İnsanlara hürriyət, millətlərə istiqlal!

Düşmən dəyirmanına su tökən milli satqınlar, “sapı özümüzdən olan baltalar”, “5-ci kolon”çular...

1317 26.07.2023 21:19 Siyasət A A

Prezident İlham Əliyevin cari ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində əhatəli çıxışı daxilə və xarici bir sıra mühüm mesajları ilə yadda qaldı. O sırada ölkə başçısı 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı mümkün təhdidlərdən də söz açdı.

“Torpaqlarımızı azad edəndən sonra ölkəmizə qarşı potensial təhlükə görmürük. Daxildə hər hansı təhlükə yoxdur, ölkə sabitdir, cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir, ölkənin iqtisadi inkişafı olduqca təsirlidir. Azərbaycanın iqtisadiyyatı özünü təmin edir, biz öz resurslarımızla özümüzü təmin edirik və yaxşı idarəçilik mövcuddur” - İlham Əliyev vurğuladı.

Bununla belə, Prezident qeyd etdi ki, xalq olaraq biz ayıq-sayıq olmalı, keçmişimizi unutmamalıyıq: “Unutmamalıyıq ki, qonşularımız tərəfindən kürəyimizə bıçaq sancıldı, gözlənilmədiyi anda qonşularımız kürəyimizə bıçaq sancdı və o zaman Azərbaycanda olan xaosdan istifadə edərək ərazilərimizi işğal etdi. Eyni zamanda biz unutmamalıyıq ki, İkinci Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, bu gün Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır və onlar bunu gizlətmirlər. Ona görə biz hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə biz İkinci Qarabağ müharibəsi bitən kimi, möhtəşəm Zəfərimizi nümayiş etdirən kimi dərhal yenidən müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq. Mən artıq bunu ictimai şəkildə bəyan etmişəm. Bu gün ordumuz üç il əvvəlki ordudan daha güclüdür”.

Sözsüz ki, 44 günlük müharibədəki tarixi Zəfərimizin bir mühüm şərti də daxili sabitlik, bütün sağlam ictimai-siyasi qüvvələrin hakimiyyət ətrafında yumruq kimi birləşməsi idi. Elə bu səbəbə xaricdəki erməni lobbisinə bağlı məkrli çevrələr yenə daxili vəhdətimizi pozmağa, ölkədə xaos, anarxiya yaradıb öz çirkin məqsədlərinə çatmağa çalışırlar. Bu yöndə fantastik paralar xərcləyirlər - xüsusən də “sapı özümüzdən olan baltalar”a, milli satqınlara, Azərbaycan daxilində özlərinə bağlı “5-ci kolon”çulara.

İlham Əliyev çıxışında bunu təsadüfən demədi ki, Ermənistan məhz Azərbaycandakı xaosdan istifadə edərək, torpaqlarımızı işğal etmişdi. Halbuki cəmi 44 günə biz düşmənin mifik “məğlubedilməz” ordusunu darmadağın etdik. Nəyin, hansı faktorların hesabına - məlum.  

Bəs Azərbaycandakı vətəndaş həmrəyliyinə, milli birliyimizə hazırda ən böyük təhlükə nədir? Dövlət, hakimiyyət, hökumət və cəmiyyət olaraq nələrə daha çox diqqət etməliyik?

 

Deputatlardan Fazil Mustafaya qarşı terrorun sifarişçilərinə sərt reaksiya  - 04.04.2023, Sputnik Azərbaycan

Fazil Mustafa: "Azərbaycan üçün ən böyük təhlükə xalqın, cəmiyyətin laqeydliyidir"

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışıb. Deputat qeyd edib ki, dövlət təhlükəsizliyinə ən böyük təhlükə xalqın, cəmiyyətin laqeydliyidir: “Təbii ki, düşmən hər zaman işləyir, cənubdan, şimaldan ayrı-ayrı şəbəkələr formalaşdırır, Azərbaycanın müstəqilliyini təhdid edən xüsusi addımlar atır. Bunlar hər zaman olub və bundan sonra da olacaq.

Dövlət də bu istiqamətdə müəyyən qabaqlayıcı addımlar atır, bəzən buna gecikir, bəzən isə dərhal reaksiya verir. Lakin  cəmiyyət sanki hər şey həll olunmuş kimi kənarda saxlanılır və təbii ki, bu məsələdə müəyyən dövlət qurumlarının da günahı var, çünki cəmiyyəti bu dərəcədə arxayınlaşdırmaq olmaz.

Prezident də bu məsələyə diqqət çəkərək, bu qədər arxayın, laqeyd, özünü sanki problemləri həll olunmuş Lüksemburq camaatı kimi aparan xalqın laqeydliyinin hansı təhlükəyə gətirib çıxara biləcəyini vurğulayıb. Çünki həm dövlət müstəqilliyi, həm də xarici təhlükə  üçün cəmiyyətin səfərbərlik potensialını ortaya qoya bilmirik. Məsələn, ölkəyə kütləvi şəkildə narkotik vasitələr buraxılır, amma kimsə qonşunun və yaxınlarının bu prosesdə iştirak etdiyi bilsə də susur, müşahidəçi qalır. Və yaxud qonşu ölkələrin casus şəbəkələrinin ölkədə fəaliyyətinə hamı müşahidəçi kimi izləyir, düşünür ki, bunun qarşısını almaq yalnız dövlətin borcudur. Yəni cəmiyyət bu məsələdə tamamilə kənardadır. Ona görə də düşünürəm ki, Azərbaycan üçün ən böyük təhlükə xalqın, cəmiyyətin laqeydliyidir. Bu təhlükə dövlətin əldə etdiyi böyük uğurları sıfırlaya bilər. Məsələn, müharibədən sonra müşahidə etdik ki, rüşvətdə həyasızlıq pik həddə çatdı, korrupsiya daha çox genişlənməyə başladı. Əslində isə mənəvi bir dəyişim baş verməli idi. Bəs niyə bu baş vermədi? Niyə cəmiyyətdə pis şeylər dəyişmədi?

Prezidentin Şuşa Media Forumunda çıxışlarından da məlum oldu ki, ölkə başçısının məlumat ala biləcəyi xətlər o qədər də geniş deyil. Misal üçün, Prezident bildirdi ki, ölkədə baş verən prosesləri sosial şəbəkə üzərindən izləyir, yaxınları, ailə üzvləri ona məlumat verir. Görünən budur ki, Prezidentin müxtəlif təbəqələrdən aldığı məlumatlarla nisbətdə məmurlardan aldığı məlumat azdır və bu olduqca təhlükəlidir. Çünki  bir çox məsələləri çatdırmadan imtina edir, gizlədirlər. Şəbəkələşmə o qədər genişdir ki, heç kim bir-birinin marağına toxunacaq informasiyanı vermək istəmir. Məlum məsələdir ki, Prezident eyni vaxtda bütün sahələri görə bilməz. Ona görə də nöqsanlar çözülməmiş qalır.

Fikrimcə, bu məsələdə böyük problem var və biz bu problem barəsində düşünməliyik. Prezidentin verdiyi mesajlar da buna yönəlik idi. Təbii ki,  ordumuz güclüdür, amma  ordu, müxtəlif hüquq-mühafizə orqanları ilə bağlı məsələnin nəzarət tərəfini daha da gücləndirməliyik ki, orada neqativ hallar  baş verməsin, uğurlarımıza kölgə salacaq davranışlar ortaya çıxmasın".

 Tural Abbaslı evlənir - Günün Səsi

Tural Abbaslı: "Daha təhlükəli daxildəki "5-ci kolon"çular və ideoloji boşluqdur"

AĞ Partiya sədri Tural Abbaslı isə bildirdi ki, Prezidentin dediyi kimi, ölkəmizə qarşı potensial təhlükə olmasa da, Azərbaycanın yerləşdiyi coğrafi mövqe onun hər zaman diqqətdə, ayaq üstə, ayıq-sayıq olmağı tələb edir: “Bu həm hərbi, həm də siyasi-sosial baxımından diqqətdə olmalıyıq.  Çünki şimaldan qonşumuz Rusiyadır, hansı ki, həmişə işğalla, başqa suveren ölkənin ərazisinə müdaxilə edir, hüquqlarını tapdalayır, digər tərəfdən, qonşumuz "Şeytan üçbucağı" deyilən İrandır, hansı ki, bu dövlət üçün də beynəlxalq hüquq anlayışı demək olar ki, yoxdur. Həmçinin digər məlum qonşumuz Ermənistandır, hansı ki, Azərbaycan ərazisini illərlə işğalda saxlayıb, dağıdıb, soyqırımlar törədib. Belə bir coğrafi ərazidə yaşayırıqsa, əlbəttə ki, hər zaman ayıq olmalıyıq.

Mən ordumuza arxayınam və orduda gedən islahatlara inanıram, ümid edirəm ki, ordumuz Türkiyə modeli üzrə  qurulacaq və regionda ən güclü ordu olacaq, Azərbaycanın təhlükəsizliyini təmin edəcək. Lakin daha təhlükəli daxildə ola biləcək “5-ci kolon"çulardır, hansı ki, onlar müxtəlif adlar altında qruplaşır.

Məsələn, bəziləri din pərdəsi, bəziləri demokratiya, insan haqları adı altında qruplaşır, bəziləri isə maddi maraq və özünü daha çox rusiyapərəst görmək arzusunda olan insanlardır. Bu baxımdan, milli həmrəyliyin qorunması üçün addımlar atılmalıdır və burada daha çox iş iqtidarın üzərinə düşür. Belə ki, daxili çəkişmələr, milli maraqları  üstələməməlidir. Məsələn, iqtidara mən gələcəm, filankəs getməlidir deyib, bütün dövlət maraqlarını qurban vermək olmaz. Bu baxımdan, iqtidar bəzi addımlar atmalıdır.

Həmçinin düşünürəm ki, cəmiyyətimiz bu məsələlərdə çox həssas olmalıdır, necə ki, 44 gülük Vətən müharibəsində hər kəs birlik nümayiş etdirdi, bir nəfər belə kənara çıxmadı, o cümlədən mediadan, sadə vətəndaş cəmiyyətindən. Bu siyasəti davam etdirmək etmək lazımdır. “Dövlət baba” dediyimiz anlayış ilk addımı atmalıdır ki, düşmən daxildən hansısa nifaqlar sala bilməsin, hansı ki,  biz bunun zaman-zaman müxtəlif təzahürlərini görmüşük. Məsələn, Avropadan soroçular, İrandan xomeyniçilər, Rusiyadan isə mədəniyyət adı altında bizə yeritdikləri bir xətt və sairə. Düşünürəm ki, bu məsələdə dövlət məlum addımları atmalıdır.

O ki qaldı hazırda milli birliyimizə qarşı hazırda ən böyük təhlükənin nədən ibarət olmasına, bunu ideoloji boşluqda görürəm. Azərbaycanın milli ideoloji bir dəyər kompleksinin tam formalaşmadığını düşünürəm. Yəni biz Qərb, yoxsa Şərq, multukulturalıqmı və sairə. Dövlət ideologiyasının tam müəyyən olunmaması və bu istiqamətdə addımların atılmaması təhlükədir. Çünki insanları hansısa dəyər ətrafında toplamaq lazımdır bu dəyərlər hələ ki tam formalaşmayıb".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR