İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan Tehrana daha bir şans - İlham Əliyevdən İrana mühüm jest

1676 25.07.2023 11:20 Siyasət A A

İranın dövlət informasiya agentliyi İRNA yaxın günlərdə Azərbaycanda öz bürosunu açacaq. Bu barədə iyulun 21-də Şuşa Qlobal Media Forumunda məlumat verilib.

Agentliyin Azərbaycanda nümayəndəlik açmasına münasibət bildirən Prezident İlham Əliyev deyib ki, “İRNA Azərbaycan” iki ölkə arasında münasibətlərin güclənməsinə müsbət təsir göstərəcək.

“Düşünürəm ki, ən yaxşı üsul auditoriyanızı, İrandakı auditoriyanızı Azərbaycandakı reallıqlar, Qarabağın və Şərqi Zəngəzurun bərpa prosesi haqqında məlumatlandırmaqdır. Əlbəttə, yaxşı olardı ki, İranda daha çox insan İkinci Qarabağ müharibəsi və postmüharibə vəziyyəti haqqında, xüsusilə Azərbaycanın daha geniş regional əməkdaşlıq gündəliyi haqqında məlumatlı olsun”, - deyən dövlət başçısı bu media orqanının fəaliyyətinə uğurlar arzulayıb.

Xatırlatmaq yerinə düşər ki, “İRNA” Xəbər Agentliyinin baş direktoru Əli Nadiri Azərbaycana 4 günlük səfəri çərçivəsində "AzərTA"ın baş direktoru Vüqar Əliyevlə görüşüb. Bildirilib ki, görüşdə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də iştirak edib. Görüşdə bəlli olub ki, “İRNA Azərbaycan” bölməsinin fəaliyyətə başlaması barədə qərar verilib.

“İran və Azərbaycan arasında yaxşı münasibətlərin düşmənləri var” deyən “İRNA” nın rəhbəri Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən “faciəli basqından” (terror hadisəsi adlandırmayıb - red.) təəssüfləndiyini və bunun münasibətlərə təsir etdiyini bildirib.

Qeyd edək ki, İRNA-nın Azərbaycan bölməsinin fəaliyyətə başlaması barədə indiyə qədər heç bir məlumat yayılmayıb. Yalnız “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda sual verən “İRNA” müxbiri özünü “İRNA-Azəri” əməkdaşı kimi təqdim edib.

Rauf Arifoğlu — Vikipediya

Rauf Arifoğlu: “Hər hansı agentliyin şöbəsinin açılması qlobal siyasətə təsir edən amil deyil”

“Yeni Müsavat” Media Qrupunun rəhbəri, əməkdar jurnalist Rauf Arifoğlu xatırlatdı ki, İran və Azərbaycan arasında münasibətlərin gərginləşməsinin səbəbkarı İrandır. R.Arifoğlu vurğuladı ki, rəsmi Tehranın Azərbaycanın maraq və mənafeyinə, dövlət müstəqilliyinin əleyhinə yönəlmiş siyasəti informasiya məkanında da özünü göstərməkdədir: “İranın dövlət qurumlarına bağlı olan bütün media quruluşları (red: İranda media azad deyil, dövlət tərəfindən tam idarə olunur) Qarabağla bağlı haqq davamızda, o cümlədən Azərbaycanın dünyada yeri və mövqeyinin daha da möhkəmlənməsi istiqamətində atdığı addımlarda hər zaman əleyhimizə olublar. İranın indiki hakimiyyəti  yalnız rəsmi Bakını deyil, bütövlükdə Azərbaycan dövlətini və xalqını hədəf altına alıb. Bu baxımdan münasibətlərin düzəlməsi təşəbbüsü, əlbəttə, yenə də İran tərəfdən gələcək. Əgər bu təşəbbüs "İRNA" agentliyinin Azərbaycanda şöbəsinin açılması ilə başlayırsa, bunu şərh etmək çətindir. Hər hansı agentliyin şöbəsinin açılması qlobal siyasətə təsir edən amil deyil. Əsas məsələ İranın dövlət siyasətinin düşmənçilik, Azərbaycanın maraq və mənafeyinə zidd kursunun dəyişdirilməsidir. İran rejimi, o cümlədən onun rəsmi siyasəti, eyni zamanda rəsmi informasiya kursu Ermənistan üçün xeyirli, Azərbaycana isə ziddir. Bu kurs dəyişmir. Buna görə də hesab edirəm ki, hər hansı agentliyin şöbəsinin açılması irəliyə doğru addım sayıla bilməz. İrəliyə doğru addım İranın düşmənçilik siyasətindən və özünü erməni kimi aparmasından imtina etməkdən keçir. Biz bu addımları gözləyirik".

Arzu Nağıyev: "Söyüdlü sakinlərinin dediklərində həqiqət var"

Arzu Nağıyev: “İki ölkə arasında əlaqələrin möhkənlənməsinə media diplomatiyasının təsiri mümkündür”

Millət vəkili Arzu Nağıyevin fikrincə, media diplomatiyasının inkişafı əhəmiyyətlidir: “İRNA İran İslam Respublikasının rəsmi agentliyidir, hökumət tərəfindən maliyyələşdirilir. Eyni zamanda "İran" adlı qəzet çap edir, İranda 60-dan çox ofisi var, Yaxın Şərqdə, ABŞ-da, ümumilikdə 30 ölkədə büroları fəaliyyət göstərir, yəni ən böyük informasiya agentliklərindən biridir. Hər zaman dövlətin mövqeyini əks etdirən çıxışlar, mövzular, yazılar dərc edir. Daha öncə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “İRNA”nın fəaliyyətini bərpa edəcəyi ilə bağlı anons vermişdi. Agentliyin rəhbəri Əli Nadiri “AzərTAc”da görüş keçirmiş, müvafiq danışıqlar aparmışdı. Düşünürəm ki, informasiya vasitəsilə gələcək fəaliyyəti tənzimləyəcək addımlar atıla bilər".

A.Nağıyev İran-Azərbaycan arasında müəyyən yaxınlaşmanın olduğunu göstərən addımların atıldığını qeyd etdi: “İran xarici işlər nazirinin Azərbaycana səfər etməsi, eyni zamanda bizim nümayəndə heyətimizin kommunikasiyaların açılması ilə bağlı səfərləri iki ölkə arasında münasibətlərin normallaşması üçün müəyyən addımların atıldığına sübutdur. Bununla yanaşı, Azərbaycanın Tehrandakı səfirliyinə hücuma görə məlumatın verilməməsi ilə əlaqədar gərginlik davam etməkdədir. İki ölkə arasında əlaqələrin möhkənlənməsinə media diplomatiyasının təsiri mümkündür, hətta müsbətdir. Şuşada keçirilən Qlobal Media Forumunda prezidentə verilən sualın cavabından da hiss olundu ki, bu istiqamətdə inkişaf labüddür. "İRNA"nın bürosu açılarsa, yeni müxbir göndəriləcək, bu da o deməkdir ki, onun fəaliyyətindən çox şey asılıdır. Bu, münasibətlərin müsbət istiqamətdə inkişafına yardım edə bilər". 

Asif Nərimanlı yazır...

Asif Nərimanlı: “Azərbaycan bölməsi ”İRNA Azəri" adı ilə açılıb, “azəri” adlı millət, yaxud belə bir dil varmı?"

Siyasi analitik Asif Nərimanlı isə mövzunu belə şərh edib: “İranın dövlət agentliyi "İRNA" nın Azərbaycan dilində bölməsi fəaliyyətə başlayıb. Məqsədin “Azərbaycan auditoriyasının İranla bağlı xəbərlərə birbaşa çıxışının olmasına şəraitin yaradılması və iki ölkənin ortaq düşmənlərinin (?) media planlarına qarşı fəaliyyət göstərmək, saxta xəbərlərlə mübarizə aparmaq” olduğu qeyd olunur. Amma və lakin İranın bu addımındakı hiylə də nəzərdən qaçmamalıdır. “İRNA”nın Azərbaycan bölməsi “İRNA Azəri” adı ilə açılıb. “Azəri” adlı millət, yaxud belə bir dil varmı? Agentliyin əməkdaşı Muhammed Rizapur da Şuşada Prezident İlham Əliyevə sual ünvanlayanda “İRNA Azəri” demişdi, Prezident isə cavabında “İRNA Azərbaycan” olaraq düzəliş etmişdi. O zaman sual yaranır: İran “xoş niyyət” olaraq qələmə verdiyi bu addımda Azərbaycanın və Azərbaycan dilinin adını niyə təhrif edir?! “Azəri” adının arxasında hansı niyyət yatır? “Azəri” - azərbaycanlıların türk yox, farsdan dönmə millət olduğu ideologiyasına xidmət edən əsas tezisidir. İlk dəfə Əhməd Kəsrəvi tərəfindən irəli sürülüb. Kəsrəvi 1921-ci ildə nəşr etdirdiyi “Azəri ya Zəban Bastane Azərbaycan” adlı kitabında iddia edir ki, “azərbaycanlılar türk yox, "azəri" adlı ayrı millətdir və farsların bir qoludur, “azəri” dili də fars dilinin törəməsidir, azərilər türklərin bölgəyə gəlişindən sonra dillərini dəyişiblər". “Kəsrəviçilik” təlimi olaraq yayılan bu iddia İran rejimi tərəfindən Şimalla Cənubu ayırmaq məqsədinə xidmət etsə də, SSRİ-də də azərbaycanlıların Türkiyədən uzaqlaşdırılması siyasətində istifadə olunurdu. 1979-cu ildə mollalar şahı devirsələr də, “azəri” ideologiyasını davam etdirir, təkcə Cənubdakı soydaşlarımıza tətbiq edilmir, eyni zamanda “Azərbaycan İranın tarixi parçası olub” siyasətində Arazın bu tayına da ixrac olunur. İndi “İRNA”nın - İran dövlət agentliyinin Azərbaycan dilindəki bölməsini “Azəri” adlandırması “kəsrəviçilik” təliminin və eyni siyasətin davamı deyilmi?!"

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR