İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda əməkhaqqının ən çox artdığı sahələr - SİYAHI + MƏBLƏĞ

1663 14.01.2025 14:19 Sosial A A

Azərbaycanda ötən il bütün sahələrdə əməkhaqlarında artım qeydə alınıb. Bu artımlar sayəsində ölkə üzrə orta əməkhaqqı 921 manatdan 993 manata (yanvar-oktyabr aylarının müqayisəsində - red.) qədər yüksəlib. Ölkə üzrə maaşlarda artım 7,8 faiz təşkil edib.


Bəzi sahələrdə maaşlarda artım daha yüksək olması ilə seçilib. Ötən il maaşlar bəzi sahələrdə 350 manatdan çox artıb.


Fərqin böyük olması faiz nisbətində də müşahidə edilir. Elə sahələr var ki, orada artım sürəti 2-5 faiz olduğu halda, bəzilərində 15-20 faiz təşkil edib.


2024-cü ildə əməkhaqqı ən çox artan sahə maliyyə və sığorta fəaliyyəti sahələridir. Burada aylıq maaşlar orta hesabla 370 manat artıb. Bir il əvvəl 2 330 manat olan maaşlar ilin sonunda 2700 manata çatıb. Bu sahədə maaşlar 16 faiz artıb.


Daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsində, eləcə də mədənçıxarma sənayesi sahəsində çalışanların aylıq maaşlarında təxminən 181 manat artım qeydə alınıb. Mədənçıxarma sahəsində çalışanların maaşı 3 353 manatdan 3 534 manata çatmaqla 5 faiz artıb.

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsində çalışanlarının maaşı isə 877 manatdan 1060 manata qədər artıb. Burada illik artım sürəti 21 faiz təşkil edib.

Adıçəkilən sahələrdən başqa, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, elektrik, qaz və istilik təchizatı sahələrində, eləcə də nəqliyyat sahələrində də maaşlar çox artıb.


Maaşlarda artım informasiya və rabitədə 170 manat (11 faiz artım), peşə, elmi və texniki fəaliyyət sahələrində 136 manat (9 faiz artım), elektrik, qaz və istilik təchizatı sahələrində 130 manat (14 faiz artım), nəqliyyat sektorunda 105 manat (8 faiz) olub.


Digər fəaliyyət sahələrində maaşlarda artım böyük olmayıb. O cümlədən istirahət, əyləncə və incəsənət sahəsində maaşlar 18 manat, kənd təsərrüfatı, tikinti, turizm sahələrində 25-27 manat artıb.\\Sfera.az 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR