan çaşıb necə düzünü dedi

2517 23.12.2023 14:23 Siyasət A A

Ermənistan rəsmilərinin Gebbelssayağı yalanları bitmir. Bəzən buna o dərəcədə aludə olurlar ki, cəmi bir neçə gün öncəki söylədiklərini növbəti açıqlamalarla təkzib etdiklərinin belə, fərqinə varmırlar. Peşəkar gopçular arasında sözsüz ki, parlamentin spikeri Alen Simonyan da var.

“Ermənistan heç bir halda KTMT-nin fəaliyyətini pozmaq istəmir. İrəvan KTMT-yə münasibətdə mövqeyini yalnız bu təşkilat Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisində olduğunu bəyan etdikdən və onların çıxarılmasını tələb etdikdən sonra dəyişəcək”.

Dünən bunu A.Simonyan İrəvanda KTMT baş katibi ilə görüşdən sonra bildirib.

Onun sözlərinə görə, blokun istinasız olaraq, bütün üzv ölkələri belə konkret mövqe sərgiləməyincə Ermənistan KTMT-nin işlək qurum olmadığı mövqeyində qalacaq.

“Eyni zamanda, İrəvana belarus və ya qazax əsgərlərinin bura gəlib Azərbaycan hərbi birləşmələrini Ermənistan ərazisindən çıxarmasına ehtiyac yoxdur. İrəvan sadəcə, KTMT-dən siyasi bəyanat gözləyir”, - sitatın sonu.

Əvvəla, haradan bilirsən ki, Azərbaycan Ordusu Ermənistanın “qanuni və suveren” ərazisinə girib, əgər sərhədlər dəqiqləşməyibsə, iki qonşu ölkə bir-birinin suverenliyi və ərazi bütövlüyünü tanımayıbsa?

İkincisi, Azərbaycan torpaqlarının 20%-i (!!) on illər boyu Ermənistanın işğalı altında olanda, barbar soydaşlarınız tərəfindən şəhər və kəndlərimizin altı üstünə çevriləndə, soyqırımları, ekosidlər törədiləndə görəsən niyə bircə dəfə simonyanların səsi çıxmadı, beynəlxalq hüquq yadlarına düşmədi? Harada idilər onda? Axı o vaxt da indiki kimi BMT və onun Nizamnaməsi, ATƏT, Avropa Şurası kimi təşkilatlar mövcud idi, Ermənistan onların üzvü idi. Nədən özlərinə rəva bilmədiklərini asanca Azərbaycana görür bu tayfa?

Üçüncüsü, maraqlıdır ki, elə həmin gün erməni spiker Bakı ilə sülh müqaviləsinin imzalanması imkanlarından danışarkən söyləmişdi ki, sərhədlərin delimitasiyası və demarkasiyası uzun prosesdir və sülh sənədindən sonra da başlaya bilər. Yəni dolayısıyıa Azərbaycanın Ermənistan ərazisinə girmədiyini etiraf etmişdi. Başqa sözlə, özünütəkzib.

Nəhayət, Simonyan unudur ki, KTMT-də blok üzvü olmayan Azərbaycanın daha çox dostu var (Qazaxıstan, Qırğızıstan, Belarus), nəinki Ermənistanın - əgər o da varsa. Hətta dostumuz olmasaydı belə, əlahəzrət həqiqət var və bizim yanımızdadır...

Ondansa Paşinyanın yaxın silahdaşı olan spiker zəhmət çəkib Ermənistanda Samvel Şahramanyan başda olmaqla separatçı-revanşist ünsürlərin təzədən Azərbaycan əleyhinə ayaqlanmaq istəyindən danışaydı. İki ölkə arasında yeni qanlı münaqişəyə rəvac verə biləcək, kövrək sülh prosesini darmadağın edəcək bu olduqca təxribatçı və təhlükəli hərəkətlənməni rəsmi İrəvan vaxtında önləyə biləcəkmi? İradəsi çatacaqmı, yoxsa bu axmaq ideyanı altdan-altdan körükləyəcək?

Hər halda, dünənədək A.Simonyan daxil, yüksək çinli iqtidar yetkililərinin hamısı ölkədə mifik qurumun heç bir “institutu”nun fəaliyyətinə imkan verilməyəcəyini bir ağızdan bəyan edib. Gözləyək görək sözlə əməlləri düz gələcəkmi? Hərgah, bu da faktdır ki, İrəvanda hələ də “dqr nümayəcndəliyi” fəaliyyət göstərir, Ermənistanın konstitusiyasına görə isə keçmiş DQMV onun ərazisidir.

Hər şey qırağa, Simonyan ölkəsinin “sərhədləri”ndən, “ərazi bütövlüyü”ndən dəm vuranda, barı özlərinin beynəlxalq hüquqa zidd indiki konstitusiyasını yada salıb bir azca utansın. Hansı konstitusiyanı ki, hazırda sədri olduğu parlament 1995-cü ildə təsdiqləyib.

Məxsusi xatırlatma: həmin konstitusiyanın preambula hissəsində Ermənistanın Müstəqillik Aktına istinad edilir, Müstəqillik Aktında isə keçmiş DQMV-nin Ermənistana birləşdirilməsi haqda müddəa var. Yəni “Ermənistan ərazisi” deyəndə indiki konstitusiya təkcə 29.8 min kv km-lik Ermənistan SSR-i deyil, həm də 4.4 kv km-lik keçmiş DQMV-i özündə ehtiva edir – 34.1 kv km!

Ermənistanın Müstəqillik haqqında Aktında (maddə 11) və konstitusiyasında (maddə 13) həmçinin qardaş Türkiyə ilə bağlı “soyqırım” və təzminat iddiası yer alır, Türkiyənin qanuni torpaqları “Qərbi Ermənistan” kimi təsbit edilir. Qısası, Azərbaycanla yanaşı, qardaş ölkəyə də açıq-aşkar, konstitusion səviyyədə ərazi iddiası qalır.

KTMT-yə qarşı absurd tələbdənsə, şüşəli otaqda oturub başqasına daş atmaqdansa, öncə bu böyük qələtinizi düzəldin...

Siyasət şöbəsi,
Musavatı.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR