İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın başı üzərində atom kölgəsi: BMT nüvə silahının ləğvinə çağırır - realdırmı?

327 10.08.2023 11:33 Siyasət A A

Baş katib Quttereş “Bəzi ölkələr yenidən düşüncəsiz şəkildə atom silahından istifadə məsələsini ortaya atır” deməklə Kremlə eyham vurub; Professor: “Ən çox nüvə təhdidi Rusiyadandı, bu da xüsusi müraciətə gətirib çıxarıb”

Müasir dünyanın bəlalarından biri də nüvə silahı, daha dəqiqi, bəşəriyyətin onunla təhdid edilməsidir. Rusiya - Ukrayna müharibəsinin fonunda bunu əyani görə bilirik. De-fakto Rusiya-Qərb qarşıdurmasında bu təhdid kifayət qədər realdır və Kreml yetkililəri dəfələrlə bəyan ediblər ki, müəyyən bir mərhələdə nüvə silahından istifadə edə bilərlər. “Dünyada etimadsızlıq və fikir ayrılığı artır, atom müharibəsinin təbilləri yenidən döyülür”. “Yeni Müsavat” bildirir ki, bu sözləri BMT Baş katibi Antonio Quttereş Xirosimaya atom bombası atılmasının 78-ci ildönümü münasibətilə məktubunda yazıb. BMT Baş katibi bildirib ki, Soyuq Müharibə dövründən sonra dünyanın başı üzərində yenidən atom kölgəsi peyda olub: “Bəzi ölkələr yenidən düşüncəsiz şəkildə atom silahından istifadə məsələsini ortaya atır”.

Antonio Quttereş dünyanı atom silahından imtina etməyə çağırıb: “Bu, atom müharibəsi təhlükəsini istisna etməyin yeganə vasitəsidir. Nüvə tərksilahı BMT-nin əsas məqsədlərindən biridir”. Əlbəttə, dünyanı dəhşətli faciələrdən xilas etməyin yolu nüvə tərksilahıdır. Quttereşin təklifi optimaldır, ancaq hegemon dövlətləri buna razı salmaq mümkün olarmı? Bu istiqamətdə proses başlamalıdırmı və kim başlada bilər? Qardaş Türkiyə bu təşəbbüsün lokomotivi rolunu oynaya bilərmi? Xüsusən də Rusiya ərazilərinə, paytaxt Moskvaya olan dron hücumları taktiki nüvə başlığından istifadə riskini artırıb. Kreml lideri və ətrafındakılar bəyan edirlər ki, ərazilərimizə olan təhdidlərə nüvə silahı ilə cavab verəcəyik. Bəs, bu gerçəkləşə bilərmi? Putin nüvə bombasını ata bilərmi? Ümumiyyətlə, BMT Baş katibinin çağırışı nüvəyə sahib dövlətlər tərəfindən necə qiymətləndiriləcək?

Aparılan araşdırmalara görə, dünyada 14,995 ədəd nüvə silahı var. Hər ölkənin əlində olmayan bu silahlar olduqları ölkənin rəqiblərini ciddi qorxu içində saxlayır. Hazırda əlindəki nüvə silahının az olmasına rəğmən, ətrafına ən çox qorxu saçan ölkə Şimali Koreyadır. Nüvə silahına sahib olan ölkələrin sayı az deyil. Rusiyada dünyanın ən güclü bombası daxil, 7000 nüvə bombası var. ABŞ 6800 nüvə bombası saxlayır. Fransanın 300 nüvə bombası, Çinin 270 nüvə bombası, İngiltərənin 215 nüvə bombası, Pakistanın 140 nüvə bombası, Hindistanın 130 nüvə bombası, İsrailin 80 nüvə bombası, Şimali Koreyanın isə 60 nüvə bombası olduğu düşünülür. Hazırda dünya üzərində nüvə silahı sınaqlarını uğurlu şəkildə tamamlamış 8 dövlət var. Bunlardan beşi Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Razılaşmasına görə, “nüvə silahlı dövlət” kimi qəbul edilib.

Bakupost.az - "Onun əlləri dirsəyə qədər qana batıb" - Qabil  Hüseynli

Qabil Hüseynli

Professor Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, nüvə təhdidləri ilə seçilən dövlət Rusiyadır: “Bu gün irtica rejimi iş başındadır və öz mövcudluğunu qorumaq üçün hər cür yollara əl atır. Ukrayna avantürası baş tutmadığını gördükcə, hakimiyyətinin laxladığını başa düşən Putin və bir dəstə nüvə təhdidindən gen-bol istifadə etməyə başlayıb. Bununla təkcə NATO dövlətlərini deyil, bütün dünyanı xofa sala bilib. Bütün bunlar isə BMT Baş katibinin xüsusi müraciətinə gətirib çıxarıb. Mən Rusiyanın nüvə təhdidinin real olmadığı qənaətindəyəm. Çünki özləri də yaxşı başa düşürlər ki, nüvə silahının tətbiqinə əl atan birinci ölkə digər nüvə dövlətlərinin, xüsusən də ABŞ-ın qabaqlayıcı zərbələri ilə yer üzündən silinəcək”. Q.Hüseynlinin zənnincə, başda ABŞ olmaqla, NATO ölkələri öz nüvə silahlarının çəkindirici gücündən istifadə edərək bu provakator dövlətin siyasi liderlərini nəzarətdə saxlaya biləcəklər.

Siyasi icmalçı Fuad Əliyev nüvə dövlətlərinin bu çağırışa qoşulacağını gözləmir. Onun sözlərinə görə, həmin ölkələr atom bombasını özlərinə olan təhlükələrdən müdafiə üçün saxlayırlar. Ekspert hesab edir ki, gərək nüvə dövlətləri bir araya gələ və bu tarixi anlaşmaya gedə: “Amma söz verib buna səmimi şəkildə riayət etməyənlər ola bilər.  Ona görə bu gün nonsens görünür. Rusiya və Şimali Koreya bunu etməzlər. Elə Amerika və Fransa da bu addımı atmaz. İndi İran nüvə dövlətinə çevrilməyə çalışır. Türkiyə və Ukrayna da bunu arzulaya bilərlər. Dövlətlər militaristləşirlər və mümkün təhdidlərdən müdafiə üçün atom silahına malik olmaq istəyirlər. Ancaq həqiqətən də SSRİ ilə ABŞ arasında olan ”Soyuq müharibə"dən daha təhlükəli bir vəziyyət yaranıb. Moskvanın dronla vurulması və zavodda partlayış nəticəsində ölənlərin olması faktı da göstərir ki, Kreml liderini qızışdırır, taktiki nüvə başlığından istifadəyə təhrik edirlər. Ancaq bu, fəlakətlə nəticələnə bilər. O baxımdan BMT daha sürətli addımlar atmalı, Təhlükəsizlik Şurasının 5 daimi üzvü bir araya gəlməli, nüvə silahından istifadə riskinin artması barədə həyəcan təbili çalınmalıdır".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR