Rusiyada hakim "Vahid Rusiya" Partiyasının Dövlət Dumasına namizədlər siyahısına daxil etdiyi "xüsusi hərbi əməliyyat" iştirakçıları arasında qalmaqallı fiqurların da olduğu bildirilir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, partiyanın qurultayında prezident Vladimir Putinin təşəbbüsü ilə siyahıya 76 "xüsusi hərbi əməliyyat" iştirakçısı daxil edilib. Onların bir çoxu "Rusiya Qəhrəmanı" adına layiq görülsə də, bəzilərinin fəaliyyəti mübahisə doğurur.
Federal siyahıda yer alan peşəkar hərbçi Vladislav Qolovin 2022-ci ildə Mariupol döyüşləri zamanı qırmızı mülki çantası ilə tanınıb. Daha sonra mina partlayışı nəticəsində ayağını itirib və "Rusiya Qəhrəmanı" adına layiq görülüb. Hazırda o, "Yunarmiya" təşkilatına rəhbərlik edir. Ukrayna onu deportasiya edilmiş ukraynalı uşaqların "yenidən tərbiyəsi və hərbiləşdirilməsi"ndə ittiham edir.
Federal siyahıda yer alan digər namizəd, hərbi müxbir Yevgeni Poddubnı da mübahisəli fiqurlardan hesab olunur. O, Kursk vilayətində PUA hücumunda yaralandıqdan sonra "Rusiya Qəhrəmanı" adına layiq görülüb. Lakin bir sıra hərbi bloqçular və "Z" kanalları bu mükafatın əsaslı olmadığını bildiriblər.
Şərq bölgələrini təmsil edən Sergey Kuzminçuk müharibənin əvvəlində Kiyev istiqamətində hücum edən 155-ci dəniz piyadaları briqadasının tabor komandiri olub. Həmin briqadanın rəhbərliyi Buça və İrpen şəhərlərində dinc sakinlərin öldürülməsi ilə bağlı ittiham olunub. Kuzminçukun adı ittihamlarda çəkilməsə də, o da "Rusiya Qəhrəmanı" adını alıb.
Altaydan namizəd göstərilən Aleksandr Surazov 2023-cü ildə cəbhədə həlak olmuş hərbçinin ailəsinə onun son mesajını yazdığı kərpici aparması ilə tanınıb. Sonradan həmin kərpic abidə kimi quraşdırılıb, Surazov isə Altay rəhbərliyində vəzifə alaraq idman naziri postuna qədər yüksəlib.
Pskov və Leninqrad vilayətlərindən namizəd göstərilən Anton Moroz isə "xüsusi hərbi əməliyyat iştirakçısı" vəsiqəsini pulla aldığı barədə ittihamlarla gündəmə gəlib. Onu bu məsələdə digər müharibə iştirakçısı Sergey Makarçenko ittiham edib. Morozun rəsmi bioqrafiyasında hərbi xidmətlə bağlı məlumat yoxdur.
Saratov vilayətindən namizəd Aleksandr Yankloviç 2023-cü ildə Ukraynadakı müharibəyə qatılsa da, bir il sonra "yaş həddi" səbəbi ilə tərxis olunub. Nəşr qeyd edir ki, həmin vaxt onun 52 yaşı olub, halbuki yeni qaydalara əsasən yüksək rütbəli zabitlər 65 yaşınadək xidmət edə bilərlər.
Orenburq vilayətindən namizəd Nursultan Mussaqaleyev isə 2022-ci ildə Kiyev vilayətinə hücumda iştirak edib. Ukrayna Təhlükəsizlik Xidməti (SBU) onu Buçada dinc sakinlərə işgəncə vermək və onların qətlində ittiham edir. Buna baxmayaraq, o da "Rusiya Qəhrəmanı" adına layiq görülüb.
Musavat.com






