Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Milli Məclisdəki müzakirələr zamanı çıxış edib.
Musavat.com-un xəbərinə görə, komitə sədri “Patent haqqında” qanuna dəyişikliklər barədə məlumat verib.
Bildirib ki, Prezident tərəfindən “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun layihəsi Milli Məclisə daxil olub.

Deputat qanun layihəsinin müvafiq maddələrinə əlavə və düzəlişlər edildiyini və yeni anlayışların gətirildiyini vurğulayıb:
“Qanun layihəsində aşağıda qeyd edilən məsələlər öz əksini tapıb:
1. Beynəlxalq təcrübəyə uyğun olaraq “Patent haqqında” qanuna bir sıra yeni anlayışlar daxil edilib.
2. İxtiraya, faydalı modelə və sənaye nümunəsinə patent alınması üçün iddia ərizəsinin verilməsi, qeydiyyatı, o cümlədən iddia sənədinin ekspertizası üzrə prosedurların asanlaşdırılması qanun layihəsində öz əksini tapır. Qanun layihəsinə görə, ekspertiza müddəti əhəmiyyətli dərəcədə azaldılacaq. Hazırkı qanunda bu müddət 12 ay təşkil edir.
3. Patent almaq istəyən hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin çevikliyinin artırılması və ekspertizanın sürətləndirilməsi nəzərdə tutulub.
4. İxtiraların patentləşdirilməsi üçün xarici iddiaçılar özləri bir sıra prosedurları birbaşa Azərbaycanın milli patent ofisinə müraciət etməklə həyata keçirə biləcəklər”.
Anar İsgəndərov deyib ki, hazırkı Qanuna əsasən, Azərbaycan patenti almaq istəyən xarici hüquqi və fiziki şəxslər iddia sənədlərinin verilməsi və patentin alınmasınadək olan mərhələdə bütün hüquqi hərəkətləri, yazışmaları və digər hüquqi prosedurları yalnız patent müvəkkilləri vasitəsilə həyata keçirməlidirlər:
“Bu da əlavə vaxt və vəsait itkisinə, xüsusilə patent alınması ilə bağlı daxilolmaların həcminin azalmasına səbəb olur, həmçinin xarici vətəndaşlara münasibətdə ixtira və patent fəallığı azalır”.
Komitə sədri digər dəyişikliklərə də diqqət çəkib:
“Qanun layihəsi patent göstəriciləri üzrə ölkəmizin beynəlxalq reytinqinin artmasına xidmət edəcək;
İddiaçıların iddia sənədlərinin tərtib olunması və verilməsində üzləşdikləri texniki çətinliklərlərin azaldılması nəzərdə tutulub;
İşəgötürənin xidməti tapşırığı əsasında ixtira, faydalı model və sənaye nümunəsi yaradan müəllifə ədalətli qonorarın ödənilməsi üçün hüquqi bazanın formalaşdırılması nəzərdə tutulub.
Belə ki, ixtiranın müəllifi patentin alınmasına və onun qüvvədə saxlanılmasına görə patentdən gəlirin əldə edildiyi tarixədək işəgötürənin çəkdiyi xərclər çıxıldıqdan sonra qalan vəsaitin azı 50 faizini qonorar kimi ala biləcək;
İxtira faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəriciləri əhatə edən sənaye mülkiyyəti sahəsində qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması nəzərdə tutulub”.
Komitə sədri qeyd edib ki, beləliklə, Qanun layihəsi ölkədə ixtira və patent fəallığını yüksəldəcək;
Patent alınması ilə bağlı prosedurlar sadələşdiricək;
İxtiranın yaradıcısı olan müəllifə ödənilməli olan qonorarın məbləği əhəmiyyətli dərəcədə artacaq. Bu da müəllifin sosial-maddi vəziyyətinin yaxşılaşması ilə yanaşı, sənayedə tətbiq oluna bilən ixtiraların sayının artmasına da müsbət təsir edəcək.
Qlobal innovasiya indeksi üzrə ölkəmizin beynəlxalq reytinqlərdə göstəriciləri yaxşılaşacaq;
Əqli mülkiyyət qanunvericiliyi daha da təkmilləşəcək.
E.Paşasoy,
Musavat.com






