İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatın itləri Koreyaya satması təklifinə kinoloqdan cavab: “İtlər satılarsa...”

1543 31.05.2023 18:35 Son xəbər A A

“Heyvansevərlik adı altında başlayırlar itləri yemləməyə, bu isə...”- Nicat Əhmədli

Son günlər sahibsiz itlərin hücumları artıb. Xüsusilə də, bölgələrdən şikayətlər çoxalıb. Bildirilir ki, itlər mal-qara ilə yanaşı, insanlara da hücum çəkir. Yaxın günlərdə Cəlilabadda it dişləməsi nəticəsində azyaşlının ölməsi faktı isə hər kəsi sarsıtdı.

Bu gün də Milli Məclisdə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli bu məsələ ilə bağlı narahatlığını bildirib. O, küçə itlərinin kütləvi şəkildə çoxalmasını ciddi problem kimi qaldıraraq deyib ki, bu, uşaqlar üçün xüsusilə təhlükəlidir, quduzluğa yoluxma riski yüksəkdir. “Nə etmək olar? Bəlkə bunları yığıb Koreyaya, Çinə sataq?” deyə, o belə bir təklif edib. Qeyd edək ki, zaman-zaman sahibsiz itlərlə bağlı məsələ gündəmə gəlir, amma bu problem illərdi ki, tam həllini tapmır.

nicat.jpeg (154 KB)

Mövzu ilə bağlı hərbi kinoloq Nicat Əhmədli Musavat.com-a bildirib ki, Avropada, Amerikada qayda var ki, küçədə heyvanların yemlənməsi qəti qadağandır: “Onu da əbəs yerə etməyiblər. Misal üçün, bizdə heyvansevərlər var, heyvansevərlik adı altında başlayırlar itləri yemləməyə. Amma bilmirlər ki, itlərdə sürü psixologiyası deyilən bir qavrama var. Yemi onlara verən adam artıq həmin it üçün bütləşir, avtomatik olaraq sürü psixologiyası oyanır, o insandan başqa yad adam ona yaxın durarsa, dərhal onu parçalayırlar. Bu səbəbdən də itləri küçədə yemləmək qəti qadağandır. Ən sadə yolu budur ki, dövlət buna qadağa qoysun, itləri özü yemləsin. Eyni zamanda, bəzən küçədə itlərin qulağında işarə görürük, bu o deməkdir ki, o itlər vaksinlənib. Vaksin isə sadəcə hansısa xəstəlikdən qoruyur. Amma vaksin yüz faiz qorumur, eyni koronavirusa qarşı tətbiq edilən vaksin kimidir. O vaksinlərin də sürü psixologiyasına heç bir təsiri yoxdur. Sadəcə olaraq xəstəlikdən qoruyur. O vaksini vurub küçəyə buraxmaqla hücumun qarşısını almaq mümkün deyil. İtləri ancaq qısırlaşdırmaq lazımdır. Hamısı əməliyyat olunmalıdır ki, artım dayansın. Artım dayanandan sonra artıq yavaş-yavaş küçə itlərinin sayı azalmağa başlayacaq, çünki balalamayacaqlar. İt balalayanda 7-8, hətta 13 bala verə bilir. Bundan sonra itlər təbii olaraq yoxa çıxmağa başlayacaq”.

Ekspert deputatın fikirləri ilə bağlı bunu deyib: “İtlər Koreyaya, yaxud da hansısa Asiya ölkəsinə satılarsa, heç də Avropa ölkələr tərəfindən yaxşı qarşılanmayacaq. Çünki o ölkələrdə it ətindən yem kimi istifadə edilir. Ona görə bunu tövsiyə etməzdim. Fikrimcə, bu ölkənin imicinə mənfi təsir göstərəcək”.

Ekspert, “küçə itlərini hərbidə istifadə etmək olarmı” sualına isə belə cavab verib: “Hərbidə itlər ixtisaslaşdırılır. Burada mina, bomba, insan axtarışları fərqlidir. Müəyyən cinslər var ki, misal üçün Belçika qoyun itləri orduda tətbiq olunur. Amma küçə itlərini tətbiq etmək mümkün deyil. Çünki hər bir itin burnunda olan qoxu reseptorlarının sayı fərqlidir. İntuisiyası da fərqlidir. O itlərin hamısını tətbiq etmək olmur. Spesifik itlər var ki, yalnız onları tətbiq etmək olur”.

Afaq Mirayiq,
Müsavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR