İnsanlara hürriyət, millətlərə istiqlal!

Əmini söy, konfet verim - Zamin Hacı YAZIR

2093 31.03.2024 18:43 Yazarlar A A

Milli idmanımızda çoxlu anekdotlar vardır, yəqin bilirsiniz. Məsələn, bir gün futbolçularımız xaricdə 10:0 uduzurlar, dövlət başçısı məşqçiyə zəng vurur: “Niyə qapıçını da aparmamısınız?” Yaxud, televizorda futbol şərhçisi sürətlə danışırmış, məşqçi fasilədə gəlir pressa bölümünə, deyir, atam, bir az yavaş danış, oyunçularım çatdırmır. Milli üzgüçümüz haçansa olimpiadada axırdan 33-cü yeri tutmuşdu, o da bir əski anekdotu yada salmışdı: “Hacı dayı suya tullanma yarışında çempion olur, medalı alanda deyir ki, məni suya itələyəni tutsam...”

İndi şanlı futbol komandamız çempionatın axırına 8 tur qalmış çempion olubmuş, dünya rekordunu təzələyibmiş. Sən demə belə maraqlı rekordlar var: turnir bitməyə neçə oyun qalanda çempion olmaq. Kimsə indiyəcən 6 tur qalmış çempion olubdur, indi bizim dünya şöhrətli komanda 8 tur qalmış qızıl medallara yiyələnibdir. Gör nə qədər səviyyəli çempionatdır... Mən dəqiq bilmirəm, görəsən bizim milli çempionat neçə turdan ibarətdir ki? Elə lap birinci turdan qalibi elan etmək olmazdımı? Camaat da boşuna əziyyət çəkməzdi.

Əlbəttə, təbrik edirik, mız qoymuruq. Axar-baxarlı olsun, çempionlarımızın sorağı Marsdan, Yupiterdən gəlsin. Necə deyərlər, söhbətdir, eləyirik. Bu saat onsuz xalqı belə söhbətlər maraqlandırır. Deyir Tik-tokda bir uşaq varmış, yaxşı söyüş söyürmüş. Minlərlə izləyicisi, fan-klubu yaranıbdır. (Bəlkə gələcəkdə Bakıya mer qoyduq). Uşaq atasını söyür, ata uşağını çimdikləyir, millət də kayf tutur. Guya hansısa nazirliklər isə bu vəziyyətdən narahat olurmuş. Deyiblər uşaq dərsdən yayınır. Sanki məktəblərimizdə dərs keçən varmış.

Bu yerdə öz balacalığım yadıma düşdü, daha doğrusu, anamın danışdıqlarından, çünki özüm o qədər xatırlamıram. Deyirdi ki, qohumumuz Qulu dayı bizə qonaq gələndə məni hasarın üstünə çıxarırmış, öyrədirmiş, bulaqdan gələn qızlara söz atırmışam. Söz də nə söz... Burda yazmaq mümkün deyil. Yalnız ucundan-qulağından işarə verim ki, hörmətli oxucular qızlara söylədiklərimin məzmunu haqda xəbərdar olsun: mənim hasarın üstündən dediklərimin mənasını həmin 4-5 yaşımda anlamağım qəti mümkün deyildi, bunun üçün yetkinlik yaşına çatmaq lazım idi.

Prinsipcə, müdriklər də bu işə qarşı çıxmır, biri deyib ki, mədəniyyət qədim insanın daşı yerə qoyub söyüş söydüyü anda yarandı.

Bəli, qısaca “əmiyə söy” kimi ifadə edəcəyimiz filoloji yanaşma bizim milli idman növlərimizdən biri sayılmağı haqq edir. Dədə-babadan bəri uşaqlara ilk öyrətdiyimiz yaxşı söymək olubdur. Hansı uşaq yaxşı söysə, mütləq yaxşı gələcəyi vardır. Ona görə Tik-tokda məşhurlaşan uşağı xalqımız belə sevir, azarkeşlik edir. Hər hansı parlaq, sürətli uğurun mütləq el arasında, milli yaddaşda kökləri olmalıdır. Belə şeylər təsadüfən yaranmır. Bizi uşaqlıqda döyməsələr, döymərik. Söyməsələr söymərik.

Haşiyə çıxaraq qeyd edim ki, mənim nə o uşağa, nə auditoriyasına iradım, tənqidim yoxdur, ola da bilməz. Birinci ona görə ki, tərbiyəli olub nə qələt edəcək? Başından vurub çörəyini alacaqlar, acından gəbərəcək. Meşəyə düşmüsənsə, Mauqli olmalısan. Tarzan olmalısan. Ağacdan ağaca tullanmalısan.  İkincisi, ən əsası, özüm də söyülmək istəmirəm.

Ümumiyyətlə, bizdə hər şey tarixə, dəyərlərə uyğun aparılır.  Bu işarələri, sadəcə, ariflər görür, anlayırlar, cahillər isə mız qoyur, donquldanır. Örnək üçün, hazırda qayda yaranıb, yaydan taksilər ağ və qırmızı rəngdə olmalıdır. Qara taksi olmayacaq. Bu, sırf Dədə Qorquddan gəlmə ənənədir. İzah eləməyə həvəsim qalmadı, bilənlər bilməyənlərə danışsın.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR