İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha iki icra başçısının başı dərddə - son həbslərin ilginc pərdəarxası

12075 03.08.2023 18:00 Siyasət A A

“Əl-əli yuyar, əllər də üzü...”; hüquqşünas antikorrupsiya əməliyyatları barədə: “Əks halda korrupsiyanın kökünü kəsmək çətin olacaq...”

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları korrupsiya cinayətləri ilə bağlı bir neçə əməliyyat gerçəkləşdirib. Qurum Tərtər Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

İdarə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində korrupsiya faktları ilə bağlı icra hakimiyyətinin vəzifəli şəxsi saxlanılıb. Tərtər RİH-in Memarlıq və Tikinti Şöbəsinin müdiri, baş memar Tofiq Kərimov saxlanılıb. 70 yaşlı baş memar 7 icra başçısı ilə işləyib. İcra hakimiyyətində ən stajlı işçilərdən olan Tofiq Kərimovun Tərtərdə büdcə vəsaiti hesabına aparılan tikintilərlə bağlı keçirilən tenderlər zamanı yol verilən qanunsuzluqlara görə saxlanıldığı bildirilir.

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Cəlilabad rayonunda apardığı əməliyyat zamanı bir neçə vəzifəli şəxsi saxlamışdı. Onlar arasında da Cəlilabad Rayon İcra Hakimiyyətinin nümayəndələri var idi. Belə ki, saxlanılanlar Cəlilabad Rayon Bələdiyyələri Əlaqələndirmə Şurasının və Cəlilabad Şəhər Bələdiyyəsinin sədri Mehdi Kərimov, Cəlilabad Rayon İcra Hakimiyyətinin baş memarı Sahil Qənbərli və Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Səttar Heydərov olub.

Həbslərin davam edəcəyi və hər iki rayonun - Cəlilabadın başçısı Rafiq Cəlilovla Tərtərdəki həmkarı Müstəqim Məmmədovun da istintaqa cəlb ediləcəkləri də gələn məlumatlar sırasındadır. Hər 2 başçının vəzifədən azad ediləcəyi də gözlənilir.

Bir neçə gün əvvəl “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. İstintaqla Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin vəzifədə işləyərkən qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir olaraq 2023-cü ilin iyun-iyul ayları ərzində Bakı şəhəri ərazisində parklanma sahələrinin təşkil olunması üçün müvafiq prosedurların həyata keçirilməsi müqabilində müxtəlif şəxslərdən ümumilikdə 16 min 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. İlkin sübutlar əsasında Vüqar Hüseynov və Hikmət Vəlizadəyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hüquqazidd əməllərin törədilməsində iştirak etmiş digər şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları Milli Hematologiya və Transfuziologiya Mərkəzində keçirilən əməliyyat zamanı Süleyman Qubadlını saxlamışdılar. İstintaqla müəyyən olunub ki, 2022-2023-cü illər ərzində qeyd edilən qurumda işləyərkən qanuni əsas olmadan həqiqi hərbi xidmətdən yayınmaq üçün ona müraciət etmiş ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq laborator müayinə üçün onlardan götürülmüş qan nümunələrini dəyişməklə talassemiya daşıyıcısı olmalarına dair əldə etdiyi saxta nəticələri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabe qurumlarına təqdim edib həqiqi hərbi xidmətdən yayınmalarını təşkil etməsinə və digər qanunsuz hərəkətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlarla Süleyman Qubadlı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq), 320.1 (rəsmi sənədləri saxtalaşdırma) və 32.3, 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırılmasını təşkil etmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində polisin nəzarəti altına vermə həbs-qətimkan tədbiri seçilib. Qanunazidd hərəkətlərə yol vermiş digər şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Antikorrupsiya həbslərinin hədəfi - ilin sonunadək “böyük başlar”...

Natiq Ələsgərov

Həbslərlə bağlı “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda başladılan antikorrupsiya tədbirlərinin davamlı olması ümumilikdə ölkəmizin hərtərəfli inkişafı üçün zəruridir: “Belə əməliyyatlar ümumilikdə ölkədə ab-havanı dəyişir, feodal təfəkkürlü icra başçılarının, onların əlaltılarının sərhədsiz qanunsuzluqları nisbətən də olsa aradan qalxır. Hər kəs bilir ki, daşı-daş üstə qoymaq üçün gərək icra hakimiyyətində oturan baş memarı görəsən. Əks halda tikdiyini başına uçuracaqlar. Halbuki bu cür əməllər qanunsuzdur. İcra hakimiyyəti gedib kiminsə tikdiyini uçura bilməz. Belə tədbirlərin davamlı olması ümumilikdə duruma müsbət təsir edəcək.

Zaman-zaman qanunsuzluq edən, dövlətin xalqa, millətə yönəlik addımlarına kölgə salan icra başçıları, onların əlaltıları öz cəzalarını alırlar. Bu gün ən müxtəlif qurumlarda, nazirliklərdə əyri yollara əl atan vəzifə sahibləri, məmurlar var. Belə vəzifə sahiblərinin həbsi, qandallanması olduqca vacibdir. Cəlilabadda, Tərtərdə oxşar əməliyyatın baş tutması, göründüyü kimi, dövlətin bu istiqamətdə niyyətini ortaya qoyur. Nəzarətdə saxlayırlar, araşdırırlar, yeri gələndə həbsə alır, cəzaya çatdırırlar. Kimliyindən asılı olmayaraq  iş yerində korrupsiyaya, rüşvətə yol verirsə,  o adam əvvəl-axır cəzasını alacaq".

Hüquqşünas deyir ki, qanunun sərt üzü tam şəkildə korrupsiyaya bulaşmış məmurlara tətbiq olunmalıdır: “İcra başçıları, nazir müavinləri, bələdiyyə sədrləri və digər məmurlar həbs olunur. Qanuna görə, həbsə alınan şəxslərin mal-mülklərinin üzərinə həbs qoyulur, həmin əmlaklar həbsə alan orqanın sərəncamında olur. Məhkəmənin hökmündən asılı olaraq həmin əmlaklar dövlət nəfinə keçə də bilər. Hər şey son nəticədə məhkəmənin çıxardığı hökmdən asılıdır. Məhkəmələr belə hallarda birmənalı şəkildə korrupsiya əməli təsdiq olunan məmurun əmlakının müsadirəsi haqda qərar verməlidir. Əks halda korrupsiyanın kökünü kəsmək çətin olacaq”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR