İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıya investisiya qoyuluşu 4 mlrd. manatı ötüb - rayonlara marağı artırmaq üçün nə etməli?!

645 10.08.2023 10:12 Siyasət A A

2023-cü ilin ilk yarısında Bakı şəhərinin iqtisadiyyatına investisiya qoyuluşu 4 mlrd. 32.3 mln. manat olub, illik müqayisədə 17.3% artıb. Bu barədə Bak Şəhər Statistika İdarəsi xəbər verib. Başqa sözlə, son bir ildə Bakıda əsas kapitala yönəldilən vəsaitlər 17,3% artıb. Sözügedən yatırımın 2 mlrd. 169.1 mln. manatı tikinti-quraşdırma işlərinə yönəldilib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 13.5% çoxdur. Müşahidələr göstərir ki, bütün sahələr üzrə investorlar paytaxt Bakıya yatırımlar etməyə maraqlıdır. Uzun zamandır belə məsələ də müzakirə olunur ki, insanların rayonlardan, digər şəhərlərdən Bakıya axınını azaltmaq, bölgələrə qayıdışı təmin etmək üçün regionların inkişafı mütləqdir, sürətlənməlidir. 

Bəs rayonlara investisiyalar qoyulmasına sövq etmək üçün hansı addımlar atıla bilər? Bölgələrdə kiçik istehsal müəssisələri yaradılmasına nail olmaq üçün nələr etmək olar? 

Yeri gəlmişkən, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosıal-iqtisadi inkişafı Dövlət Proqramı”nın da sonuncu ilidir. 

AZƏRTAC

Azər Badamov: “Regionlara investorların cəlb edilməsi üçün güzəştlər tətbiq olunmalıdır”

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, dünya iqtisadiyyatı böhran yaşadığı bir dövrdə investisiyalar yatırılan və iqtisadi artımlar müşahidə olunan ölkələr çox azdır:  “Qeyd etmək istəyirəm ki, investorlar siyasi-iqtisadi mühiti sabit ölkələrə sərmayə qoymasına maraqlı olur.  Azərbaycan iqtisadiyyatı inkişaf dinamikasını qoruyub saxlayaraq artır, manat sabitliyini qoruyub saxlayır və iqtisadiyyata qoyulan investisiyaların həcmi artmaqda davam edir. Bu gün ölkəmizdə investisiyaların əsasən iki istiqamətdə daha çox yatırıldığını müşahidə edirik. Birincisi işğaldan azad olunmuş rayonlara qoyulan investisiyalardır. Bu ərazilər yenidən qurularaq bərpa olunduğundan ölkəmizin əsas iqtisadi gücü bu istiqamətdə yönəldilib. İşğaldan azad olunmuş ərazilərin sosial infrastrukturu yenidən qurulur, yeni yaşayış məntəqələri tikilir və iş yerləri açmaq üçün yeni istehsal sahələri yaradılır. Bu da Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına və qayıdan insanların işsizlik məsələlərinin qabaqcadan həll edilməsinə imkan verir.  İkinci əsas istiqamət isə paytaxt Bakıya qoyulan investisyalardır. Cari ildə Bakının iqtisadiyyatına qoyulan investisiyaların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 17,3% artıb. Əsasən tikinti sektoru sərmayə qoyuluşuna görə liderliyini qoruyub saxlayır. Bununla yanaşı, istehsal sahələrinin yaradılmasına da müəyyən qədər investisiyalar yatırılır. Amma regionlara istehsal sahələrinin yaradılmasına investisiyalar az qoyulduğundan bölgələrdə işsizlik məsələsinin həll olunmasında müəyyən qədər çətinlik yaradır”.

Deputat əlavə edib ki, regionlarda iş yerlərinin kifayət qədər olmaması bölgələrdən əhalinin Bakıya  qazanc arxasınca axın etməsinin davam etməsinə yol açır: “Ancaq onu da qeyd etmək istəyirəm ki, regionların iqtisadi potensialı çox böyükdür. Biz regionlara yatırılan investisiyaların istiqamətlərinə nəzər yetirsək, bunun əsasən turizm sektorunun üzərində formalaşdığını görərik. Amma sovetlər dövründə bütün rayonlarda zavodlar, fabriklər fəaliyyət göstərirdi. Məsələn, təmsil olunduğum Qusar rayonunda iki konserv zavodu, iki üzüm emalı zavodu, süd zavodu, trikotaj  və toxuculuq fabrikləri fəaliyyət göstərirdi. Rayon əhalisinin əsas hissəsi bu müəssisələrdə çalışırdılar. Bu gün isə bütün müəssisələr özəlləşdirilərək dağıdılıb, istehsal infrastrukturu məhv edilib. Bu da ilk növbədə gənclərin iş arxasınca  Bakıya üz tutmasına məcbur edir. Regionlarda emal sənayesinin olmaması fermerləri  də böyük itkilərlə üzləşdirir. Məsələn, indi  pomidoru sahədən 20 qəpiyə alan da yoxdur. Nəticədə fermerlər pomidorun becərilməsinə çəkdiyi  xərci belə çıxarda bilməməsindən gileylənirlər. Eyni tendensiya alma, kələm və digər kənd təsərrüfatı məhsullarının istehsalında da baş verir. Əgər hər bir rayonun emal sənayesi inkişaf etsəydi, fermerlər öz məhsullarını zavodlara tədarük edərdi və heç olmasa itkisiz təsərrüfat ilini başa vurardılar. Düzdür, bazar iqtisadiyyatında yaşayırıq və istehsal sahələri özəl sektor tərəfindən yaradılmalıdır. Amma illər əvvəl  istehsal sahələri özəlləşdirilərək uzun illər ərzində dövriyyədən  çıxarılmış müəssisələrin yenidən dövriyyəyə qaytarılması üçün hökumətin tədbirlər görməli olduğunu hesab edirəm. Çünki hər bir müəssisəni özəlləşdirən şəxs  həmin müəssisəni yenidən quraraq daha fəal istehsala qovuşduracağı ilə bağlı rəsmən öhdəlik götürüb. Amma bu sahənin diqqətdən kənarda qalması regionlarda istehsal sahələrinin yoxa çıxmasına gətirib çıxarıb. Bu da regionlarda işsizlik probleminin qalmasına yol açır”. 

A.Badamov onu da qeyd etdi ki, regionlara investorların cəlb olunması üçün güzəştlər tətbiq olunmalıdır: “Yəni, investorlar müəyyən müddətə stimullaşdırılmalıdır. Sənaye parklarında və işğaldan azad olunmuş ərazilərdə investisiya yatıran sahibkarlar belə güzəştlərdən yararlanırlar. Hesab edirəm ki, bu, həm də regionlarda istehsal sahələrinə investisiya yatıran sahibkarlara da tətbiq olunmalıdır. Belə olarsa ölkə iqtisadiyyatının inkişafında  regionların payı artar, regionlarda  işsizlik məsələsi qısa zamanda öz həllini tapar və region sakinlərinin iş axtarışı ilə Bakıya gəlməsinə ehtiyacı qalmaz”.

Eyyub Kərimli: “ƏDV-nin azaldılması büdcə yığımlarına mənfi təsir göstərə  bilər” Pravda.az

Eyyub Kərimli: “Bir müddətdən sonra işğaldan azad olunmuş Qarabağ bölgəmizdə tarazlı iqtisadi inkişaf təmin ediləcək ”

İqtisadçı Eyyub Kərimli də bizimlə söhbətdə qeyd etdi ki, bu gün ölkənin ümum daxili məhsulunun formalaşmasında Bakının payı 75-80 faizə çatıb və buna bir neçə amil təsir göstərir: “Bunlardan biri Bakıda geniş əhali kütləsinin yaşamasıdır. İnvestorların Bakıya daha çox vəsait yatırması, digər tərəfdən ÜDM-in formalaşmasında əsas yer tutan hidrogen resurlarımızın Xəzər sahilində, Bakıda yerləşməsi də ÜDM-in formalaşmasına öz təsirini göstərir. Digər tərəfdən, uzun illərdi artıq Bakının tikinti sektoruna böyük investisiyalar yatırılır. Bakı həm də ölkənin paytaxtıdır, bura xaricə gediş-gəliş də öz təsirini göstərir. Bakıda universitetlərin, böyük dövlət idarələrinin yerləşdirilməsi Bakının investisiya baxımından cəlbediciliyini artırır. Əlbəttə, yaxşı olardı ki, ölkənin regionlarla tarazlı inkişafı təmin edilsin. Bu istiqamətdə müəyyən işlər aparılır. Ölkənin digər şəhərləri, Gəncə, Sumqayıt, Şirvan, Xırdalan şəhərlərində də inkişaf gedir. Baxmayaraq ki, Şəmkirin şəhər statusu yoxdur, bəzi şəhərlərdən öndədir. Regionların inkişafı istiqamətində yeddinci yerdə cəmləşir. Regionları iqtisadi spesifikasına uyğun investisiyaya cəlb etməliyik. Regionların həm iqtisadi, həm iqlim, kənd təsərrüfatı potensialı yenidən hesablanaraq əlavə investisiyaların cəlb edilməsinə nail olmalıyıq. Vergi güzəştlərinin təmin edilməsi, müəyyən stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, sahibkarlıqla bağlı fəaliyyət göstərən sahələrdə müəyyən kommunal ödənişlərdə güzəştlərin edilməsi regionlarda investisiya qoyuluşuna, sahibkarlığın inkişafına təsir edə bilər”. 

Ekspert onu da əlavə etdi ki, hazırda regionların inkişafı baxımından Füzuli rayonu öndədir: “İşğaldan azad olunandan sonra Füzuli rayonuna əhəmiyyətli investisiya qoyuluşu olub. Bu da bizə onu deməyə əsas verir ki, bir müddətdən sonra işğaldan azad olunmuş Qarabağ bölgəmizdə tarazlı iqtisadi inkişaf təmin ediləcək. Çünki ora külli miqdarda vəsaitlər yatızdırılır. Bu da regionların inkişafını təmin etmiş olacaq”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR