Məlum olduğu kimi, yanvarın 17-də Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək. Cinayət işinə Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baxılacaq.
Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğunun birgə məlumatında deyilir ki, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində cinayət işinin istintaqı aparılıb.
Rusiya vətəndaşı olmuş, hazırda Ermənistanın vətəndaşı olan, Rusiyada “Troyka Dialoq” şirkətinin təsisçisi və rəhbəri olmuş, Rusiyada “KAMAZ” ASC-nin direktorlar şurasının üzvü, həmin ölkədə “Volqa-Dnepr” şirkətlər qrupunun müstəqil direktoru və sair vəzifələrdə çalışmış Vardanyan Ruben Karlenoviç 2023-cü il sentyabrın 25-də Azərbaycan Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib, sentyabrın 27-də saxlanılaraq istintaqa təhvil verilib və həmin tarixdə ona ittiham elan edilib.
Toplanmış mötəbər sübutlar əsasında təqsirləndirilən şəxs Ruben Vardanyana Azərbaycanın Ermənistanın işğal etdiyi ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və qanunsuz silahlı birləşmələri əhatə edən cinayətkar birlikdə, qanunsuz silahlı birləşmələrin və qrupların yaradılmasında və fəaliyyətinin təşkilində iştirak edərək Azərbaycan Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun ittiham elan olunub.
O ki qaldı digər 15 cinayətkara, toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Respublikası silahlı qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittham olunan Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Roberti təqsirləndirilən şəxs qismində cəlb olunublar.
Onlar barəsində cinayət işi üzrə məhkəmənin hazırlıq iclası da yanvarın 17-də keçiriləcək.
Hüquqşünas Polad Mehdiyev Musavat.com-a şərhində xatırladıb ki, Bakıda saxlanılan təqsirləndirilən şəxslərin cinayət müddəti 1987-ci ilin oktyabr ayından 2024-cü ilin aprelin 22-ə qədərki dövrü əhatə edir, yəni bu dövrdə həmin şəxslərin törətdiyi cinayətləri əhatə edir.
O qeyd edib ki, bu müddət ərzində baş vermiş hadisələrlə bağlı, toplanmış sübutlar əsasında, ümumilikdə, prokurorluğun verdiyi məlumata əsasən, 2548 epizod üzrə həm Ermənistan Respublikası silahlı qüvvələri, həm də qanunsuz silahlı birləşmələr tərəfindən cinayətlər törədilib:
“Bu hadisələr “Dağlıq Qarabağ Respublikası” qurmuş cinayətkarlar tərəfindən törədilib. Söhbət istintaqı gedən və yekunda ittiham aktı oxunan 15 cinayətkardan gedir. Araik Arutyunyan, Arkadi Qukasyan, Ruben Vardanyan və digərlərinə Azərbaycana qarşı cinayət törətdiklərinə görə Azərbaycan Cinayət Məcəlləsinə uyğun olaraq təxminən 20 maddə üzrə ittiham irəli sürülüb - təcavüzkar müharibəni planlaşdırmaq, hazırlamaq, başlamaq, aparmaq maddəsi və başqa maddələr. İrəli sürülən ittihamların əksəriyyəti xüsusilə ağır cinayət kateqoriyasına aid edildiyi üçün onların sanksiyaları da ömürlük azadlıqdan məhrumetməyə qədər cəza nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiyasından ölüm hökmü çıxarıldığına görə ən ağır cəza ömürlük azadlıqdan məhrumetmə cəzasıdır. Proseslə bağlı yekun qərarı Bakı Hərbi Məhkəməsi verəcək”.
Qeyd edək ki, Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan İrəvanın Bakıda saxlanılan təqsirləndirilən şəxslərlə bağlı ayrıca məhkəmə işi başlatması barədə fikirlər səsləndirib. Kirakosyan hətta Avropa İnsan Haqları Məhkəməsindən (AİHM) yanvarın sonuna kimi Bakıda saxlanılan təqsirləndirilən şəxslərlə bağlı məlumat tələb etdiklərini qeyd edib. Onun sözlərinə görə, məsələ BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) də müzakirə olunur.
Polad Mehdiyev Kirakosyanın bu iddiasını da şərh edib.
O vurğulayıb ki, saxlanan şəxsləri hərbi əsirlər kimi qiymətləndirmək doğru deyil:
“Azərbaycan müharibə zamanı həbs olunmuş çox sayda hərbçini hər kəsin gözü önündə geri qaytardı. Hazırda Bakıda saxlanan şəxslər isə cinayətkarlardır. Cinayətkar olduqlarını onlar özləri də sübut ediblər. Bunu xüsusilə bildirmək lazımdır ki, Ermənistan dövləti və onun tərəfindən təşkil olunmuş silahlı birləşmələri, “Dağlıq Qarabağ Respublikası”nın üzvləri bütün dünya tərəfindən tanınan Azərbaycan sərhədləri daxilində cinayətlər törədiblər. Onlar Azərbaycana qarşı beynəlxalq cinayət hüququnda təsbit olunmuş təcavüz, genosid, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törədiblər. Eyni zamanda bu əməlləri törətməklə 12 avqust 1949-cu il Cenevrə Konvensiyasını pozublar. Onlar Azərbaycana qarşı assimetrik müharibə aparıblar - mülki obyektlərə ziyan vurub, əsir, girov götürüblər, əzablar veriblər.
Yəni Cenevrə Konvensiyasında təsbit olunmuş bütün əməlləri törədiblər. İstintaq prosesinə təzyiq etmək, onu kölgəyə salmaq, qərbdə bəzi dairələr, müxtəlif qeyri-hökumət təşkilatlarının vasitəsilə hesabatlar yayımlayıb, tələblər irəli sürmək beynəlxalq hüquqa, insan haqlarına hörmətsizlikdir. Bu, həmçinin beynəlxalq hüquq tərəfindən təsbit olunmuş soyqırım, insanlıq əleyhinə cinayətləri ört-basır etmək deməkdir”.
Hüquqşünas vurğulayıb ki, Ermənistan xüsusilə İkinci Qarabağ müharibəsindən sonra müxtəlif platformalarda, həm Beynəlxalq Ədalət Məhkəməsi, həm də Avropa İnsan Hüquqları Məhkəməsində iddialar qaldırır:
“Məsələ burasındadır ki, bu iddiaların hüquqi əsasları yoxdur. Birinci növbədə istintaq tamamlanmalıdır, məhkəmə prosesi yekunlaşmalıdır və yekunlaşdıqda bu şəxslərin cinayətləri sübuta yetiriləcək. Bu şəxslər barəsində Beynəlxalq Ədalət Məhkəməsi və Avropa İnsan Hüquqları Məhkəməsində qaldırılan iddiaların heç bir hüquqi perspektivi yoxdur. Əgər söhbət siyasi qərardan gedirsə, bu qərarın gözlənilməz nəticələri ola bilər”.
Nigar HƏSƏNLİ,
Musavat.com