İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı üçün kritik iki il - Moskva buna görə Azərbaycana “spasibo” deyəcək!

2803 22.07.2023 09:08 Siyasət A A

Şuşada Türkiyə konsulluğu açmaq zamanı çatdı; Qarabağa “sülhməramlı” yox, sülh lazımdır; analitiklər Bakının öz ərazisinə nəzarəti tam bərpa edəcəyinə əmindirlər...

Rusiyanın “dirijor çubuğu” və “blokada” bəhanəsi ilə Qarabağda separatçı tör-töküntülərin Azərbaycan əleyhinə pozucu fəaliyyəti davam edir. Dövlətimizə qarşı hətta hədə xarakterli bəyanatlar səslənir. Bakı isə hələlik səbrini basıb gözləyir. Halbuki bu cinayətkar-terrorçu ünsürləri ordumuzun cəmi bir neçə saata ram eləməsi üçün bütün əsaslarımız var.

Yəqin ki, zamanında bu da olacaq. Necə ki, günün birində sərhəddə “Laçın” nəzarət-buraxılış postunu qoyduq. Yenə də heç bir ölkə, o cümlədən Rusiya bizə əngəl ola bilməyəcək. Çünki söhbət suveren ərazimizdən gedir. Rəsmi Moskvanın istinad elədiyi, Putinin imzası duran 10 noyabr üçtərəfli bəyanatı isə buna nəinki əngəl ola bilməz, əksinə, həmin sənədin 4-cü bəndi elə qanunsuz silahlı dəstələri zərərsizləşdirməyi nəzərdə tutur.

Yəni Azərbaycan əslində Rusiyanın, onun “sülhməramlı” kontingentinin hələ 2020-ci ilin noyabrında görməli olduğu işi görəcək. Odur ki, Moskva Bakıya hələ “spasibo” da deməlidir.

Amma biz üç ildir nəyi müşahidə edirik? Rusiya separatçı qalıqlarını bəsləyib oyuncaq rejimini yaşatmaqda, ona “ikinci nəfəs” verməkdə, o sırada Xocalıda (!) qanunsuz rejimin “bayraq” adlanan əski parçasını özünün və Ermənistanın bayraqları ilə yan-yanaşı asmaqdadır. Sanki Rusiya Qarabağa sülhməramlı kimi deyil, işğalçı kimi gəlib. Qarabağa isə “sülhməramlı” yox, sülh lazımdır! Orada indi də Kremlin xeyir-duası ilə “dövlətcik” oyunları oynanılmasına bizim sonsuz dözüm göstərmək lüksümüz yoxdur.

*****

ABŞ-ın sülh variantı masada...” - Bakı və İrəvan üçün kritik 2 ay » ATV  XƏBƏR

Maraqlıdır ki, Azərbaycana əsassız təzyiq göstərmək məsələsində Rusiya ilə bəzi Qərb dövlətləri və çevrələri sanki “çəkici eyni zindana” vururlar. Halbuki Ukraynaya görə onlar tamamilə əks qütbdədirlər. Xristian amili? Sözsüz. Amma başqa faktorlar da yox deyil.

Aranı ən çox qarışdıran, Azərbaycanla Ermənistanın sülh sənədi imzalamasına daha çox maneə yaradan isə əlbəttə ki, şimal qonşumuzdur. Hərçənd Moskva özünü elə aparır ki, guya sülh müqaviləsinin imzalanması üçün əldən gedir. Əlbəttə ki, blefdir. Buna Rusiya XİN-in 15 iyul tarixli, qaba xarakterli anti-Azərbaycan bəyanatı şübhə yeri qoymadı. Hansı sənəddə ki, Rusiya riyakarcasına Bakını onun bir çox bəndlərini yerinə yetirməməkdə suçlayıb. Bununla da həm öz adını bizə qoyub, həm də Ermənistanı və kriminal separatçı ünsürləri təmizə çıxarıb.

O zaman Azərbaycan nə etməlidir? Maksimum 2025-ci ili gözləməlidir ki, İvana, “idi domoy” desin, minimum isə heç kimə məhəl qoymadan, 2025-dək ərazidə “təmizləmə” işlərini zərgər dəqiqliyi ilə davam etdirsin.

Şübhəsiz ki, bu işdə Qərbin, öncəliklə ABŞ-ın anlaşıqlı yanaşması yaxşı və ümumi işin xeyrinə olar. Çünki Qərb səmimi şəkildə Azərbaycan və Ermənistanın barışığında, düşmənçilik səhifəsinin çevrilməsində maraqlıdırsa, o zaman bilməlidir ki, böyük sülhə ən ciddi təhlükə elə Qarabağda rusun himayə elədiyi və təzyiq vasitəsi qismində saxladığı qanunsuz silahlı birləşmələrdir...

*****

Sülhməramlılar gedəndən sonra Qarabağda vəziyyət necə olacaq?

“Rusiya 44 maddəlik 22 fevral 2022-ci il Moskva bəyannaməsini arxivə göndərib və Azərbaycanın ərazi bütövlüyünə hörmət etmir. Rusiya XİN-in liderlərin Brüssel gönrüşündən bir gün sonra yayımladığı bəyanat Azərbaycanın Qarabağ üzərindəki yurisdiksiyasının təminatının əleyhinə yönəlib”.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Rusiyanın hökumət saytı həmin bəyanatı Rusiya ilə Azərbaycan arasında münasibətləri "müttəfiqlik səviyyəsinə qaldıran" sənəd kimi xarakterizə etmişdi. Bəyanatın bəndlərindən biri isə belədir: “Tərəflər öz ərazilərində təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”, - deyə o xatırladıb.

Onun sözlərinə görə, Rusiya bu bənddə deyildiyi kimi, ölkəmizin ərazi bütövlüyünə qarşı yönələn fəaliyyətin qarşısını nəinki əngəlləmir, əksinə, separatçı fəaliyyətin ayaqda qalması və təxribatların davam etməsi üçün var gücü ilə çalışır: “Rusiyanın Qarabağdakı hərbi kontingenti iki ildən sonra bölgəni tərk etməlidir. Azərbaycan bu kontingentin Qarabağda qalma müddətini uzatmayacaq. Ancaq Rusiya Qarabağdan çıxmaq istəmir və Kreml yaxın iki il ərzində Azərbaycana təzyiqi artıracaq”.

Analitik bundan çıxış yolunu Türkiyə ilə hərbi əməkdaşlığımızı inkişaf etdirməkdə görür: “Şuşada Türkiyənin konsulluq xidmətinin tez bir zamanda açılmasına ehtiyac var. Bu, tək konsulluq binası olmayacaq, Türkiyənin Qarabağdakı varlığını gücləndirəcək əsas amillərdən birinə çevriləcək. Yaxın iki ildə Rusiya Azərbaycana təzyiqi və təxribatları artıracaqsa, Türkiyə ilə siyasi və hərbi ittifaqı daha üst səviyyəyə qaldırmaqdan başqa alternativimiz yoxdur”.

*****

Rusiyalı təhlilçilər arasında da situasiyanı düzgün qiymətləndirənlər var.

Analitik Aleksandr Razuvayevin fikrincə, Azərbaycana getdikcə daha çox təzyiq göstərməyə çalışacaqlar. “Lakin indiyə qədər erməni tərəfi və ermənipərəst lobbi nə qədər can atsa da, Azərbaycana qarşı heç bir sanksiya tətbiq edilməyib”, - deyə o vurğulayıb.

Politoloqa görə, sanksiyanın tətbiqi üçün ciddi izahatlar lazımdır: “Axı Bakı Avropanın mühüm neft və qaz tədarükçüsüdür. Üstəlik, bu, Qərbin gördüyümüz kimi münasibətlərini qorumağa çalışdığı Türkiyə ilə ciddi şəkildə mübahisə etməsi deməkdir. Bundan əlavə, Azərbaycan son illər statusunu artırır, lakin bununla belə, ona qarşı təzyiqlər kifayət qədər ciddidir. Bakı sözsüz ki, möhkəm dayanacaq və Qarabağ məsələsini həll edəcək”.

Amma Razuvayev haqlı olaraq deyir ki, bu gün dünyada qalib gəlmək üçün həqiqətin sənin tərəfində olması yox (bu işə yaramır), güclü və nüfuzlu olmağın vacibdir. “Hər tərəfdən təzyiq altında olduğunuz zaman da müstəqil olmağı bacarmalısınız. Azərbaycanın iqtisadiyyatı ilə hər şey qaydasındadır, güclü müasir ordusu var və bu ordunu daha da güclü, müasir edəcək. Son illər Azərbaycan nəinki regionda, hətta dünyada nüfuzlu dövlətə çevrilib. Sadə dillə desək, Bakının Qarabağa tam nəzarətini bərpa edəcəyinə əminəm”, - deyə o əlavə edib.

*****

Öz növbəsində politoloq Zərdüşt Əlizadə hesab edir ki, Azərbaycan-Rusiya münasibətlərində gərginliyə doğru ciddi heç nə baş verməyəcək.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, Teleqraf.com-a açıqlamasında deyib.

“Burada Azərbaycanın istəyi vacibdir. Çünki 44 günlük müharibədə qalib tərəf olan Azərbaycan nə istəyirsə, o da olacaq”, - deyə o qeyd edib.

Onun qənaətincə, separatçıların son günlər bir qədər aktiv görünməsi məğlub, çarəsiz durumları ilə bağlıdır: “Burada separatçıların bir qədər inadkarlığı və həyasızlığı önə çıxır. Çünki məğlubiyyətləri ilə razılaşmaq istəmirlər. Ona görə cığallıq edirlər. Amma bu cür məsələlərə fikir vermək lazım deyil... Fakt odur ki, sülh prosesi Qərb müstəvisində irəliləyir. Çünki Rusiya münaqişənin həll olunmasını istəmir. Amma onun burada problemin sona kimi saxmalaqla bağlı dirəniş göstərməsi mümkün deyil. Rusiyanın bu müstəvidə imkanları çox zəifdir. Azərbaycan və Ermənistan Qərb müstəvisində barışda israrlıdır”.

Bu barışıq, sülh sənədi xeyli tezləşə də bilər əgər, İrəvan Bakıya qarşı Qarabağ bəhanəsindən imtina eləsəydi. Hansı ki, Paşinyan hökuməti bununla istəsə də, istəməsə də elə Rusiyanın əlinə işləyir...

Siyasət şöbəsi,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR