İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden səhhətinə görə seçkidən çəkilir? – yeni gəlişmə

1528 12.02.2024 18:39 Dünya A A

Elşən Mustafayev: “Bu kampaniya get-gedə daha intensiv hal alacaq”

Sevinc Edison qızı: “Belə xəstələr özlərində baş verənlərin fərqinə varmırlar”

“ABŞ prezidenti Co Baydendə yaşla əlaqədar demensiyanın (yaddaş pozuntusu – red.) əlamətləri özünü göstərir”.

Bunu “Fox News”a müsahibəsində Cons Hopkins Universitetinin professoru və cərrah Marti Makari deyib. “Koqnitiv (idrak) tənəzzül gözümüzün qarşısında baş verir. Beş il əvvəllə müqayisədə bugünkü fəaliyyət tərzində çox nəzərəçarpan fərq var. Bu, həqiqətən kədərlidir”, - o deyib.

Həkim xatırladıb ki, hər bir insan vaxtaşırı bəzi sözləri unuda və ya səhv edə bilər, lakin Baydenin vəziyyətində sürətlə artan yaddaş itkisi və nitqin ləngiməsi nəzərə çarpır. Onun sözlərinə görə, amerikalıların Baydenin prezidentlik yarışında iştirakından narahat olmaq üçün hər cür əsası var. O hesab edir ki, hazırkı Amerika liderinin vəziyyəti çətin ki, sabitləşsin və normallaşsın. Xatırladaq ki, fevralın 9-da, ABŞ-ın 81 yaşlı Prezidenti Cozef Baydenin həyatı və karyerası ilə bağlı əsas faktları xatırlaya bilməməsini açıqlayan xüsusi prokuror Robert Hyorun hesabatından sonra keçmiş prezidentlər Barak Obama və Donald Trampın həkimi Ronni Cekson Amerika liderini Demokrat Partiyasının prezidentliyə namizəd olmaq niyyətindədirsə, ümumi seçkidən əvvəl zehni qabiliyyət testindən keçməyə çağırıb. Həkim diaqnoz qoymayıb, lakin etiraf edib ki, Baydenin yaşla bağlı koqnitiv problemləri var: o, qeyri-səlis danışır, harada olduğunu unudur və adları xatırlaya bilmir. Bəs hazırkı prezident səhhəti ilə bağlı tənqidləri və gerçəyi nəzərə alıb seçki marafonundan çəkilə bilərmi? Bunu o maksimum nə vaxt etməlidir ki, Demokratlar Partiyasının başqa namizəd irəli sürməyə zamanı çatsın? Bəzi məlumatlara görə, belə bir namizəd sabiq prezident Barak Obamanın xanımı Mişel Obama ola bilər. Hərçənd Baydenin seçkidəki əsas rəqibi Donald Tramp da kifayət qədər yaşlıdır. Bu isə prezidentlik üçün yuxarı yaş senzini bir daha gündəmə gətirir. Niyə əksər ölkələrdə bu senz yoxdur? Bu yaşda insana “nüvə çamadanı” etibar etmək olarmı?

Elşən Mansur oğlu Mustafayev

AMİP liderinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev bildirdi ki, Baydenin səhhəti ilə bağlı hələ keçən seçkilərdə çox danışılırdı: “O zaman Donald Tramp seçki kampaniyasında onun səhhəti ilə bağlı açıqlamalar verirdi. Əslində bu söz-söhbətə Baydenin özü hərəkətləri və çıxışları ilə daha çox əsas verirdi. Hazırda həmin dövrdən təxminən 4 il vaxt keçib. Təbii ki, bu dövr ərzində yaş da öz işini görür və yenə də eyni problemlər daha qabarıq şəkildə üzə çıxır. Bütün bunlar ortada var ikən Baydenin ikinci müddətə seçilmək iddiasını ortaya qoyması və bunun ilkin seçkilərdə seçicilər tərəfindən dəstəklənməsi bir qədər təəccüblüdür. Məsələ ondadır ki, demokratların namizədi olmaq üçün keçirilən ilkin seçkilərdə öndə olan Baydenin geri çəkilə biləcəyini deyənlər da var. İlkin seçki artıq bir neçə aydır davam edir, namizədlər artıq fəaliyyətdirlər. Onun çəkiləcəyi halda mövcud olan namizədlərdən heç birinin real şansları görünmür. ABŞ qanunvericiliyində indiki dönəmdə yeni bir namizədin irəli sürülməsi imkanının olub-olmamasını deyə bilmərəm. Amma görünən odur ki, demokratlar Trampı seçkidən kənarda qoymaqla Baydenin qələbəsinə nail olmaq istəyirlər. Bunu bacarmasalar sorğular Baydenin məğlub olacağını göstərir. Ona görə də, hazırda Respublikaçılar Baydenin səhhəti ilə bağlı ciddi təbliğat kampaniyası təşkil edirlər. Məqsəd isə onu prezident kimi görmək istəyən seçicilərin fikirlərində dəyişiklik etməkdir. Əslində Respublikaçılar  hazırda Baydenin namizəd olaraq qalmasını daha məqsədəuyğun hesab edirlər. Çünki, düşünürlər ki, noyabra qədər onun prezident seçiləcəyi halda işləmə qabiliyyətinin olmayacağını seçicilərə çatdıra biləcəklər. Az ehtimal olunan bir variant da Trampın seçkilərdən kənarlaşdırılmasından sonra Bayden də seçkidən çəkilir və hazırda digər namizədlərlə seçkilərə qatılırlar.  Düşünürəm ki, Baydenin səhhəti ilə bağlı kampaniya get-gedə daha intensiv hal alacaq və tərəflər seçkilərə qədər qarşılıqlı ittihamlarla üstünlük qazanmağa çalışacaqlar”.

sevinc edison.jpg (9 KB)

Həkim, psixoloq Sevinc Edison qızı ilk olaraq demensiya barədə maraqlı məlumatları bizimlə bölüşdü: “Əslində bunun özü xəstəlik deyil. Bu orqanizmdə baş verən patoloji proseslər nəticəsində bir neçə xəstəliyə verilən addır. Məsələn, hamının bildiyi və son dövrlərdə çox geniş yayılmış Alzheimer xəstəliyi demensiyanın ən ağır formasıdır. Damar forması da ağır formalarından biri sayılır. Demensiya ağıl itkisi deməkdir. Baydenin həkiminin dediklərinə gəlincə, deyə bilərəm ki, bu diaqnoz heç bir əsas olmadan qoyula bilmız. Demək ki, həkim dəfələrlə təkrar olunan simptomlara əsasən şərh söyləyib. Amma etik qaydalar və həkim sirri deyilən bir anlayış var. Bu ağır diaqnoz cəmiyyətə bildirilə bilməz”.

Həkim demensiyanın necə əmələ gəlməsinə də toxundu: “Hamımız bilirik ki, bizi idarə edən orqan beyindir və orqanizmin bütün funksiyaları oradan idarə olunur. Beyində fərqli funksiyalarla məşğul olan müxtəlif hissələr var. Orada olan hüceyrələr bütün informasiyaları bir-birinə ötürür. Müxtəlif səbəblərdən, xüsusilə, insan orqanizmi qocaldıqca hüceyrələrin ötürücülük qabiliyyəti də dəyişir və zəifləyir. Çox zaman isə itir. Demensiya zamanı beyin hüceyrələrinin bir-biriylə əlaqə qurma qabiliyyəti itir. Məsələn, beynimizdə hipokampus adlı bir nahiyə var. Ora biliklər mərkəzidir. Yəni öyrənmə, analiz etmə, çatdırma və yaddaş mərkəzidir. Yaşlı insanlarda bu tez-tez müşahidə olunur. Qarışıq demensiya, frontotemporal demensiya və digərlərində özünəməxsus problemlər baş verir. Amma sonda qocalığı göstərən əlamətlərdən ən əsasıdır. Ən əsas əlamətlərindən biri yeni məlumatları unutmaqdır. Hətta insanlar yaşadıqları evin yerini, övladlarının adını, bir çox hallarda olduğu zamanı və məkanı belə unudurlar. Demensiya adətən 80 yaşdan yuxarı hallarda beyində aparılan tədqiqat işlərinə əsaslanaraq qoyulan bir diaqnozdur. Baydendə yaşla bağlı koqnitiv dəyişikliklərin olduğunu bir çox videolarda görmək olur. Düzdür, prezidentləri xüsusi psixoloqlar konsultasiya edir. Onlar görüşlərə getməzdən öncə müalicə olunurlar. Amma nə olursa olsun, yaş öz sözünü deyir. Dünyada əhalinin çox hissəsi, xüsusilə, 75 yaşdan yuxarı olanlar bu xəstəlikdən əziyyət çəkirlər. Bunun müalicəsi yoxdur. Yalnız önləyici tədbirlər var. Onlar da çox vaxt xeyir etmir. Baydenin 80-dan yuxarı yaşı var. Orqanizmində baş verən patologiyalar görünür. Hesab edirəm ki, lider ölkədə tam adekvat, hərəkət və düşüncələrini idarə edə biləcək sağlam bir prezident seçilməlidir. Baydeninin orqanizmi deyir ki, çox yorulmuşam. Bu daha çox bədən dili ilə özünü büruzə verir. Adətən onun kimi liderlər kürsünü çox sevirlər. Çünki, liderliyə öyrəşiblər. Belə insanlar özlərində olanları görməzdən gəlirlər. Nə xəstəliyini, nə huşsuzluğunu, nə də etdiyi yanlışlıqları görmürlər. Belələrinin şüurunun altında “mən liderəm”, “mən lider ölkənin prezidentiyəm” kimi məfhum yerləşib. Baydenin düşüncəsində o yer alır ki, Amerika bütün dünyanı idarə edir, mən də bu dövlətin lideriyəm, necə olur ki, öz orqanizmimi idarə edə bilmirəm. Lider ölkələrin prezidentlərinin psixologiyası həqiqətən də fərqli olur. Bu boyda dünyanı idarə edən ölkənin prezidenti xəstəliyi idarə edə bilmirəm, hərəkət və yaddaşımı itirmişəm kimi məfhumları qəbullana bilmir. Adətən belə xəstələr özlərində baş verənlərin fərqinə varmırlar”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR