Kanada ilk dəfə pley-off xəyalı qurur, Bosniya yeni möcüzə axtarır, ABŞ evdə tarix yazmaq istəyir, Paraqvay isə köhnə şöhrətini geri qaytarmağa çalışır
Dünən axşam saatlarından etibarən start götürən Dünya Çempionatı-2026 bütün dünyada futbol azarkeşlərinin diqqət mərkəzindədir. Artıq iki qarşılaşma geridə qalıb. Meydan sahibi Meksika Cənubi Afrika Respublikasını iki cavabsız qolla keçdi.
Cənubi Koreya isə səhər saatlarında baş tutan oyunda Çexiyanı 2-1-lik hesabla üstələyib.
Turnirin ikinci oyun günündə diqqətlər iki vacib qarşılaşmaya yönələcək. Bu gün 23:00-da Toronto şəhərində çempionatın ev sahiblərindən sayılan Kanada Bosniya və Herseqovinanı qəbul edəcək. İyunun 13-də səhər saat 05:00-da isə, Los-Ancelesdə mundiala əsas ev sahibliyi edən ABŞ Paraqvayla üz-üzə gələcək. Hər iki matç sadəcə qrup mərhələsinin adi oyunu deyil. Bu qarşılaşmalar həm də futbol tarixində fərqli yollar keçmiş ölkələrin yeni dünya çempionatına hansı iddialarla gəldiyini göstərəcək.
Adları çəkilən ölkələrin Dünya Çempionatlarındakı keçmişləri və ulduz futbolçuları barədə məlumat verək:
Kanada dünya futbolunun ənənəvi nəhənglərindən hesab olunmasa da, son illərdə ciddi inkişaf yolu keçib. Şimali Amerika ölkəsi ilk dəfə 1986-cı ildə dünya çempionatına qatılmışdı. Lakin həmin mundial Kanada üçün uğursuz olmuş, komanda qrup mərhələsində qol vura bilmədən mübarizəni dayandırmışdı.
Uzun illər dünya futbolunun kölgəsində qalan kanadalılar 2022-ci ildə Qətərdə keçirilən mundiala qayıdaraq yeni dövrün əsasını qoydular. Həmin komanda sürəti və texnikası ilə seçilən Alfonso Devis, bombardir Conatan Devid kimi futbolçuların sayəsində diqqət çəkdi. Nəticələr arzuolunan olmasa da, Kanada dünya futboluna artıq ciddi layihə ilə gəldiyini nümayiş etdirdi. Ev sahibi statusu isə 2026-cı ildə onların üzərinə daha böyük məsuliyyət qoyur. Kanada tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəlmək arzusundadır.

Bosniya və Herseqovina isə tamam başqa hekayənin qəhrəmanıdır. Yuqoslaviyanın dağılmasından sonra müstəqil dövlət kimi formalaşan ölkə futbol tarixində ilk və yeganə dünya çempionatı iştirakını 2014-cü ildə Braziliyada yaşamışdı. O vaxt Edin Ceko, Miralem Pyaniç və digər ulduzların rəhbərlik etdiyi komanda qrupdan çıxa bilməsə də, dünya futbolunda rəğbət qazanmışdı.
Sonrakı illərdə bosniyalılar ardıcıl uğursuzluqlarla üzləşdilər və bir neçə böyük turniri kənardan izlədilər. Lakin 2026-cı il mundialına gedən yolda sensasiyaya imza atdılar. Seçmə mərhələdə İtaliyanı mübarizədən kənarda qoyaraq final mərhələsinə vəsiqə qazanmaları Avropa futbolunda ən böyük sürprizlərdən biri hesab olunur. Təcrübəli Edin Cekonun rəhbərlik etdiyi komanda yenidən özünü göstərmək niyyətindədir. Bosniya yığmasının baş məşqçisi Sergey Barbarez mundial öncəsi açıqlamasında komandasının "ürəklə oynayacağını" və onları "Davudun Qolyata qarşı mübarizəsi" gözlədiyini bildirib.
Toronto görüşü bu baxımdan böyük maraq doğurur. Bir tərəfdə öz meydanında ilk dünya çempionatı qələbəsini qazanmağa çalışan Kanada, digər tərəfdə isə sürprizlər etməyə qadir Bosniya var. Doğrudur, meydan amilinə görə Kanada favorit görünür. Amma bosniyalıların seçmə mərhələdə göstərdiyi xarakter bu oyunu tam açıq qarşıdurmaya çevirir.
Alfonso Devis Kanada futbolunun ən böyük ulduzu hesab olunur. "Bayern Münhen"in müdafiəçisi və kapitanı sürəti, texnikası və universallığı ilə seçilir. Bir çox mütəxəssis onu Kanada tarixinin ən yaxşı futbolçusu sayır. Zədə səbəbindən Bosniya ilə ilk oyunu buraxa biləcəyi bildirilsə də, mundialın əsas simalarından biri olaraq qalır.

Conatan Devid Kanadanın əsas qol silahıdır. Son illərdə Avropa futbolunda özünü təsdiqləyən hücumçu yığmanın bombardirlərindən biridir. 2026 mundialında Kanadanın qrupdan çıxmaq ümidləri böyük ölçüdə onun performansından asılıdır.
Sayl Larin Kanada millisinin tarixində ən məhsuldar hücumçulardan biridir. Təcrübəsi və fiziki üstünlüyü ilə komandanın əsas dayaqlarındandır.
Tacon Byukenen Sürətli cinah oyunçusu kimi tanınır. Rəqib müdafiəsini yarmaq bacarığı ilə Kanada hücumlarının əsas elementlərindən biridir.
Gələk, Bosniya və Herseqovinanın ulduzlarına…
Edin Ceko Bosniya futbolunun canlı əfsanəsidir. “Fənərbaxça”, "Mançester Siti", "Roma", "İnter" kimi klublarda çıxış etmiş veteran hücumçu ölkəsinin bombardiri hesab olunur. 40 yaşında olmasına baxmayaraq hələ də komandanın lideridir.
Ermedin Demiroviç Almaniya Bundesliqasında çıxış etmiş hücumçu Bosniyanın ən təhlükəli futbolçularından biridir. Cekonun əsas tərəfdaşı hesab olunur.

Sead Kolaşinaç vaxtilə "Arsenal" və "Şalke"də çıxış etmiş müdafiəçi komandanın ən təcrübəli oyunçularındandır. 2014 mundialında da Bosniyanın heyətində yer almışdı.
Esmir Bayraktareviç Bosniya millisinin yeni nəslinin ən maraqlı simalarından biridir. ABŞ-da doğulub, lakin Bosniyanı seçib və gələcəyin ulduzları sırasında göstərilir.
ABŞ-Paraqvay oyunu...Bu, qarşılaşma köhnə ənənə ilə yeni ambisiyanın duelidir...
Dünya futbol tarixində ABŞ yığmasının xüsusi yeri var. Amerikalılar ilk dünya çempionatının, yəni 1930-cu ildə keçirilən mundialın yarımfinalçısı olublar və turniri üçüncü pillədə başa vurublar. Sonrakı onilliklərdə ABŞ futbolu uzun müddət kölgədə qalsa da, 1994-cü ildə ev sahibliyi etdikləri dünya çempionatı ölkədə futbolun inkişafını sürətləndirdi.
Bu gün ABŞ artıq dünya futbolunun yüksələn güclərindən biri hesab olunur. Avropanın aparıcı klublarında çıxış edən futbolçular, güclü daxili liqa və dünya səviyyəli infrastruktur amerikalıların iddialarını artırıb. Baş məşqçi Maurisio Poçettino rəhbərliyində komanda ev mundialında tarixi nəticə əldə etmək istəyir. Mütəxəssis oyunçularına təzyiqdən uzaq olmağı və sərbəst futbol oynamağı tövsiyə edir.
Paraqvay isə Latın Amerika futbolunun ən döyüşkən kollektivlərindən biridir. Bu ölkə dünya çempionatlarında doqquzuncu iştirakını yaşayır. Paraqvay xüsusilə 1998-2010-cu illər arasında ardıcıl dörd mundialda çıxış etməklə yadda qalıb. Komandanın ən böyük uğuru 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatında dörddəbir finala yüksəlməsi olub. Həmin turnirdə paraqvaylılar yalnız gələcək çempion İspaniyaya məğlub olaraq mübarizəni dayandırmışdılar.
Paraqvay futbolu həmişə xarakteri, sərt müdafiəsi və intizamlı oyunu ilə seçilib. Bu komanda heç vaxt Braziliya və ya Argentina kimi parlaq ulduzlar ordusuna sahib olmayıb. Lakin məhz kollektiv futbol sayəsində dünya futbolunda hörmət qazanıb.
Los-Ancelesdə keçiriləcək qarşılaşma ABŞ üçün ciddi sınaq olacaq. Ev sahibi azarkeşlərin dəstəyi amerikalıların üstünlüyü sayılsa da, Paraqvayın təcrübəsi və Cənubi Amerika məktəbinin sərt futbolu meydanda tarazlıq yarada bilər. ABŞ son illərdə texniki və hücumameyilli futbolu ilə seçilsə də, Paraqvay müdafiədə səhvləri bağışlamayan komandadır.
Kristian Pulişiç Amerika futbolunun əsas simasıdır. "Milan"ın ulduzu ABŞ millisinin kapitanlarından biri və lideridir. Ona tez-tez "Amerika futbolunun qızıl oğlanı" deyilir.
Ueston Makkenni "Yuventus"un yarımmüdafiəçisi ABŞ millisinin mühərriki hesab olunur. Həm müdafiədə, həm də hücumda böyük iş görür.

Cio Reyna texnikası və yaradıcı oyunu ilə seçilən futbolçu ABŞ-ın ən istedadlı oyunçularından biri hesab olunur.
Tayler Adams komandanın əsas dayaq yarımmüdafiəçisidir. ABŞ-ın oyun ritmini müəyyən edən futbolçulardan sayılır.
Xulio Ensiso Paraqvayın ən böyük ulduzudur. Cəmi 22 yaşında olmasına baxmayaraq komandanın liderlərindən sayılır. Onun sürəti və fərdi bacarığı müdafiələri çətin vəziyyətə salır.
Migel Almiron uzun illər Premyer Liqada və MLS-də çıxış etmiş təcrübəli futbolçu Paraqvayın əsas simalarından biridir. Komandanın hücumlarının beyni hesab olunur.
Antonio Sanabriya Avropada uzun illər çıxış etmiş hücumçu Paraqvayın əsas qol ümidlərindəndir.
Qustavo Qomes Cənubi Amerikanın ən güclü müdafiəçilərindən biri hesab olunur. Paraqvay müdafiəsinin lideridir və komandanın kapitanıdır.
Kanada-Bosniya və ABŞ-Paraqvay matçları yalnız qrup oyunları deyil, həm də dünya futbolunun müxtəlif nəsillərinə məxsus ulduzların qarşıdurması kimi diqqət çəkir.
Göründüyü kimi, Kanada-Bosniya və Herseqovina, ABŞ- Paraqvay görüşləri qrup mərhələsinin başlanğıc oyunları olsa da, onların əhəmiyyəti daha böyükdür. Bu matçlar ev sahiblərinin mundiala hansı hazırlıqla gəldiyini, Bosniya kimi sürpriz komandaların nə dərəcədə təhlükəli olduğunu və Paraqvayın yenidən böyük futbol səhnəsinə qayıdıb-qayıtmadığını göstərəcək.
2026-cı il dünya çempionatı artıq yeni dövrün simvoluna çevrilib. 48 komandanın iştirak etdiyi ilk mundialda hər xalın, hər qolun və hər qələbənin xüsusi çəkisi var. Toronto və Los-Ancelesdə keçiriləcək bu iki qarşılaşma həm də böyük futbol marafonunun ilk ciddi imtahanlarından biri kimi tarixə düşəcəyi şübhəsizdir.
Cavanşir Abbaslı,
Musavat.com






