İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyev: Tramp sələflərindən fərqli olaraq sülhə çalışdı, Zəngəzur dəhlizinin vacibliyini anlayır

696 13.07.2026 10:11 Son xəbər A A

Şuşada keçirilən IV Qlobal Media Forumunda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın xarici siyasət kursunun əvvəlki Amerika administrasiyalarından ciddi şəkildə fərqləndiyini bildirib. Dövlət başçısı vurğulayıb ki, Trampın rəhbərlik etdiyi administrasiya Azərbaycan-Ermənistan sülh prosesində mühüm rol oynayıb və Zəngəzur dəhlizinin açılmasının zəruriliyini düzgün qiymətləndirib.

Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bildirib, Qarabağın işğalı dövründə ABŞ-ın əvvəlki administrasiyaları ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətləri ilə birlikdə münaqişəni həll etmək əvəzinə onu dondurmağa çalışırdı. Onun sözlərinə görə, həmin siyasətin məqsədi münaqişədən həm Azərbaycana, həm də müəyyən mənada Ermənistana təsir vasitəsi kimi istifadə etmək idi və həmsədr ölkələr bu istiqamətdə koordinasiyalı fəaliyyət göstərirdilər.

Dövlət başçısı qeyd edib ki, Donald Trampın yanaşması tamamilə fərqli olub. Əliyevin sözlərinə görə, Tramp dünyanın müxtəlif bölgələrində sülhün bərqərar olmasına çalışan siyasətçidir və bu, onun xarakterinə, eləcə də siyasi kursuna tam uyğundur.

Prezident vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları yekun mərhələyə çatanda Tramp və onun administrasiyası prosesdə mühüm rol oynayıb. O bildirib ki, ABŞ rəhbərliyi Azərbaycanın mövqeyini, eləcə də Zəngəzur dəhlizinin yaradılmasının vacibliyini tam anlayıb və Ermənistan rəhbərliyini sülhə razı salmaq istiqamətində təsirli diplomatik fəaliyyət göstərib.

İlham Əliyev qeyd edib ki, Bakı ilə İrəvan arasında sülhün əldə olunması region üçün yeni imkanlar açacaq. Onun sözlərinə görə, TRIPP marşrutu Donald Trampın adını daşıyır və layihə üzrə praktiki işlərə artıq bu il başlanacaq.

Prezident əlavə edib ki, bu layihənin həyata keçirilməsi Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək. Dövlət başçısı göstərilən dəstəyə görə Trampın komandasına, o cümlədən ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffa və prosesdə iştirak edən digər şəxslərə təşəkkürünü ifadə edib.

İlham Əliyevin bu açıqlamaları ABŞ-ın region siyasəti, Azərbaycan-Ermənistan sülh prosesi və Zəngəzur dəhlizinin perspektivləri baxımından forumun ən diqqətçəkən mesajlarından biri kimi qiymətləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR