İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyevin Şuşadan verdiyi mesaj və ən mühüm detal...- Korotçenko

1245 25.07.2023 13:06 Siyasət A A

“Şuşa Qlobal Media Forumu ötən həftənin ən mühüm beynəlxalq tədbirlərindən birinə, əlamətdar hadisəyə çevrildi. Forumun keçirilməsi Azərbaycanın siyasi, diplomatik, informasiya təntənəsi oldu. Prezident İlham Əliyev regional və beynəlxalq vəziyyətin dərin təhlilini, rəqəmlərə, faktlara mükəmməl yiyələndiyini, strateji hədəflərin müəyyən edilməsini nümayiş etdirdi. O, əsl lider, siyasətçi və diplomat kimi unikal keyfiyyətləri nümayiş etdirdi”.

News24.az xəbər verir ki, bunu Şuşa Qlobal Media Forumunun iştirakçılarından biri, rusiyalı politoloq, Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko “Moskva-Baku”ya müsahibəsində deyib.

“Təfərrüatlara varmamaq mümkün deyil - Prezident Əliyev forum iştirakçıları ilə “qalstuksuz” formatda görüş keçirdi. Bu, birbaşa səmimi söhbət idi. Bundan əlavə, dövlət başçısı üç dildə - Azərbaycan, ingilis və rus dillərində sualları cavablandırdı. İlham Əliyev dünyanın aparıcı liderlərindən biri olduğunu bir daha nümayiş etdirdi. Sakit, özünə güvənən, zəkanın dərinliyini nümayiş etdirən, ona uyğun bir şəkildə söhbət aparan... Problemlərin, mövqeyin, fikirlərin ani, aydın şəkildə təqdim edilməsi Azərbaycan Prezidentini çox güclü şəkildə fərqləndirir. İstisnasız olaraq bütün forum iştirakçıları çox böyük təəssürat içərisində idi”, - siyasətçi bildirib.

O qeyd edib ki, İlham Əliyevin çıxışını əsas nitq adlandırmaq olar, çünki qaldırılan məsələlərin dairəsi çox geniş idi, dövlət siyasətinin yaxın gələcək üçün hədəfləri müəyyən olundu, strateji baxış öz əksini tapdı: “Məhz bu mövzuda mən sual verdim - Azərbaycanın gələcək inkişafı strategiyası, prezidentin gördüyü kimi, əsas prioritetlər nələrdir. Prezident cavab verdi ki, əsas məqsəd regionda sülhün və təhlükəsizliyin, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması yolu ilə bərqərar olması, Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasıdır. Dövlət başçısı qeyd edib ki, Bakı dünya iqtisadiyyatının tendensiyalarını başa düşür və buna uyğun olaraq qeyri-neft sektorunun davamlı inkişafına, bərpa olunan enerjinin inkişafına arxalanır. Axı təbii ehtiyatlar öz həcmlərində məhduddur. Və bu çox sağlam yanaşmadır. Gələcəyin iqtisadiyyatı üçün zəmin yaratmaq bu gün gələcəyin çağırışlarına hazırlaşan və dövlətinin uğurlu olmasını istəyən liderlərin əsas vəzifələrindən biridir. Prezident Əliyev zamanın nəbzini mükəmməl hiss edir, cari və gələcək çağırışlar və keçmiş təcrübələr əsasında siyasət aparır. Bu baxımdan Əliyev Qarabağı bu gün ölkənin iqtisadi inkişafının aparıcı qüvvəsi kimi görür”.

Korotçenko əlavə edib ki, İlham Əliyev beynəlxalq təlatümlər fonunda öz dövlətini irəli aparan, qabaqcadan düşünən, bütün riskləri hesablayan və əsl müstəqil dövlət başçısı olan nadir liderdir: “Hansı ki, bizim dövrümüzdə, xüsusən beynəlxalq münasibətlər sisteminin dəyişdiyi indiki beynəlxalq şəraitdə çox nadir hallarda rast gəlinir. Həmçinin, Azərbaycanın müasir siyasətinin prioritet istiqamətlərindən biri də Azərbaycan Silahlı Qüvvələrinin daha da müasirləşdirilməsi, ən müasir silahlarla təchiz edilməsi, səmərəliliyinin artırılmasıdır.

Mən daha bir detalı vacib hesab edirəm: prezident qeyd etdi ki, hər bir insan kimi o da ədalətsizliyə görən yerdə reaksiya verir və Azərbaycan hakimiyyəti insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün hər şeyi edəcək. Dövlət başçısının bu cür yanaşması, ölkəsinin rifahının qayğısına qalması, xalqın yanına getməsi, birbaşa təmas vasitəsilə sakinlərin arzularını öyrənməsi çox vacibdir.

Yeri gəlmişkən, Ermənistanda həm sosial şəbəkələr seqmentində, həm də rəsmi İrəvanda foruma kifayət qədər əsəbi reaksiya verilib. Baş nazir hətta ötən gün “cavab” olaraq mətbuat konfransı keçirmək qərarına gəlib”.

Siyasətçi hesab edir ki, forum xüsusən də informasiya müharibəsi fonunda bir daha Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirməyə və öz nöqteyi-nəzərini dünyanın onlarla ölkəsinin media ictimaiyyətinə çatdırmağa imkan verdi: “Forumun sonunda İlham Əliyevin yanıma gəlib məni salamlaması və əlimi sıxması çox xoş idi. Bu həm də bir jestdir. Forum iştirakçıları isə artıq yaxınlaşmağa, prezidentlə selfi çəkdirməyə, ünsiyyət qurmağa başladılar. Bu sadə ünsiyyət həm də siyasətçinin səviyyəsinin göstəricisidir. Media forumunun əla təşkilinə hamı diqqət yetirdi. Bu yaxınlarda istifadəyə verilmiş gözəl beşulduzlu “Şuşa” mehmanxanasında keçirildi. Onun separatçıların “parlament” qurmaq istədikləri yerdə tikilməsində müəyyən simvolizm var.

Biz də gördük ki, işğaldan azad edilmiş Azərbaycan əraziləri və 30 illik işğalın nəticələrinin bərpası istiqamətində nə qədər fəal iş aparılır. Şuşada bərpa işləri aparılır, çoxlu sayda tarixi abidələr bərpa olunub, həm müsəlman, həm də xristian dini ziyarətgahları bərpa olunur. “Zəfər yolu” ilə Şuşaya gedəndə biz genişmiqyaslı infrastruktur dəyişikliklərinin şahidi olduq. İşğaldan azad edilmiş ərazilərin bərpasının nəticələri, Azərbaycan torpaqlarının işğaldan azad olunduqdan dərhal sonra necə göründüyünü və son zamanlar nə qədər dəyişdiyini müqayisə edəndə ortaya çıxan təzad həm də Azərbaycanın uğurudur”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR