ABŞ prezidenti Donald Trampın bu gün İranla bağlı verdiyi açıqlamalar bir anda dünya mediasını məşğul edib. Bu, bir daha Yaxın Şərqdə vəziyyətin yeni və daha təhlükəli mərhələyə keçdiyini göstərib.
Şübhəsiz ki, Trampın İranın əsas enerji mərkəzi sayılan Xark adasının nəzarətə götürüləcəyini bəyan etməsi sadəcə növbəti siyasi xəbərdarlıq deyil, həm də qlobal enerji bazarlarını, beynəlxalq təhlükəsizlik sistemini və dünya siyasətinin gələcək istiqamətlərini dəyişdirə biləcək mesajdır.
Bəllidir ki, bu gecə, daha dəqiq desək saat 23:00-da Dünya Çempionatı-2026 start götürür. Bu mötəbər turnirin ev sahiblərindən biri də Trampın ölkəsidir. Meksika və Kanada ilə nisbətdə Birləşmiş Statlar əsas ev sahibi statusunda çıxış edir.
Bir sözlə artıq planetin diqqəti yaşıl meydanlara, milyonlarla azarkeşin gözü isə mundialın ilk oyunlarına yönəlib. Lakin göründüyü kimi, futbol bayramının başladığı saatlarda dünyanın başqa bir nöqtəsində müharibə küləkləri daha da sərtləşir
Tarix göstərir ki, böyük idman tədbirləri bəzən böyük geosiyasi proseslərin kölgəsində qalır.
ABŞ administrasiyası dünya ictimaiyyətinin diqqətinin mundiala yönəldiyi bir vaxtda İrana qarşı daha sərt hərbi addımlar ata bilərmi? Xark adası ətrafında mümkün əməliyyatlar neft bazarını necə silkələyəcək? Vaşinqtonun məqsədi Tehrana təzyiqi artırmaqdır, yoxsa regionun enerji xəritəsini yenidən cızmaqdır?
Ən vacib sual isə budur ki, Dünya Çempionatı-2026-nın açılışı ilə eyni vaxtda ABŞ-İran qarşıdurması yeni və daha təhlükəli mərhələyə daxil olur?
Politoloq Əli Orucov Musavat.com-da vurğuladı ki, İranla İsrailin bir-birlərinə hava zərbələri endirmələri və İranın ABŞ hərbi helikopterini vurmasından sonra bölgədə vəziyyət yenidən gərginləşib: "2 aylıq atəşkəsdən sonra hərbi əməliyyatlar yenidən bərpa olunub. ABŞ öncə Tehran-Təl-Əviv xəttindəki qarşılıqlı hava hücumlarına təmkinlə yanaşmağa çalışsa da, helikopterin vurulması və Körfəz ölkələrindəki, həmçinin İraqdakı ABŞ hərbi obyektlərinin hədəf alınması artıq müharibə deməkdir. Tramp İranın Xark adasına nəzarəti ələ keçirəcəyini bəyan etməsi dünya neft enerji bazarında təlatümlər yaradır. Bu ada Tehran üçün həyatı əhəmiyyət daşıyır. İran neftinin təxminən 70-80 faizi buradan ixrac olunur. Əgər həmin ada işğal olunarsa İran tezliklə çökər. Diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, ABŞ-İran münasibətlərinin yenidən pisləşməsi futbol üzrə ABŞ-Meksika-Kanadada keçirilən futbol üzrə dünya çempionatına təsadüf edir. Doğrudur, idman və siyasətin ayrı tutulduğu, xalqlar, dövlətlər arasında dostluğa xidmət etdiyi deyilsə də, əksər hallarda bu deyilənlərin əksi baş verir. FİFA-2026 ilə bağlı artıq skandallar yaranıb. ABŞ tərəfi İran Milli Futbol Komandasına ölkədə qalmasına icazə verməyib. Matç sonrası komanda Birləşmiş Ştatlar ərazisini tərk etməlidir. Eyni zamanda bəzi ölkələrin milli komandalarına vizalar çox gec verilib və Birləşmiş Ştatlara gələrkən də ciddi, uzunsürən yoxlamalardan keçiriliblər".
Ekspertin sözlərinə görə, dünyanın diqqəti futbol çempionatına fokuslanarkən İranda müharibənin başladılması bu idman yarışına marağı azaldacaq. İnsanlar daha rahat və həyacanlı şəkildə futbol izləməkdən məhrum edilə bilərlər. Təbii ki, əgər planetin digər bir tərəfində bombalar, raketlər yağdırılacaqsa, insanlar həlak olacaqsa, dağıntılar baş verəcəksə, bu hallar istər-istəməz çempionata da mənfi təsirini göstərəcək.
Digər tərəfdən, həmin müharibədə aydındır ki, təkcə İranla ABŞ və İsrail iştirak etmir. Daha geniş coğrafiya və dövlətlər cəlb olunur. Tramp avantürist və populist lider olduğuna görə, onun atdığı addımları və verdiyi qərarları da proqnozlaşdırmaq bəzən çətin olur. Bəyanatlarında və fikirlərində bir-birinin ziddinə tez-tez rast gəlinib. Ona görə mundialın açılış günü İrana hücum əmri verəcəyini gözləməsəm də, amma çempionatın getdiyi müddət ərzində belə bir əmr verə bilər. Lakin Xark adasına nəzarəti ələ keçirmək real səslənmir. Bu müharibəni ən pis mərhələyə daşıyardı".
Cavanşir Abbaslı
Musavat.com






