Xəbər verdiyimiz kimi, Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər və geniş tərkibdə görüş keçirilib. Tərəflər arasında əməkdaşlığın daha da gücləndirilməsi məsələləri dövlət başçıları tərəfindən xüsusi vurğulanıb.
Bəs Azərbaycan-Slovakiya iqtisadi münasibətlərinin hazırkı səviyyəsi necədir? Bu səfər iqtisadi əməkdaşlığa hansı töhfəni verə bilər? Azərbaycan-Slovakiya əməkdaşlığında enerji sahəsindən başqa hansı istiqamətlər daha perspektivli görünür?
Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Musavat.com-a danışıb.

İqtisadçı qeyd edib ki, Slovakiya ənənəvi olaraq Azərbaycanla praqmatik münasibətləri dəstəkləyən ölkələrdən biri olub:
“Slovakiya hökumətinin və siyasi dairələrinin yanaşması, əksər hallarda, dialoqun inkişafına, iqtisadi əməkdaşlığın genişləndirilməsinə və enerji təhlükəsizliyinin təmin olunmasına əsaslanıb. Bu baxımdan, Avropa Parlamentində bəzi siyasi qrupların sərt ritorikası ilə müqayisədə Slovakiyanın dövlət siyasəti daim daha balanslı və fərqli mövqe nümayiş etdirib. Buna görə də əminliklə demək olar ki, Slovakiya Azərbaycanla münasibətlərdə praqmatik xətti qoruyan Avropa ölkələrindən biridir”.
İqtisadçı vurğulayıb ki, bu gün Avropanın Azərbaycana marağı həm taktiki, həm də strateji baxımdan kifayət qədər böyükdür:
“Əgər əməkdaşlığın ilk mərhələsində əsas diqqət enerji təhlükəsizliyinə yönəlmişdisə, son illərdə münasibətlər artıq yalnız qaz ixracı ilə məhdudlaşmır. Orta Dəhliz, logistika, rəqəmsal bağlantılar, yaşıl iqtisadiyyat, sənaye əməkdaşlığı və digər istiqamətlər üzrə Avropa ölkələri, o cümlədən Slovakiya ilə iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində ciddi cəhdlər müşahidə olunur. Bu isə enerji tərəfdaşlığının daha geniş və çoxşaxəli iqtisadi əməkdaşlıq modelinə çevrildiyini göstərir. Slovakiya prezidentinin Ağdama səfərinə nəzər saldıqda da bunun xüsusi məna daşıdığını görürük. Ağdam postmünaqişə dövründə Azərbaycanın həyata keçirdiyi yenidənqurma və bərpa prosesinin simvoluna çevrilib. Xarici dövlət başçılarının Ağdama səfərləri Azərbaycanın bərpa siyasətinə verilən siyasi dəstəyin göstəricisi kimi qiymətləndirilə bilər. Bununla yanaşı, gələcəkdə həmin ərazilərə investisiya imkanlarının dəyərləndirilməsi baxımından da bu cür səfərlər mühüm əhəmiyyət daşıyır. Azərbaycan Qarabağı artıq təkcə siyasi məsələ kimi deyil, eyni zamanda böyük iqtisadi layihə və investisiya məkanı kimi beynəlxalq ictimaiyyətə təqdim edir”.

Slovakiyanın Azərbaycana verə biləcəyi töhfələrə gəldikdə, Eldəniz Əmirov qeyd edib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın perspektivli istiqamətləri kifayət qədər genişdir:
“Sənaye sahəsində avtomobil komponentlərinin istehsalı, maşınqayırma, metallurgiya, sənaye avadanlıqları, elektrik şəbəkələrinin qurulması və enerji səmərəliliyinin artırılması sahələrində Slovakiyanın mühüm təcrübəsi mövcuddur. Bundan əlavə, ölkə nüvə energetikası üzrə mühəndislik təcrübəsinə, eləcə də yaşıl enerji texnologiyalarına malikdir. Məsələyə daha geniş prizmadan yanaşdıqda, bu əməkdaşlıq istiqamətlərinə rəqəmsal texnologiyalar, sənayenin rəqəmsallaşdırılması, su ehtiyatlarının idarə olunması, tullantıların emalı, su təmizləmə texnologiyaları və ekoloji layihələr kimi sahələri də əlavə etmək mümkündür. Bütün bunlar Azərbaycanın Slovakiyanın təcrübəsindən və texnoloji imkanlarından faydalana biləcəyi perspektivli istiqamətlərdir.
Hesab edirəm ki, Azərbaycan və Slovakiya arasında münasibətlər gələcəyin uğurlu əməkdaşlıq modelinə çevrilə bilər. Azərbaycanın üstünlükləri sırasında enerji resursları, maliyyə imkanları, sənaye parkları, inkişaf edən logistika infrastrukturu və əlverişli coğrafi mövqeyi dayanır. Slovakiyanın əsas üstünlükləri isə texnologiya, mühəndislik, sənaye təcrübəsi, yüksək istehsal standartları və innovativ yanaşmalardır. Bu imkanlar bir araya gətirildiyi təqdirdə, birgə istehsal müəssisələrinin yaradılması, yeni sənaye layihələrinin həyata keçirilməsi və qarşılıqlı investisiyaların artırılması üçün çox əlverişli zəmin formalaşa bilər. Bu baxımdan, əgər mövcud siyasi münasibətlər iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi ilə müşayiət olunarsa, Azərbaycan-Slovakiya əlaqələrinin perspektivinin kifayət qədər uğurlu olacağını söyləmək mümkündür”.
Xalidə Gəray
Musavat.com






