İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı bir daha neytral mövqeyini qorudu-Sabiq nazirdən açıqlamalar gəldi  

949 04.03.2026 19:18 Ölkə A A

Son zamanlar bölgədə və dünyada cərəyan edən gərgin proseslər fonunda Azərbaycanın davranışı emosional deyil, tamamilə praqmatik və təhlükəsizlik yönümlü görünməkdədir. Xüsusilə, İrana Azərbaycandakı səfirin təşəkkürü, daha öncə isə Prezident Məsud Pezeşkianın Bakının sülh səylərini açıq şəkildə vurğulaması təsadüfi deyil. Azərbaycan regionda qarşıdurmanın yox, balansın tərəfidir və bunu da xarici siyasətində daim göstərməkdədir.

Eyni zamanda Bakı ABŞ-la yaxın əlaqələrə üstünlük verir və artıq 1 ildən çoxdur ki, hakimiyyətinin ikinci dönəmini yaşayan Ağ Ev sahibi Donald Tramp da bunu yüksək dəyərləndirir. Azərbaycanın İsraillə münasibətlərə verdiyi xüsusi önəm də göz önündədir.

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov Musavat.com-da mövcud durumu dəyərləndirdi: “Azərbaycan İran, Rusiya kimi dövlətlərlə qonşu olması səbəbindən indi bu ölkədə baş verən hadisələrin fəsadlarından özünü qorumaq zorundadır. Qeyd edək ki, bir-biri ilə əks mövqedə dayanan və aralarında münaqişə olan ölkələrə münasibətdə balanslaşdırılmış siyasət sərgiləmək o qədər də asan məsələ deyil. Lakin nə yaxşı ki, Azərbaycan dövləti və onun rəhbəri bu çətinliklərə baxmayaraq bütün tərəflərlə ölkəsinin maraqlarının tam təmin olunmasına söykənən bir siyasət sərgiləməkdədir. Kənardan bu yükü daşımaq bəzi adamlara asan görünə bilər, ancaq reallıqda belə bir siyasət sərgiləmək olduqca çətindir. Lakin bizim xarici siyasət müstəvisində mümkün olmayan gedişlərlə ən düzgün olan yolları seçə bilirik. Bu bizim diplomatiyamızın ən böyük uğurudur.

Konfliktdə və hərbi münaqişədə olan tərəflərlə eyni zamanda normal münasibətlər saxlamaq adi məntiqlə mümkün deyil. Lakin Azərbaycan Prezidenti İlham Əliyev bunu edir. İranın yetkililərinin bəzən Azərbaycana hədə-qorxu gəlməsi nə qədər acınacaqlı və cansıxıcı olsa da Azərbaycan prezidenti İranla bağlı məsələdə böyük siyasi ustalıq nümayiş etdirir. Və ən düzgün, ağıllı olan da budur.

Bizim dövlətimiz heç kimlə konflikt yaratmaq istəmir, özünün neytral mövqeyini də dəyişmək niyyətində deyil. Bizə digər ölkələrlə, ilk növbədə qonşu ölkələrlə iqtisadi, mədəni və digər müstəvilərdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıqdan başqa heç nə lazım deyil. Bu yolu seçməklə Azərbaycan son illər ərzində beynəlxalq siyasi müstəvidə öz mövqelərini yetərincə möhkəmləndirib və ciddi söz sahibinə çevrilibdir”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR