İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan TIR şousu ilə bağlı SƏRT AÇIQLAMA: “Bu, ikiüzlük deyil, bəs nədir?!”

703 03.08.2023 13:10 Siyasət A A

“Proseslərin təhlili göstərir ki, Ermənistan TIR şousuna xeyli vaxtdır hazırlaşıb. Ermənistan ərazisindən TIR-lar hərəkətə başlayarkən Ermənistan XİN-in rəhbəri Ararat Mirzoyanın paylaşdığı twit bu fikri bir daha təsdiqləyir”.

Musavat.com bildirir ki, bu fikirlər deputat Ceyhun Məmmədova məxsusdur.

Burada belə bir sual yaranır: Ermənistan bu şou ilə nəyə nail olmaq istəyir? Deputatın məsələ ilə bağlı yanaşması aşağıdakı kimidir:

thumb (7).jpg (75 KB)

“Məlum olduğu kimi, Paşinyan bir müddət Rusiya tərəfi ilə danışıqlar apararaq, Azərbaycanın Laçın yolunda yaratdığı nəzarət buraxılış məntəqəsinin ləğvinə çalışdı və bu məsələdə Rusiya tərəfini də günahlandırdı. Paşinyanın Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxması ilə bağlı verdiyi açıqlamanın kökündə də məhz bu məsələ durur. İndi isə vəziyyət belədir: Rusiya tərəfindən istədiyini əldə edə bilməyən Ermənistan tərəfi Qarabağa beynəlxalq gücləri gətirməyə çalışır”.

C.Məmmədov hesab edir ki, N.Paşinyanın bu cəhdi Fransa kimi dövlətlərin marağı ilə üst-üstə düşür:

“Paşinyan Rusiyanın bütün xəbərdarlıqlarına baxmayaraq, Ermənistan ərazisinə Avropa İttifaqının mülki missiyası pərdəsi altında Avropa dövlətlərinin hüquq mühafizə orqanlarının təqaüddə olan nümayəndələrini gətirə bildi. İndi də buna Qarabağda nail olmaq istəyir. Bütün bunları görən Azərbaycan vaxtında çevik qərar qəbul edərək sərhəddə nəzarət buraxılış məntəqəsini yaratdı və bununla Paşinyanın sözügedən cəhdinin qarşısını aldı. Ermənistan və Fransanı bu qədər narahat edən məsələ məhz onların planlarının qarşısının vaxtında alınmasıdır”.

Millət vəkili əvvəllər də toxunduğu bəzi məsələlərə yenidən diqqət çəkib və erməni revanşizmini dəstəkləyən dairələrə sərt suallarını ünvanlayıb:

“Baxın, Ermənistan 30 il ərzində bu qədər cinayət törətdi, şəhərlərimizi kəndlərimizi, məscidlərimizi barbarcasına dağıtdı. 30 ildir biz Naxçıvana quru yolla gedə bilmirik. Həmin bu canfəşanlığı biz bu 30 ildə niyə görmədik? TIR şousuna görə bu gün Azərbaycana təzyiq göstərmək üçün növbəyə düzülən dövlət və təşkilatlar, bir sıra dövlətlərin xarici işlər nazirlikləri harada idi? Niyə Vətən Müharibəsinə qədər olan dövrdə bir dəfə də işğaldan danışmayan dövlətlər indi TIR şousunu dəstəkləyən ard-arda bəyanat verirlər? Azərbaycanla sərhədə gəlib guya vəziyyəti yerində izləyən həmin dövlətlərin səfirlikləri ötən dövrdə Azərbaycanla bağlı bu mövqeni niyə nümayiş etdirmədilər? Bu, ikiüzlük deyil, bəs nədir?! Proses necə bitəcək sualına gəldikdə düşünürəm Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində çox haqlı olaraq bu məsələdə tələsmədi, haqlı mövqeyini sona kimi müdafiə etdi. Azərbaycan müdrik siyasət nəticəsində bu hücum və təxribatları da mütləq dəf edəcək”.

ELŞAD,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR