İnsanlara hürriyət, millətlərə istiqlal!

Bilgəhdə cəsədləri aşkarlanan suiti və quşların ilginc ölüm səbəbləri

679 13.01.2025 21:15 Ölkə A A

Xəbər verdiyimiz kimi Xəzər dənizinin Bilgəh qəsəbəsi sahilində suiti və quş cəsədləri aşkar olunub.

Musavat.com xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev bildirib ki, suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə mütəxəssislər tərəfindən cəsədlərdən nümunələr götürülüb. Xidmət rəsmisinin sözlərinə görə, analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Yada salaq ki, ötən ilin sonlarında Qazaxıstanın Mangistau vilayətində Xəzər dənizinin sahilində xeyli sayda ölü suiti cəsədi aşkar olunmuşdu. Mütəxəssislərin dediyinə görə, Xəzərdə suitilərin sayı sürətlə azalmaqdadır. Bildirilir ki, Xəzər dənizindəki ekoloji şərait suitilər üçün qənaətbəxş deyil. Xəzər suitisi endemik yırtıcı məməlidir. Onlar ancaq kilkə balıqları ilə qidalanırlar, bu balıqların sayı isə əvvəlki illərlə müqayisədə azalıb.
Mütəxəssislər suitilərin ölümünü çoxsaylı faktorlarla izah edirlər. Bunları sırasında çirklənmə, qida mənbəyinin azalması, iqlim dəyişikliyi, virus və bakteriya infeksiyaları və s amillər var.

Xəzər dənizi sənaye tullantıları, neft sızıntıları, kimyəvi maddələr və plastik tullantılarla çirklənir. Bu çirkləndiricilər suyun keyfiyyətini pisləşdirir və suitilərin sağlamlığına ciddi zərər vurur. Xəzər suitiləri əsasən kilkə balıqları ilə qidalanır. Son illərdə bu balıqların sayında azalma müşahidə olunur ki, bu da suitilərin qidalanmasında çətinlik yaradır və nəticədə onların immuniteti zəifləyir. İqlim dəyişikliyi Xəzər dənizinin temperaturunda dəyişikliklərə səbəb olur. Suitilər adətən soyuq suları sevirlər, amma dəniz temperaturunun artması onların yaşayış mühitini pisləşdirə bilər. Dəniz heyvanları, o cümlədən suitilər müxtəlif xəstəliklərə həssasdır. Çirklənmə və zəifləmiş immunitet səbəbilə suitilər viruslar və bakterial infeksiyalara qarşı daha həssas olurlar. Keçmişdə suitilər dəriləri və piyləri üçün ovlanırdı. Bu, azalmağı daha da sürətləndirib, nəticədə suitilərin sayında ciddi eniş yaranıb. Beləliklə, bu səbəblərə görə suitilər zəifləmiş immunitet, yaşayış mühitinin pozulması və xəstəliklərə qarşı daha həssas olur, nəticədə kütləvi ölüm hallarına səbəb olur. Dünyanın ən kiçik qulaqsız suiti növlərindən sayılan məməlinin sayı XX əsrin sonlarından azalmağa başlayıb. XIX əsrin sonlarında Xəzərdə suitilərin sayı 1 milyondan çox idisə, 1990-cı illərin ortalarında brokonyerlik, çirklənmə və digər səbəblərdən bu göstərici xeyli aşağı düşüb. Xəzər suitiləri 50 ilə qədər ömür sürə bilirlər. Şimaldan cənuba və geriyə ilboyu səyahət edən suitilər 5 ölkəni payızın əvvəlinə qədər sahilbəsahil gəzirlər. Xəzərin Dağıstan sahillərində, eləcə də dənizin Azərbaycana aid hissəsində də suitilərin ölümü hallarına rast gəlinir.

Dəniz canlılarının ölüm səbəbləri müvafiq laboratoriya araşdırmalarından sonra məlum olacaq.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR