İnsanlara hürriyət, millətlərə istiqlal!

Dələduzluq cinayətləri artır – yalançının tamahkarı aldatması, yoxsa...

1436 27.06.2022 14:00 Gündəm A A

Ölkədə dələduzluq cinayətləri getdikcə çoxalır. Mediada, sosial şəbəkələrdə şikayət edən adamların açıqlamalarından bəlli olur ki, əsasən işədüzəltmə, mülkiyyət məsələləri ilə bağlı aldadılırlar. Bir problem də odur ki, dələduzluq cinayətini törədən adamların bir çoxu nə pulunu ala bilir, nə də cinayət törədən şəxs həbs olunur. Bəzilərinin himayəçisi olduğu bildirilir.

Maraqlıdır ki, bir çox insanlar heç bir rəsmi görəvi olmayan, ilk baxışda dələduz olduğu şübhə doğurmayan adamlara rahatlıqla, sadəlövhcəsinə pul verirlər. Məşhur “yalançının tamahkarı aldatması” tendensiyası da müşahidə olunur. Eyni zamanda tora salınan səmimi insanlar da kifayət qədərdir, bu, xüsusilə ev, mənzil alışı ilə bağlıdır. İnsanlar dələduzluğa məruz qalmamaq üçün nələrə diqqət etməlidir? Necə davransın ki, aldanmasın? Hüquq bu məsələdə nə deyir?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, son illər ölkədə dələduzluq cinayətlərinin və bu cinayətə görə məhkum olunanların sayı dəfələrlə artıb:

“Bunun bir səbəbi də sosial-iqtisadi vəziyyətə dirənir. İnsanlar qazanc üçün yollar axtarır, əlində olan-qalan pulu bir işə qoyub pul qazanmağa çalışırlar. Bu yolda ən ağlasığmaz addımlar atmağa belə hazır olanlar var. Belələri dələduzların “asan yemi”nə çevrilir. Ağır sosial-iqtisadi durum amili dələduzluq cinayətlərinin intensivləşməsində katalizator rolunu oynayır. Sosial durum nə qədər ağırdırsa, bu növ cinayətkarlığın artması da labüddür. Bunun bir neçə səbəbi var. Hüquq maarifləndirilməsi kifayət qədər deyil, hüquq normaları sərtdir. Vətəndaş hüququna çatmaq üçün çox çətin prosedurlardan keçmək məcburiyyəti ilə üz-üzə qalır. Odur ki, qanundan kənarda rahat yol axtarmağa başlayır. Bu halda vətəndaşın dələduzun ağuşuna rahat şəkildə düşüb pul-parasından, mal-mülkündən olmasını da elə bəzən qanunlarımızın sərtliyi şərtləndirir. Vətəndaş hüququna çatmaq üçün əl atdığı yolun qanunsuz olduğunu tam şəkildə dərk etmiş olsa da, qanunsuz sövdələşmədən çəkinmir. Belə hallar son vaxtlar demək olar ki, kütləvi xarakter daşıyır. Daha çox MTK-larla bağlanan müqavilələrdə, torpaq sahəsi ilə bağlı əqdlərdə öz əksini tapır. Bu gün Azərbaycanda istənilən sahədə dələduzların yalançı vədlərinə aldanaraq, onların toruna düşən çoxsaylı insanlar var. Bu işlə vəzifəli şəxslər, tanınmış simalar, hakimlər, vəkillər də məşğul olurlar. Təkcə 2020-ci ildə Azərbaycanda 2083 dələduzluq faktı qeydə alınıb. Əlbəttə ki, bu rəsmiyyətə düşən dələduzluq əməlləri barədə məlumatdır. Əslində isə dələduzluğun geniş yayılmasının bir səbəbi də məhz bu əməli törədənlərin bir çoxunun cinayət məsuliyyətinə cəlb olunmamasındadır.

Azərbaycanda dələduzluq faktları ilə bağlı əksər hallarda cinayət işinin başlanılması rədd olunur. Vətəndaşa mülki qaydada məhkəmələrə müraciət edilməsi tövsiyyə olunur. Məhkəmələrdə isə belə işlərdən qalib çıxan yenə də dələduzlar olur. Çünki Azərbaycan məhkəmələri həmin o dələduzun əməlinə müvafiq qiymət verməkdə maraqlı deyil. Bəzi hakimlər daha çox dələduzun məhkəməyə verdiyi “qiymətə” üstünlük verir. Nəticə etibarı ilə belə mülki işlərdə uduzan tərəf də evi, pulu, malı əlindən gedən olur”.

Hüquqşünas deyir ki, dələduzluğun bu şəkildə artması Azərbaycanda işgüzar münasibətlər olduqca ciddi zərbə vurur: “Dələduzluq cinayətlərinin baş alıb getdiyi bir yerdə inamsızlıq mühiti formalaşır. İş adamları planlaşdırdıqları layihələri gerçəkləşdirməkdən çəkinirlər. Bu da son nəticədə ölkədə sahibkarlığın inkişafına böyük zərbə vuran amillərdən birinə çevrilir. Dələduzların toruna düşməmək üçün bütün işgüzar münasibətlər qanunlara uyğun, hüquqi cəhətdən savadlı şəkildə hazırlanmış müqavilələr əsasında qurulmalıdır. Centelmen razılaşmaları gözəldir, işlərin tez bir zamanda aparılması üçün əlverişlidir. Amma bu cür razılaşmalar risklidir. Tərəflərdən birinin dələduzluğu digərini olduqca çıxılmaz duruma sala bilir”.

Hüquqşünas deyir ki, Azərbaycanda işə düzətmə, torpaq və daşınmaz əmlak alqı-satqısı sahələrində dələduzluq halları daha çox baş verir. Bəzi işbazlar xaricdə təhsil adıyla yalançı şirkətlər yaradaraq tələbələrə saxta vədlər verərək, onların pullarını mənimsəyirlər: “Əvvəldə də qeyd etdiyim kimi, Azərbaycanda dələduzluq cinayətlərinin çoxalmasının əsas səbəbi insanların maddi durumunun pisləşməsi, sosial təminat səviyyəsinin arzuolunan səviyyədə olmaması, işsizlik və sosial rifahın aşağı olmasıdır. Bütün bu sadalanan amillər ölkədə baş verən cinayətlərin sayının artmasına səbəb olur. Belə bir mühit dələduzlar üçün əlverişlidir. Cəmiyyətdə potensial qurbanlar kifayət qədərdir. Ac qonşusuna 1 manat belə qıymayan biri, dələduza 100 mini çox rahat şəkildə verir. Dələduzlar həm də tez varlanmaq həvəsi ilə alışıb yananları müəyyən etməkdə ustadırlar. Şirnikləndirici təkliflərə hərisliklə reaksiya verənlər qısa müddətdə dələduzluq cinayətinin obyektinə çevrilirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsi 178-ci maddəsi dələduzluq adlanır. Dələduzlu əməlinin yüngüllük və ağırlıq dərəcəsinə görə 1000 manatdan 2000 manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlər, 2 ilədək müddətə islah işləri, 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar;
Xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədənlər - 4000 manatdan 7000 manatadək cərimə, 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar;
Külli miqdarda ziyan vurmaqla cinayət törədən şəxslər- 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar;
Xüsusilə külli miqdarda ziyan vurmaqla törədildiən dələduzluqlar -10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dələduzluq cinayətinin daha bir spesifik xüsusiyyəti həmin cinayətin motivi , yəni dələduzluq edən şəxsin niyyəti ilə bağlıdır.

Əməl o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Belə desək, şəxs ona etibar edən şəxsi aldadaraq zərərçəkənə məxsus əmlakı ələ keçirməmişdən daha öncə beynində öz xəbis niyyətini formalaşdırmış olur. Dələduzluğun oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən əsas fərqi ondan ibarətdir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını gizli şəkildə, zor tətbiq etməklə və hədələrlə ələ keçirmir, həmin əmlak aldadılmış zərərçəkmiş şəxsin özü tərəfindən təqsirli əməli törədən şəxsə verir. Mülki münasibətlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi zamanı əməl yalnız o halda dələduzluq kimi qiymətləndirilir ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyəti olsun.

Bunu sübut etmək o qədər də aan deyil. Dələduzlar niyyətlərini ustalıqla gizlətməyi bacaran kəslərdir. Bir çox hallarda onların öhdəliklərin yerinə yetirilməməsini cinayət kimi sübut etmək çətin olur, bu üzdən də məsələyə mülki mühakimə icraatı qaydasında baxılarkən nəticə çox vaxt zərərçəkənin xeyrinə olmur”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR