İnsanlara hürriyət, millətlərə istiqlal!

Effektiv dövlət siyasəti: strateji təfəkkür və milli maraqların vəhdəti

259 25.07.2023 15:45 Siyasət A A

Heç şübhəsiz ki, Prezident İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumundakı çıxışı əlamətdar hadisə kimi ölkəmizin siyasi təcrübəsində, həmçinin nəzəri siyasi məktəbin tarixində əbədi qalacaqdır. Tərəddüd etmədən deyə bilərik ki, Prezidentin çıxışında əksini tapmış tezislərdə dövlət üçün strateji əhəmiyyət kəsb edən sahələrin inkişaf modelləri müəyyən olunur. Təkcə elə bu səbəbdən sözügedən çıxışın təhlili politoloqların populyar şərhləri ilə məhdudlaşmamalıdır. Burada mütləq şəkildə konkret sahələr üzrə mütəxəssislərin təhlilləri də olmalıdır. Əks halda, konfransın mahiyyəti yalnız tədbir iştirakçılarının şəxsi hesabatlarında əks olunması ilə məhdudlaşacaqdır.

Bu fikirlər siyasi elmlər üzrə fəlsəfə doktoru A.Adilin “Effektiv dövlət siyasəti: strateji təfəkkür və milli maraqların vəhdəti” sərlövhəli məqaləsində yer alıb. 

Musavat.com məqaləni təqdim edir.

Bəli, dövlət siyasətinin təbliğində komplimentar ritorika önəmli amildir. Ancaq təsirli nailiyyətlərin əldə olunması üçün ünvanlı təhlillərin aparılması şərtdir. Tədbirin adına diqqət yetirin. Burada yeni media məhz 4-cü Sənaye İnqilabı dövrü kontekstində qeyd olunur. Həmin dövrdə media sadəcə, “kserokopiya” (eyni informasiyanın çoxaldılması və surətlərin çıxarılması) funksiyasından uzaqlaşır. Media tədricən cəmiyyətdə olan potensialın səfərbər olunmasına xidmət edən effektiv mexanizmə çevrilir. Media sadəcə, siyasətin davamı deyil, media ictimai mobillik təminatçısıdır. İctimai mobillik isə davamlı inkişafın şərtidir. Beləliklə, media sadəcə, təbliğat alətindən cəmiyyət və dövlətin inkişafının ayrılmaz meyarına çevrilmiş olur.

Əslində, konfrans zamanı səsləndirilmiş çoxşaxəli mesajlar mahiyyət etibarilə Prezidentin həyata keçirdiyi dövlət siyasətinin fəlsəfəsini müəyyən edir. Sosial şəbəkələrin “dayazlığı” səbəbindən ölkənin siyasi ritorikası bir qədər bəsitləşib. Etiraf etməliyik ki, kütləyə mətnin məzmunu yox, daha çox həmin mətninin emosional yükü təsir edir. Qeyd olunan təsbit müasir dövrün ayrılmaz sosial-psixoloji xüsusiyyətidir. Onu da nəzərə almalıyıq ki, müşahidə olunan tendensiya zərərlidir.

Odur ki, aidiyyəti elm və təhsil qurumlarında dövlətimizin başçısının bu cür çıxışlarına həsr olunmuş ixtisaslaşmış kursların təşkili təqdirəlayiq hesab olunardı. Məhz bu cür yanaşma sayəsində Prezident İlham Əliyevin strateji düşüncə tərzi adekvat dəyərləndirilə və tirajlana bilər. Sözügedən məsələni xüsusilə sahəvi dövlət qurumlarına aid etmək olar. Prezidentin çıxışları konkret sahələrin inkişaf modellərinin konturlarını müəyyən edir. Birmənalı olaraq deyə bilərik ki, Prezidentin prinsipial mesajları sahələrin inkişaf konsepsiyalarında mütləq əksini tapmalıdır. Bu, baş vermirsə, deməli strateji planlamada çatışmazlıqlar mövcuddur.

Rəsmi və beynəlxalq tədbirlərdə dövlət başçısının bu cür konseptual çıxışlarının bilavasitə demokratik idarəetmənin təzahürü kimi dəyərləndirilməsi də labüddür. Belə ki, dövlət idarəetməsində açıq mesajlar şəffaf siyasətin göstəricisi kimi qəbul olunur. Şəffaf siyasət isə ilk növbədə, siyasi iradənin, gücün və peşəkarlığın təzahürüdür.

Prezidentin sözügedən çıxışında hətta akademik araşdırma və təhlilləri tələb edən mövzular da mövcuddur. Burada sadəcə, sitatların tirajlanması yetərli deyil. Azərbaycan Prezidenti tərəfindən müəyyən olunmuş strateji tezislər mütləq olaraq sahələr üzrə konkret məzmunla doldurulmalıdır. Tezislər dövlət üçün strateji hesab olunan prioritetləri müəyyən edir, iş mexanizmlərinin müəyyən olunması isə artıq sahələrin səlahiyyətidir. Bu səbəbdən də düşünürəm ki, cavabdeh sahələr öz fəaliyyətində sadəcə, sitatların tirajlanması ilə məhdudlaşmamalıdırlar.

Dövlətimizin başçısının yuxarıda adı çəkilən çıxışında konkret sahələrin strateji prioritetlərini göstərən və Prezident İlham Əliyevin dövlət siyasətinin fəlsəfəsinin konturlarını aşkar edən bəzi prinsipial mesajları müəyyən etməyə çalışaq.

“Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Şuşa həm də bizim cəsarətimizin rəmzidir”.

Tərəddüd etmədən deyə bilərik ki, Prezident tərəfindən “mədəniyyət”, “Qələbənin rəmzi”, “sülhün rəmzi” və “cəsarətin rəmzi” kimi ifadələrin bir arada istifadə olunması təsadüfi deyil. Prezidentin bu mesajı sadəcə, müvafiq tədbirlər silsiləsinin keçirilməsi çağırışı kimi qəbul olunmamalıdır. Ehtimal edə bilərik ki, dövlət başçısı bu sözlərlə “Qalib xalq” ideologiyasının hazırlanması mesajını cəmiyyətə ötürmüş olur. Xatırladaq ki, “Qalib xalq” məfhumu vətənpərvərlik anlayışı ilə sıx əlaqədədir. Məhz elə bu səbəbdən də cənab Prezident öz çıxışlarında davamlı olaraq gənclərin vətənpərvərliyi mövzusuna toxunur.

“Azərbaycan və Türkiyə qardaşlığı təkcə regionda deyil, dünyada məlum bir faktdır”.

Sözsüz ki, sözügedən mesaj daha çox beynəlxalq ictimaiyyətə yönəlib. Bu mesaj sadəcə, iki ölkə arasında qardaşlıq münasibətlərindən bəhs etmir. Qeyd olunan mesaj daha çox ona işarə edir ki, beynəlxalq münasibətlər sistemində həm Azərbaycan, həm Türkiyə müstəqil aktor olaraq artıq bir yox, iki səsə malikdir. Bununla da Azərbaycan və Türkiyə müasir beynəlxalq münasibətlər sisteminə yeni etibarlı davranış modelini təqdim etmiş olur. Mövcud istiqamətdəki strateji araşdırmalar məhz həmin şərti modelin formalaşmasına xidmət etməlidir.

“... ölkə sabitdir, cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir”.

Bu sözlərlə Prezident İlham Əliyev davamlı inkişafın iki prinsipial meyarını müəyyən etmiş olur: sabitlik və həmrəylik. Hamıya məlumdur ki, “davamlı inkişaf” məfhumu nüfuzlu beynəlxalq təsisatların ən populyar mövzularından biridir. Belə ki, sözügedən açıq mesajlar bizim alimlərimiz üçün fundamental tədqiqatların aparılmasına yaşıl işıq yandırmış olur. “Davamlı inkişafın Azərbaycan modeli” adlı konseptual sənədin layihəsi hazırlanaraq bütün beynəlxalq təşkilatların gündəliyinə salına bilər. Olduqca aktual və perspektivli mövzudur.

Eyni zamanda, həmrəylik və konsensus amilinə də diqqət ayrılmalıdır. Həmrəyliyə aparan yol isə qarşılıqlı anlaşma və dialoq mühitidir. Sistemli islahatlar və yeni siyasi konfiqurasiyanın formalaşması dövründə qeyd olunan mesaj xüsusi əhəmiyyət kəsb edir. Bu gün ölkəmizdə siyasi münasibətlərin sağlamlaşdırılmasına xidmət edən islahatlar birmənalı olaraq qeyd olunan mesajın funksional təzahürüdür.

“Azərbaycanın iqtisadiyyatı özünü təmin edir, biz öz resurslarımızla özümüzü təmin edirik...”.

Əlbəttə ki, Prezidentin bu sözləri milli iqtisadiyyatımızın potensialına işarə edir. Ancaq siyasi müstəvidə qeyd olunan mesaj müstəqil siyasətin aparılması imkanına işarə edir. Odur ki, mövcud kontekstdə güclü iqtisadiyyat tam müstəqilliyin və suverenliyin şərtidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev prinsipial olaraq hər zaman vurğulayır ki, Azərbaycan müstəqil siyasət aparır. Dünyanın siyasi xəritəsinə diqqət yetirsək görə bilərik ki, məhdud sayda olan istisna ölkələr sözün əsl mənasında müstəqil siyasət aparmaq iqtidarındadır. Odur ki, həmin potensial və bu cür nailiyyət müasir dövrün siyasi dəyəri kimi şərh və təqdim olunmalıdır.

“Bu gün ordumuz üç il əvvəlki ordudan daha güclüdür. Buna ehtiyac var... Bu gün beynəlxalq hüquq normaları kobud şəkildə pozulur, beynəlxalq hüquq selektiv tətbiq edilir”.

Bəli, bu sözlər gücün nümayişi mesajıdır. Ancaq bununla sözügedən mesajın məzmunu və əhəmiyyəti məhdudlaşmır. Prezidentin bu sözləri, eyni zamanda, dünyada yaşanan ədalətsizliyin ünvan və səbəblərinə də işarə edir. Etiraf olunmalıdır ki, yalnız güclü, nüfuzlu və müstəqil siyasət apara bilən dövlət xadimi beynəlxalq təşkilatları qınaya bilər. Bu cür ritorika hər bir azərbaycanlını qürurlandırmalıdır.

“Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə sürətlə inkişaf edib”.

Prezidentin bu sözlərinə əlavə olaraq onu da qeyd edə bilərik ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatın institusional inkişafı da müşahidə olunub. Bu cür yanaşma və bu cür mesajlar isə artıq Azərbaycanın yönəldici beynəlxalq aktor kimi potensialından xəbər verir. Tamamilə yeni status və yeni üfüqlər. Əlbəttə ki, mövcud status və bu cür iddialar da mütləq olaraq konseptual işləmələr ilə təsdiqlənməlidir.

“Regional inkişaf əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır”.

Problematikanın bu cür qoyuluşu vasitəsilə Prezident İlham Əliyev sülh müqaviləsinin imzalanması məsələsini təkcə Azərbaycanın yox, bütün qonşu ölkələrin və beynəlxalq təşkilatların gündəliyinə gətirmiş olur. Bununla da sülh müqaviləsinin imzalanması məsələsi artıq bizim regionumuzda maraqları olan bütün ölkələrin milli prioritetləri siyahısına daxil olunur.

“Azərbaycanda yaşayan etnik qrupların bütün nümayəndələri eyni hüquq və vəzifələrə, təhlükəsizlik səviyyəsinə malikdirlər”.

Bu mesajla Prezident İlham Əliyevin bir daha multikulturalizm siyasətinə öz sadiqliyini bəyan etmiş oldu. Xatırladaq ki, multikulturalizm ölkəmizin xarici siyasətinin əsas vizit kartlarından biridir və mövcud istiqamətdə uzun illər ərzində davamlı olaraq silsilə tədbirlər həyata keçirilir. Bu siyasətin nəticəsində nüfuzlu beynəlxalq təşkilatlar dəfələrlə bəyan etmişlər ki, Azərbaycan dünya multikulturalizminin ünvanlarından biridir. Əslində, qeyd olunan mesaj Qarabağ erməniləri ilə bağlı olan bütün qərəzli suallara və şərhlərə konkret cavabdır.

“Bu gün kapital və sərmayə proqnozlaşdırılabilən və sabit məkanlara gedir, belə bir məkan məhz Azərbaycandır”.

Bəli, mesaj xarici yönümlü kimi görünsə də, ehtimal edə bilərik ki, bu tezis, ilk növbədə, daxili auditoriyaya hesablanıb və daha çox tapşırıq xarakterlidir. İctimai-siyasi münasibətlərin bütün sahələrinin, o cümlədən iqtisadi münasibətlər sahəsinin, cəlbediciliyini təmin etmək üçün müvafiq proqramlar hazırlanmalı və konkret tədbirlər reallaşdırılmalıdır. Obyektivlik naminə deməliyik ki, qeyd olunan məsələdə real çatışmazlıqlar mövcuddur. İqtisadiyyatda, təhsildə və ya istənilən digər sahədə təbliğat, xüsusilə də xarici təbliğatda daha yaxşı nəticələr arzuolunandır. Nəzərə alınmalıdır ki, müasir dövrdə fəaliyyətin təbliğatı uğurun meyarıdır.

“Zəngəzur dəhlizini heç kim ləğv etməyib, bu layihə gündəlikdə qalmaqdadır və həyata keçirilməyənədək gündəlikdə qalacaq. Bu isə olduqca böyük potensial açır”.

Artıq heç kimə sirr deyil ki, iqtisadiyyat, siyasət və ölkənin beynəlxalq statusu bir-biri ilə bağlı və bir-birindən asılı olan məfhumlardır. Bəli, cənab Prezident Azərbaycanı qlobal logistik haba çevirmək niyyətini heç zaman gizlətməyib. Ancaq bu məqsədə nail olmaq üçün əlverişli coğrafiya yetərli deyil. Ölkənin beynəlxalq nüfuza malik olması mütləq şərtdir. Odur ki, qlobal haba çevrilməsi üçün bu gün ölkəmiz artıq bütün tələblərə cavab verir.

Qeyd olunan mesajın daha bir önəmli tərəfi mövcuddur. Belə ki, Napoleon Bonapartın: “Coğrafiya taledir” ifadəsini əsas tutan Qərb analitikləri uzun illər ərzində inandırmağa çalışırlar ki, coğrafi yerləşməsi səbəbindən Qafqaz regionu münaqişələrin yaşanmasına məhkumdur. Prezident İlham Əliyevin siyasəti nəticəsində isə Azərbaycan üçün ən böyük sayıla biləcək problem ölkəmizin inkişaf və güc amilinə çevrilir. Hesab edirəm ki, iqtidarın analitikləri məhz bu cür vurğulara daha çox diqqət yetirməlidir. Məsələnin bu cür qoyuluşu əlavə geosiyasi və iqtisadi dividendlərin səbəbi ola bilər.

“Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir”.

Prezidentin sözügedən tezisi medianın statusunu tamamilə yeni müstəviyə çıxarır. Yazının əvvəlində qeyd etdiyimiz kimi, müstəqil və peşəkar media demokratik münasibətlərin atributu statusundan uzaqlaşır və tədricən cəmiyyətdə olan potensialın səfərbər olunmasına xidmət edən effektiv mexanizmə çevrilir. Odur ki, heç şübhə etmədən yaxın gələcəkdə aparılan islahatların növbəti mərhələlərinə şahidlik edəcəyik.

Hətta bu cür kiçik təhlil deməyə əsas verir ki, Prezident İlham Əliyevin effektiv dövlət siyasətinin düsturunda strateji təfəkkür və milli maraqların vəhdəti önəmli amillərdəndir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR